Interposta.Info

Kimyəvi silah iftiradır:

Dünya
 14-04-2017, 10:34     491

Suriyada son baş verənlər yeni müharibə təhlükəsini bir daha meydana çıxarır.

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdə proseslər daha genişmiqyaslı savaş üçün körüklənməkdədir:

“Obama hakimiyyətinin son aylarında ABŞ-ın yürütdüyü Yaxın Şərq siyasətinin böyük səhvi kimi izah olunan o hadisələr Trampın dövründə Suriyanın bərpası üçün tədbirlərin həyata keçiriləcəyinə, eyni zamanda, dünyadakı müxtəlif qlobal konfrantasiyaların aradan qalxması üçün Çin, Rusiya, İran və ABŞ-ın öz səylərini birləşdirəcəyinə ümidlər yaratmışdı. Lakin Amerikada proseslər çox fərqli formada inkişaf etdi, Rusiya amili Tramp administrasiyanın şantaj predmetinə çevrildi. Tramp bütün siyasi rəqiblərinin şantajları qarşısında sanki Suriya hadisələrində Obamanın siyasətinə keçid etməyi yeganə çıxış yolu kimi gördü. Düşünürəm ki, bu, Trampın ayrı-ayrı dairələrdə siyasi sifətinin itirilməsi kimi qəbul olundu. Yəni o, heç iki ay da maliyyə və hərbi korporasiyaların təzyiqi qarşısında tab gətirə bilmədi. Ona görə də Suriyada Əsəd hakimiyyətinin əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi haqqında deyilənlər cəfəngiyyat, böyük qlobal müharibənin iftirasıdır.

Əvvəla, Əsəd 2013-cü ildə beynəlxalq inspeksiyaların geniş nəzarəti altında qırğın silahlarını təhvil verdi və müharibənin bütün şiddətindən keçdi. İndi Suriya müxtəlif koalisiyalar adı altında digər dövlətlər vasitəsiylə bombardman edilir. Rusiya 6 ildə prosesi nizamlamağı bacardı, Hələbi azad etdi. Proses geridönməz xarakter daşımağa başlayınca Türkiyə, İran bir koalisiya yaratdı və bu, nəinki hərbi cəbhədə, eləcə də siyasi müstəvidə inkişaf yolu tapdı. Çoxları düşündü ki, bu, ABŞ-ın mövqelərinə zərbədir və strateji mənada onların digər ərazilərdə vurulmağı ilə nəticələnə bilər. Düşünürəm ki, bu, açıq-aşkar Yaxın Şərqin bütövlükdə terrorun hakimiyyəti altına verilməsi siyasətidir. Yəni bu gün “Əsəd hakimiyyətdən getməlidir” çağırışları inkişaf etdirilirsə, bu, İŞİD-in hakimiyyətə gəlməsi demək olacaq. Bunu bir az da dərinləşdirsək, deyə bilərik ki, xilafət planları Qərb siyasi paytaxtlarınındır və maliyyələşmələri də müxtəlif ərəb monarxiyalarının üzərinə qoyulub. Bütün silah partiyası, hərbi qüvvə və təlimatlar da oradan gəlir”.

Millət vəkili bu fonda ABŞ Dövlət katibi Reks Tillersonun Moskva səfərinə də toxunub:

“Tillerson qeyd etdi ki, Əsəd və ailəsi yeni Suriya quruculuğundan kənarda olmalıdır və artıq qərar verilib. Bu o deməkdir ki, Rusiya və İranla ABŞ arasında konfrantasiya dərinləşəcək. Əgər sən terror vasitəsiylə arxitektura qurub onu maliyyələşdirərək əldə saxlayırsansa, bu, mütləq Avropa vəAmerika qitəsinin mənafelərinə də zərbə vuracaq. Bu gün təhlükəyə məruz qalan təkcə suriyalılar deyil, eləcə də Avropa, Asiya insanıdır. Suriya bu gün hesablama nöqtəsidir. Beynəlxalq birlik öz imkanlarını səfərbər edərək bu vəhşəti dayandırmazsa, Suriya ixtilafı qlobal güclər arasında müharibəyə yol açacaq və nəhayət onlar 4 və 5-ci ölkə ərazilərində deyil, birbaşa üz-üzə gələcəklər. Əgər Rusiya bu gün ən mühüm strateji silahlarını, yəni ballistik və qitələrarası raketlərini hazırlıq vəziyyətinə gətirirsə və Şoyqu bunu açıq mətnlə bəyan edirsə, demək, dünyanın taleyi ayrı-ayrı düymələrin basılmasından asılı qalıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26