Interposta.Info

“Qlobal müharibə təhlükəsi artır” -Politoloq

Müxtəlif
 30-06-2017, 18:19     574

Tofiq Abbasov: “Dəməşqin mücadilə meydanında yenə də “kimyəvi silah” işlədiləcəyi barədə müxtəlif informasiyalar dolaşır ki, bu da qlobal müharibənin başlamasının ehtimalını xeyli artırır”

“ABŞ və Rusiya bu çağa qədər tamhüquqlu müttəfiq olmayıblar, bundan sonra da olmayacaqlar. Belə olduqda qlobal nüvə təhlükəsi də artır”.

interposta.info
xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda dünyanın siyasi gedişatına dair səsləndirilən fikirləri şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Son zamanlar dünya siyasətində, xüsusən də Suriyada baş verənlər, həmçinin ABŞ-da Rusiyanın seçkilərə müdaxilə iddalarının araşdırılmasının dərinləşməsi fonunda Rusiya ilə ABŞ arasında gərginliyin pik həddə çatması müşahidə olunur. Belə görünür ki, artıq Kremldə hətta Trampa olan ümidlər tamamilə ölüb. Bu durumda dünyanı qlobal nüvə təhlükəsi ilə üz-üzə qalması ehtimalı varmı və ümumiyyətlə, Ağ Evin bəyan elədiyi kimi növbəti dəfə Suriyada “kimyəvi silah” hücumu baş verərsə, bu Suriyada yeni və qlobal müharibənin başlamasına səbəb ola bilərmi?
“Qlobal müharibə təhlükəsi artır” -Politoloq


Tofiq Abbasov: “Əgər müharibə başlayarsa, operativlik və orduların qeyri-standart gedişlərdən istifadə qabiliyyəti bir çox vacib məqamların müqəddəratını həll edəcək”.

İndiki şəraitdə dünya arenasında baş verən proseslərin dünyanın birqütblülükdən çoxqütblülüyə keçidini biruzə verdiyini qeyd edən politoloq Tofiq Abbasova görə, belə bir şəraitdə yeni qlobal müharibənin başlaması gözləniləndir:

“Rusiya ilə ABŞ arasında gərginliyin pik həddə çatması qlobal mücadilədə kimin birinci olması və qarşıdan gələn dövrdə hansı super gücün dünya nizamının formalaşmasına üstün pay verməsi ilə bağlıdır. Suriya meydanı və onunla bərabər Yaxın Şərq gölgəsi nahaq yerə ən qaynar məkana çevrilməyib. Orada bir neçə vacib məsələ üst-üstə həllini tapır. Bir yandan yeni silah növləri sınaqdan çıxarılır, digər tərəfdən hərbi konsepsiyaların toqquşması nəticəsində strateji düşüncə sistemlərinin üstünlükləri müəyyən edilir, nəhayət, taleyüklü tranzit marşrutların nəzarət açarları uğrunda amansız mübarizə gedir. Əslində insanlar dünyanın birqütblülükdən çoxqütblülüyə dair keçidini müşahidə edirlər. Amerika fövqəl tərəf kimi təbii ki, bunu istəmir. Lakin bu problem kimlərinsə istəyi ilə deyil, məmləkətlərin layiqli özünüifadə etmək istəyi ilə müəyyənləşir.

O ki qaldı Kremlin Trampa bağlı ümidlərinə, iki dövlət bu çağa qədər tamhüquqlu müttəfiq olmayıblar, bundan sonra da olmayacaqlar. Bu səbəbdən də qarşıdurmanın dərəcəsi durmadan artacaq. Belə olduqda qlobal nüvə təhlükəsi də artır. Və istisna etmək olmaz ki, qızğın başlar lokal şəkildə bu silahlardan istifadə etmək qərarına gəlsinlər. Ağ Evin buna meyli daha çoxdur. Çünki o, qətiyyətli gedişlərə əl atacağı ilə bağlı artıq bəyanatlar verib. Birdə ki, Vaşinqton Suriya kampaniyasında çoxsaylı uğursuzluqlarla üzləşib. Odur ki, hazırda Amerika çox qəribə anonslar yaymaqla təəccüb doğuran mövqe sərgiləyir. Dəməşqin mücadilə meydanında yenə də “kimyəvi silah” işlədəciləyi barədə müxtəlif informasiyalar dolaşır ki, bu da qlobal müharibənin başlamasının ehtimalını xeyli artırır. Belə olduqda beynəlxalq diplomatiya fəaliyyətsizliyə dala bilməz.

ABŞ-a sinə gərməyi bacaran məmləkətlər hərbi cəhətdən kifayət qədər hazırlıqlıdırlar. İlk növbədə, bu Rusiyaya aiddir. Nüvə potensialından başqa Moskva strateji silahlarla özünü etibarlı tərzdə təmin edib. NATO-nun hərbi gücü yüksək olsa da, demək olmaz ki, Moskva öz müttəfiqləri ilə qarşı tərəfin qarşısında acizdir. İstənilən halda irimiqyaslı döyüşlər və müharibələrin müqəddəratını təkcə silahların sayı və növləri deyil, həm də şəxsi personalın qətiyyət və qabiliyyəti müəyyən edir. Buna görə də əgər müharibə başlayarsa, operativlik və orduların qeyri-standart gedişlərdən istifadə qabiliyyəti bir çox vacib məqamların müqəddəratını həll edəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26