Interposta.Info

Elman Nəsirov: “Dünyamızı çox dəhşətli fəlakətlər gözləyə bilər”

Müxtəlif
 7-09-2017, 11:37     10 391


Əhəd Məmmədli: “Türkiyəyə qarşı nə siyasi, nə də iqtisadi şantajlar keçməyəcək”

Türkiyə ilə Almaniya arasında aylardır davam edən gərginlik son günlərdə daha da artıb. Xüsusilə Almaniyada sentyabrın 24-də keçiriləcək kansler seçkiləri yaxınlaşdıqca hər iki ölkə arasındakı narazılıq kritik həddə çatıb. İş o yerə çatıb ki, kansler postuna namizəd olan Angela Merkel və Martin Şults seçki təbliğatlarında bu kartdan istifadə edirlər.


Hər iki iddiaçı açıq şəkildə seçiləcəkləri təqdirdə Türkiyəyə qarşı atacaqları addımları dilə gətirərək, bu yolla alman xalqının rəğbətini qazanmağa cəhd edirlər. Bu da qardaş ölkədə kəskin etirazla qarşılanıb. Son seçki debatında prezident seçiləcəyi təqdirdə Merkel Türkiyənin Avropa İttifaqında üzvlük müzakirələrini sona çatdırmağa çalışacağını, Şults isə qalib gələrsə, bu müzakirələrə son verəcəyini bəyan edib. Hazırkı kansler Bundestaqdakı çıxışı zamanı isə, Avropa Birliyinin növbəti sammitində rəsmi Ankaranın quruma daxil olması üçün aparılan müzakirələrin dayandırılması məsələsini də qaldıracağını bildirib. Bundan əlavə, alman hökuməti vətəndaşlarına Türkiyəyə getməməklə bağlı çağırış da edib.

Göründüyü kimi, Almaniya gərginliyin artmasında maraqlı görünür. Siyasi şərhçilər hər iki dövlət arasındakı qarşıdurmada Merkeli bir nömrəli səbəbkar kimi göstərməkdədirlər. Proseslərin bu şəkildə davamının isə dünya üçün təhlükəli həddə çata biləcəyi qeyd olunur.

Politoloq, deputat Elman Nəsirov həyəcan təbili çalaraq, vəziyyətin getdikcə təhlükəli həddə çatdığını söylədi: “Kansler seçkilərinin Merkel üçün əvvəlkilərdən daha gərgin olacağı indidən proqnozlaşdırılır. Almaniyanın özündə islamofob qüvvələrin xeyli gücləndiyi bir reallıqda Merkelin qalibgəlmə şansları getdikcə azalmaqdadır. Alman ekspertləri ən azından bu cür fikirlər səsləndirirlər. Hətta deyirlər ki, Almaniyada beşpartiyalı deyil, yeddi partiyalı hökumət qurula bilər. Bu da ölkənin siyasi sistemində xeyli dəyişikliklərin olduğunu göstərir. Bu, ənənəvi partiyaların mövqelərinin zəifləməsi və digər partiyaların güclənməsi kimi dəyərləndirilə bilər. Bunları dedikdə daha çox islamofob qüvvələrin gücləndiyini demək istəyirəm. Almaniyadakı proseslər eynilə Hollandiyada da yaşandı. Siyasi qüvvələr hakimiyyətlərini qoruyub saxlamaq üçün bir çox hallarda neofaşist qüvvələr kimi davranırlar. Onlar cəmiyyətdə nüfuzlarının artdığını dərk edərək, bir çox hallarda bəyanatlarını elə bir şəkildə verirlər ki, sanki neofaşistlər hakimiyyətə gəlib. Bu yerdə ölkə başçısı İlham Əliyevin faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində ”Rossiya 24" kanalına verdiyi müsahibə yadıma düşür. Cənab prezident müsahibəsində vurğulamışdı ki, on il bundan əvvəl desəydilər ki, neofaşist qüvvələr yenidən bu qədər fəallaşacaqlar, heç kim buna inanmazdı, deyəcəkdilər ki, bu, bir xülyadır. Amma bu gün Avropa ölkələrində bu qüvvələr o qədər fəallaşıblar ki, çox qorxulu bir tendensiya yaranıb. Onlar bu gün hakimiyyətə gəlməyiblər, amma gəlməyə iddialıdırlar. 5-10 il sonra bu qüvvələr hakimiyyətə gəlsələr, dünyamızı nə gözləyir? Təbii ki, fəlakətli günlər yaşaya bilərik. Bir dəfə 1933-cü ildə bu qüvvələr Almaniyada hakimiyyətə gəldilər, 70 milyon insanın ölümünə səbəb olan İkinci Dünya müharibəsi baş verdi. Ona görə cənab prezident həyəcan təbilini çalıb. Təəssüflər olsun ki, hazırda bir çox siyasətçilərin məsuliyyətsiz bəyanatlarının şahidi oluruq. Almaniya kansleri Merkelin, eləcə də bu ölkənin kansleriyinə və baş nazirliyinə iddialı olan Şultsun verdiyi bəyanatlar, xüsusilə Türkiyə ilə bağlı dedikləri bu gün çox qorxulu bir tendensiyadan xəbər verir. Hər iki siyasətçinin verdiyi bəyanatlar islamofob qüvvələrin dedikləri ilə üst-üstə düşür. Bunlar çox qorxulu proseslərdir və cəmiyyətə də təsirsiz qalmır. Əgər iki siyasətçinin dedikləri islamofob qüvvələrin dedikləri ilə üst-üstə düşürsə, bu alman cəmiyyətində yaşayan 3 milyon-bəzi məlumatlara görə, 10 milyona yaxındır - türkə qarşı antitürk düşüncəsinin formalaşmasına səbəb olur. Bu da çox qorxulu proseslərə doğru gedişdir. Türkiyədəki son referendum öncəsi Almaniya, Belçika və Hollandiya kimi ölkələrdə antitürk siyasətinin aparılması gözlərimizin qarşısında baş verdi. Bu gün Avropada hakimiyyətdə olan, yaxud hakimiyyətə iddialı qüvvələr bəyanatlarında məsuliyyət hissindən uzaq olurlar. Bu məsələlərdə Avropa liderləri çox məsuliyyətli olmalıdırlar. Əks halda, dünyamızı çox dəhşətli fəlakətlər gözləyə bilər. Sonda bir daha xatırladıram ki, 1933-cü il hadisələri qətiyyən unudulmamalıdır. O zaman Hitler hakimiyyətə zəbt yolu ilə deyil, şovinist şüarları hesabına gəlmişdi. Bu da dünya üçün böyük fəlakətlə nəticələndi".
Elman Nəsirov: “Dünyamızı çox dəhşətli fəlakətlər gözləyə bilər”


“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Türkiyə artıq alman siyasətinə təsir etməkdədir: “Avropanın birinci, dünyanın üçüncü iqtisadiyyatının dövlət başçısı və ana müxalifətinin lideri seçki öncəsi teledebatda daxili məsələlərdən danışmaq əvəzinə, mövzu Türkiyə və Ərdoğan olur. Çünki Türkiyə Osmanlı vaxtlarındakı kimi dövlət olaraq, Ərdoğan isə siyasətçi kimi İslam dünyasının liderinə çevrilməkdədir. Bu da o deməkdir ki, Almaniya və Avropa müsəlmanları bilavasitə Türkiyənin təsiri altında olacaqlar. Artıq bu proses başlayıb. Və bunu da Avropada çox gözəl görür, anlayırlar. Ona görə də ümumi Avropada Ərdoğan fobiyası başlayıb. Bütün Avropa liderləri Türkiyə prezidentindən danışır. Bu adamın başçılıq etdiyi ölkə heç nüvə silahına da malik deyil, indi görün əksi olsa, nə olardı. Merkel və Şultsun Türkiyə əleyhinə açıqlamalarına gəldikdə isə, bu, seçki öncəsi şoudan başqa bir şey deyil. Artıq onlar Türkiyəyə heç bir zərər verə bilməzlər. Avropa Birliyi məsələsinə gəldikdə, Türkiyə özü bu məsələ barədə referenduma hazırlaşır. Avropa Birliyinə üzvlük məsələsinə referendumla Türkiyənin özü son qoymaq istəyir. Şults, Merkel, Makron ya Borislər narahat olmasın. Artıq Türkiyəni Avropa Birliyi ilə şantaj etmək dönəmləri geridə qaldı. Çox güman ki, referendumda da türk xalqı Avropaya ”yox" deyəcək. Türkiyə dünyanın 12-ci iqtisadiyyatına gəlib çıxıb. Trilyon ölkələr siyahısında adı var. Yəni bütün bunları ona görə sadaladım ki, artıq Türkiyəyə nə siyasi, nə də iqtisadi şantajlar keçməyəcək. Alman turistlərlə Türkiyəni şantaj etmək bəsit düşüncə tərzidir. Bunlar hələ də anlamırlar ki, Türkiyəni artıq bu cür bəsit hədə-qorxularla şantaj etmək olmaz. Almaniyada güclü türk lobbisi var və Almaniyanın orta və kiçik biznesi türk əsilli vətəndaşların nəzarətindədir. Almaniyanın türk vətəndaşları isə ana vətənləri Türkiyənin daxili və xarici siyasətini tam dəstəkləyirlər. Bunun bariz nümunəsi kimi biz son referendumda olan nəticələri də göstərə bilərik. “Evet”in ən çox səs çıxdığı xarici ölkə Almaniya idi. Türkiyə apardığı siyasətini davam etdirməli, Almaniyada yaşayan 3 milyon türkdən Almaniyaya təsir mexanizmi kimi istifadə etməlidir. Türkiyənin Almaniyaya təsir imkanları heç də Almaniyanın Türkiyəyə təsir imkanlarından az deyil. Və bunu da artıq almanlar çox gözəl anlayır. Onları qorxudan da elə budur. Ərdoğanafobik isterik siyasət Avropanı Türkiyə qarşısında vaxt getdikcə daha zəif və aciz edəcək. Çox yaxın gələcəkdə bunun şahidi olacağıq"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26