Turlarda gözəl vədlər: Yağ-bal, pendir, ləzgi çörəyi… - Bəs qiymət?
Adətən, bayram və qeyri-iş günlərində paytaxt sakinləri istirahət üçün müxtəlif turlarla bölgələrə üz tutur.
Teleqraf.com bir neçə turizm şirkəti ilə əlaqə saxlayıb, Yeni il bayramı günlərində turların istiqaməti və qiymətləri ilə maraqlanıb.
Nigun Travel 30-31 dekabr, 1-2-3-4-5-6-7 yanvar tarixlərində birgünlük Qusar-Şahdağ turları nəzərdə tutub. Qiyməti 20 manatdır.
Tura gediş-dönüş nəqliyyat xidməti, səhər yeməyi (yağ-bal, pendir, qaymaq, yumurta, ləzgi çörəyi, samovar çayı) nahar, çay süfrəsi, diskoteka, əyləncəli oyunlar, professional fotosessiya, tur rəhbəri daxildir.
Əlavə xizək və kanata minmək bu qiymətə daxil deyil.
Vector Travel 1-2-3-4-5 yanvar tarixlərində birgünlük Şahdağ turu 21 manatdır. Qiymətə gediş-dönüş nəqliyyat xidməti, səhər yeməyi, dönüşdə çay süfrəsi, foto çəkiliş, xizəklərin öncədən bronlaşdırması daxildir. Qiymətə kanat yollarından istifadə (5 manat), xizək dəsti (20 manat), günorta yeməyi daxil edilmir.
Bright Traveldə Quba-Qusar turu 31 dekabr, 1, 2, 3, 4 yanvar tarixlərinə 11 və 15 manat nəzərdə tutulub. 11 manatlıq paketə avtobus, foto çəkiliş, tur rəhbəri, maraqlı oyunlar daxildir.
15 manatlıq paketə isə avtobus, səhər yeməyi, çay süfrəsi, foto çəkiliş, tur rəhbəri, qayıdışda restoranda diskoteka, maraqlı oyunlar və hədiyyələr daxildir.
Turlar birgünlükdür.
Paşa Traveldən isə bildirilib ki, ayrıca turlar təşkil etmirlər:
“İstirahət və qalmaq üçün rayonlarımızın otellərində boş yer tapmaq çətin məsələdir. Ona görə də bir günlük gediş-dönüş təşkil etmək mümkündür. Fərdi olduğu üçün qiymətlər də fərqlidir. Birgünlük turlara daha çox adam üz tutur. Həmin turlar qiymət baxımından münasib olduğuna görə müraciətlər də kifayət qədərdir. İstiqamətlər isə ən çox Şahdağa və Tufandağadır.
Qiymətlər şəxsin seçəcəyi xidmətlərdən asılıdır. Əgər yemək, bələdçi və sair əlavə olarsa, təbii ki, qiymət baha başa gələcək. Konkret rəqəm demək mümkün deyil”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26