Interposta.Info

ABŞ-ın yaratdığı internet özünə qarşı çevrilib

Müxtəlif
 30-06-2017, 11:33     1 077

Putinin kiber “sərkərdə”ləri ABŞ rəsmilərini hədəfə alıb...

İnternetdən ilk dəfə ABŞ-da istifadə edilsə də hazırda ABŞ kiber hücumların əhatəsində qalıb. Xüsusilə də son dönəmlər Rusiyanın kiber-əməliyyatçıları Amerikada dövlət əhəmiyyətli işlərə müdaxilə edib, bir çox ABŞ rəsmilərinin elektron poçtlarını belə izləyirlər. Sirr deyil ki, Donald Trampın prezident seçilməsində Putinin kiber “sərkərdələri”nin rolunun olduğu da bildirilir.

Pentaqonun keçmiş nümayəndələrindən biri Maykl Vaykers bildirib ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi 11 sentyabr olaylarına bərabərdir.

Federal hökumət rəsmiləri də məsələyə münasibət bildirərək söyləyiblər ki, Rusiyanın kiber-əməliyyatçıları keçən il ABŞ-ın 21 ştatında səsvermə sistemini hədəf alıb və müəyyən dərəcədə sistemlərə müdaxilə edə bilib. Konqres və Senatda məsələ ilə bağlı dinləmələr keçirilib.

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, yalnız iki ştat səsvermə infrastrukturunun haker hücumuna məruz qaldığını etiraf edib. Qanunvericilərə Rusiyanın daha geniş miqyasda kiber hücumları haqda məlumat verilib.

Daxili Təhlükəsizlik nazirliyinin keçmiş katibi Canet Manfra: “Bizdə 21 ştat, ya da 21 ştatın seçki sisteminin hədəf alındığına dair dəlil var”, deyə qeyd edib.

Senator Riçard Burr isə söyləyib ki, heç bir halda, ya da formada səslərin dəyişdirilməsi baş verməyib.
Bununla belə rəsmilər haker hücumuna məruz qalan ştatların adını və ya müdaxilə olunan seçici qeydiyyatı siyahılarının sayını açıqlamaqdan imtina edib.

Seçkilər bitdikdən sonra da Rusiyanın ABŞ-ı “kiber atəşi” altında saxlamasına dair məlumatlar yayılır.

Deputat Zahid Oruc “Yeni Müsavat”a iki supergüc ölkənin bu cür münasibətlərinin dünyanın təhlükəsizliyi baxımından heç də yaxşı əlamət olmadığını bildirib:

“Amerika-Rusiya münasibətlərinin pisləşməsi təkcə kiber hücumlar, elektron casusluq məsələləri və sairə bu kimi hadisələrlə bağlı deyil. Yəni bu cür yanaşmaq çərçivəni bir qədər dar götürmək kimi qəbul oluna bilərdi. Rusiya ilə Amerikanın maraqları demək olar ki, dünyanın əksər ölkələrində toqquşur. Açıq demək mümkündürsə, terrora qarşı münasibətlərdən tutmuş, dünyanın yenidən bölüşdürülməsinə qədər bütün məsələlərdə yeni Rusiya köhnə Amerika ilə savaşır. Reallıq isə bundan ibarətdir ki, Obama dövrünün sonuna doğru əlaqələr demək olar ki, özünün mənfi mənada ən aşağı nöqtəsinə çatdı. Nəinki sanksiyalar rejiminə əl atıldı, o cümlədən bir sıra mühüm beynəlxalq tədbirlərə, toplantılara, formatlara Rusiyanın adı qatılmadı. Həmçinin səfirlər səviyyəsində mühüm dövlət tədbirlərinə belə qonaqlar çağırılmadı. Belə olan təqdirdə hər kəs gözləyirdi ki, gerçəkdən də Klintonun hakimiyyətə gələcəyi təqdirdə onun anti-Rusiya platforması işə düşəcək və sərt ritorika real hərbi toqquşmalara səbəb olacaq. Fakt ondan ibarətdir ki, bu gün vaxtilə İraqda, Rusiya Amerika əleyhinə dirəniş göstərə bilməzdi. Çünki xeyli zəif idi. Ancaq Suriya problemləri zamanında rəsmi Moskvanın Bəşər Əsədə real hərbi əl uzatması, prosesi öz nəzarətinə götürməsi Amerikanın maraqlarını sarsıtdı və onların planlarını xeyli dərəcədə zərbə altında qoydu. Ona görə də bügünkü reallıqda Rusiya ilə rəqabət bütün cinahlarda özünü göstərməkdədir. Bu isə dünyanın təhlükəsizliyinə çox ciddi mənfi təsir göstərir”.

Z.Oruc bildirib ki, əslində Tramp hazırkı dönəmdə seçkilərdə elan etdiyi prinsiplərin ən minimum səviyyəsində həyata keçirilməsinə belə nail ola bilmir:

ABŞ-ın yaratdığı internet özünə qarşı çevrilib


“Yalnız ona görə ki, oval kabinet ətrafında özünün siyasi düşmənləri ilə müharibədədir. Onun həmin savaşdan çıxıb, başqa qitələrdə Amerikanın maraqlarını irəliyə daşıması qeyri-realdır. Bunu açıq demək lazımdır. Gördük ki, Qətəri əvvəlcə qamçıladılar, daha sonra isə hər kəs geri çəkildi. Bəs nə baş verdi? Doğrudanmı Qətər əmiri Amerikanın hansısa şərtlərini qəbul etdi? Yəni siyasət bu cür bəsit qoyula bilməz. Deməli, burada hər hansı davamlı, strateji planlardan hələ ki danışmaq mümkün deyil. Eləcə də Yaxın Şərqlə bağlı məsələlərdən danışa bilərik. Hava limanını bombardman edirlər və bəlkə də hər kəs düşünür ki, bu, respublikaçılar və demokratların müqavimət gücünü sındırmaq üçündür ki, Tramp heç də putinpərəst və ya rusiyapərəst deyil və onun Suriya ilə bağlı fərqli siyasəti var. Ancaq sonradan görünür ki, bu bombardmanlar davam etmir və proses dayanır. ”G20" toplantısında iki prezidentin, nəhayət, görüşəcəyi söylənilir. Ancaq belə bir illüziyaya qapılmaq olmaz. Zənn edirəm ki, çox mümkündür ki, həmin danışıqlardan sonra Trampın anti-Rusiya mövqeyi formalaşsın və bu, hətta Putinlə razılaşdırılmış formada gerçəkləşsin. Nəticədə impiçment qovğasından qorunmaq naminə Tramp Rusiya rəhbəri ilə hansısa bir sözləşməyə getsin. Əks halda, gerçəkdən də onu çarpışmalar gözləyir. Yekun olaraq onu da deyim ki, Amerika-Rusiya münasibətləri proqnozlaşdırıla bilinməyən bir səviyyədədir. Çox cəhətli, çox parametrlidir. Lakin bununla bərabər onun nüvə müharibəsi səviyyəsində həyata keçiriləcəyi də gerçək deyil. Putin müsahibəsində açıq şəkildə söyləyib ki, bu, həqiqətən də dünyanın sonu olar. Zənnimcə, çox yaxın gerçəklikdə belə bir razılaşmaların şahidi ola bilərik ki, haradasa maraqlar tanınacaq. Əgər Amerika Ukrayna və Qafqazları Rusiyaya qurban versə, çox mümkündür ki, Yaxın Şərqdə Suriya rejimini devirsinlər və yeni bir komanda qurulsun. Hansı rejimin qurulacağı isə bilinmir".

Z.Oruc dünya müharibəsinin başlanmasının qətiyyən mümkün olmayacağını bildirib: “Çünki hər halda, Rusiya ilə döyüşmək o qədər də asan olmayacaq. Amerikanın indiyə qədər qalib gəldiyi müharibəni xatırlamıram. Ancaq ruslar ən ali məişət qayğılarının altında belə onlarla müharibəni qazanıblar. Ona görə də 9 may Qələbə gününü çox uğurla sovet dönəmindən transformasiya edib öz marağı üçün istifadə edir. Bundan da çox uğurlu şəkildə istifadə edərək Rusiyanın gücünü dünyaya göstərir. Rusiyanı taktikalarla dağıtmaq gülünc söhbətlərdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26