Interposta.Info

İslamın əttar qızı -

Müxtəlif
 21-06-2017, 10:17     700

Orta Asiya diktatoru kimi tanınan İslam Kərimovun özündən məşhur qızı...

DOSYE: Gülnarə Kərimova. Mərhum Özbəkistan prezidenti İslam Kərimovun sevimli, ərköyün qızı. Dünya şou-biznes bazarında “Ququşa” adı ilə tanınır. Kriminal ünsürlər arasında isə “Opa” ləqəbi ilə məşhurdur.

DOĞUM TARİXİ: 8 iyul 1972-ci il tarixində doğulmuş Gülnarəyə bu adı Daşkənddəki qastrol səfəri zamanı Müslüm Maqomayev şəxsən özü verib guya. Repertuarındakı “Gülnarə” mahnısını bu körpənin incə qulağına pıçıldayıb o vaxt.
BOYU: 182 sm.

ŞƏXSİ BREND MARKASI: “GULİ”. İbn Sinanın qədim reseptlərinə söykənərək qadınlar üçün «Mysteriouse», kişilər üçün «Victorious» ətirlərini hazırlayaraq satışa çıxarıb. Dünya çapında məşhur əttar, parfümer Bertran Dyaşapuru bu avantürasına qatıb.

SƏSİ: Messa-saprano. Hulio İqlesias, Montserrat Kabalye kimi tanınmış opera ustaları ilə birgə duet ifaları indiyədək çoxlarını təəccübləndirir. Türkiyə jurnalistləri bu qızı məşhur “Çalı quşu” serialının baş qəhrəmanına bənzədib bir zaman. Monako şahzadəsi 2-ci Albert, ABŞ prezidenti Bill Klinton 2012-ci ildə bu qızın ovsununa, cadusuna düşüblər. İcazə veriblər “Nights in Monaco” musiqi festivalında “GULİ” brendi baş sponsor kimi tanınsın.

BACILAR ARASINDA YARIŞMA: Bacısı Lola, yəni Lalə ilə sözü heç vaxt düz gəlmirmiş bu “çalı quşu”nun. Bacılar israfçılıqda bir-birilərinə daim acıq veriblər. Misal üçün, Monika Beluççi ilə birgə şam yeməyinə görə bu Lola bir dəfə 190 min avro ödəyib hətta.

QARŞILIQLI İTTİHAMLAR: Gülnarə doğma bacısı Lolanın kokain istifadəçisi olduğunu iddia edib. Deyib bəs, Lola anası Tatyana Kərimova ilə birgə gecə-gündüz Qazaxıstan cadugərlərinin əhatəsindədir. Məşhur şaman-müğənni Atxambek Yuldaşev ilə məsləhətləşmədən bircə addımlarını belə kənara atmırlar.

***

PƏRDƏARXASI GİZLİ QƏHRƏMANLAR: Özbək əsilli Rusiya oliqarxı Alişer Usmanov ilə baş nazir Dmitri Medvedyev arasındakı məxfi, şübhəli əlaqələr mövzusu bu ilin mart ayından bəri Rusiya mətbuatını silkələyir. Ölkənin baş müxalifətçisi Aleksey Navalnı, sənəd-dəlillər əsasında bu hörümçək torunu ifşa edərkən çox-çox uzaq hədəfləri nəzərə alıb. İşin zahiri görünüşünə xahiş edirəm aldanmayın. Cinayət dosyesində adıçəkilən astronomik rüşvət məbləğləri, cah-cəlallı malikanələr, bəli, bu korrupsiya xortumunun, sadəcə, bir epizodu, xırda halqasıdı. Ancaq tam mənzərəsi deyil. Dosyedə hələ ki bir nəfər vacib şahidin-Gülnarə Kərimovanın adı çatmır, deyəsən. Bu ad çəkilsə, onda başqa məsələ... İpucları tamam başqa ünvana- Mərkəzi Asiyanın təbii sərvətləri mövzusuna gedib çıxacaq. Gülnarə Kərimova, Alişer Usmanov, Dmitri Medvedyevın bu hadisələrdəki iştirakını Özbəkistandakı sabiq Britaniya səfiri Kreyq Mürrey “Səmərqənddə qətl” memuarlarında görün bir necə təsvir edir: “Qazprom” ilə Alişer Usmanov arasındakı şübhəli təmaslar, xosunlaşmalar 2004-cü ildə start götürür. Dmitri Medvedyev simasında o vaxtkı “Qazprom” rəhbərliyi Alişer Usmanova əvvəlcə “Qazprominvestholdinq” şirkətinin sükanını etibar edir Özbəkistanda. O da qaz satışı ilə əlaqəli çox vacib bir sazişi Qərb şirkətlərinin “burnu ucundan” oğurlayıb onu İslam Kərimova imzaladır. Sazişlə bağlı 80 milyon dollar rüşvət ötürülür Gülnarə Kərimovaya. “Qazprom”un Özbəkistandakı maraqları təkcə bu faktla bitsəydi nə vardı ki... Ortada qazla bağlı bir başqa 44 milyon dollar rüşvət faktı da var. Məhz o zaman Putinin göstərişi əsasında İslam Kərimov “Karşi” hərbi-hava bazasından ABŞ qüvvələrini çıxarır. Rəsmi Moskva ilə həm rəsmi, həm qeyri-rəsmi münasibətlərini gücləndirir".

***

Öz tükənməz neft-qaz ehtiyatlarını Qərbə deyil, Rusiyaya etibar etməsi İslam Kərimova, Gülnarə Kərimovaya sonra çox baha başa gələcək. 2005-ci ildə Özbəkistan müxalifəti Vaşinqtonun təhriki ilə Fərqanə vadisində, Əndicanda kütləvi iğtişaşlar təşkil edərək dünya mediasının iti gözünü bu bölgəyə cəlb etdi. Özbəkistanın adı düşdü “qara siyahı”ya. İslam Kərimov əzazil, qaniçən diktator adına layiq görüldü.
Gülnarə Kərimovaya qarşı isə...
İslamın əttar qızı -



Gülnarəyə qarşı isə tam fərqli, daha incə, hiyləgər tuzak qurulacaqdı məxfi qurumlar tərəfindən.

***

BƏXT ULDUZU: 1991-ci ildə özbək mənşəli ABŞ və Əfqanistan vətəndaşı Mənsur Məqsudi Daşkəndə gələrək burda bir qapalı ad günü məclisinə dəvət alır. Orda ilk dəfə Gülnar Kərimova ilə baxışları eyni nöqtədə toqquşur elə bil. Sevgililər qərara gəlirlər ürəklərini, talelərini də birləşdirsinlər. Nikahdan sonra məşhur “Coca-Cola” şirkəti Özbəkistandakı öz nümayəndəliyini tapşırır məhz bu ailə cütlüyünə. Ailənin ilki, babasına xətir İslam Kərimov adına layiq görülüb yağ-bal içində saxlanılsa da, tale bir başqa öz hökmünü verir bu ailə barəsində. 2001-ci ildə ABŞ məhkəməsi itin oyununu açır Gülnarənin başına. Yazıq qızcığazı nəinki ərindən, həm də uşaqlarından ayırır. Özbəkistan da oxşar cavab qaytarır bu qərara. Mənsur Məqsudini talançılıqda, qaçaqmalçılıqda ittiham edərək barəsində qalın cinayət işi açır. “Coca-Cola”nın Özbəkistan nümayəndəliyi bir göz qırpımında tapşırılır Gülnarə Kərimovaya.

***

Ancaq Gülnarə Kərimova kimdi ey o yekəlikdə şirkətə qarşı çıxsın? Tezliklə lazımi qurumlar bunu bir daha hamının, ilk növbədə Gülnara Kərimovanın qulaqlarına çatdırır. 2012-ci ilin iyulunda Gülnarənin yaxın ətrafına daxil Alişer Erqaşev, Şaxrux Sobirov adlı “Coca-Cola Icihmligi Uzbekiston, LTD» şirkətinin məsul işçiləri qəfil Jenevrədə həbs edilirlər. Gülnarə Kərimovanın yaxın rəfiqəsi Qayane Avakyanın adına ”Lombard Odier" şirkətində açılmış məxfi hesabdan pul çıxarmaq istəyən bu şəxslər hardan biləydilər ki, çoxdan nəzarət altındadırlar. Barələrində İsveçrə prokurorluğu “Çirkli pulların yuyulması” maddəsi ilə cinayət işi açıb. Özü də ən vacibi-bu cinayət işində əsas təqsirkar şəxs məhz Gülnarə Kərimovadır. Həbs edilmiş məbləğ isə ağlasığmazdı dərəcədə çoxdu-düz 820 milyon dollar!

Bu cinayət damcıları axır gəlib çevrilir əsl dəli sel axarına. Cumur İslam Kərimov, Gülnarə Kərimovanın üzərinə. Sonrakı hadisələrin xronikası əsl detektiv filmini xatırladır. 19 sentyabrda bu beynəlxalq tədqiqata İsveç İctimai televiziyası da qoşulur. “Uppdrag granskning - Mission: Investigate” ( Araşdırmaçı missiyası) verilişində İsveç “TeliaSonera” telekommunikasiya şirkətinin Özbəkistandakı sərgüzəştlərini çıxarırlar gün işığına. Göstərirlər bu və habelə digərlər şirkətlər Özbəkistanda lisenziya almaq üçün “Takilant Ltd” şirkəti sahibi Qayane Avakyana nə az nə çox 1 milyard dollar məbləğində rüşvət ötürüblər. Qayane Avakyan isə kimdi?

Film, bu sualına dəlil-sübutla elə özü cavab verir. Danılmaz faktları sıraya düzüb sübut edir ki, bu Qayane Avakyan göydəndüşmə adam deyil. Yadplanetli də deyil. Özbəkistan prezidenti İslam Kərimovun doğmaca qızı Gülnarənin “sağ əli”dir.


***

Mərhum İslam Kərimovun qəribə taleyi varmış. Valideynləri hələ o lap uşaq ikən iki dəfə...bəli, düz eşitdiniz, düz iki dəfə bu dəcəl balanı evdən qovub yetimlər evinə göndəribmişlər sən demə.

2013-cü ilin sentyabr ayında qızı Gülnarənin başına beynəlxalq “qara buludlar”ın yığıldığını görən İslam Kərimov çətin duruma düşərək yenidən həmin günlərini xatırlayır. Görür yox...bu həna əvvəlkilərin tayı deyil. Deyəsən, onu beynəlxalq axtarışa verib barəsində cinayət işi açacaqlar. Hiss edir ki, bu əvvəlcədən qazılmış quyudu. Hiss edir ki,bu dəfə öz qızını evdən qovsa yaxşıdı. Yoxsa “Coca-Cola” şirkəti, dünya neft-qaz inhisarçıları onun “Qazprom” ilə şübhəli əlaqələrini gec-tez gün işığına çıxaracaqlar.
İslamın əttar qızı -



Mövzunun ilk anonsları, dağınıq qəlpələri tezliklə dünya mətbuatına sıçrayıb gündəmi işğal edir. Bəlli olur ki, Kərimovlar ailəsi çoxdan bəri iki düşmən düşərgəyə bölünüb öz aralarında 10 ildən çoxdur ki, bir söz belə kəsmirlər. Ata öz sevimli qızı Gülnarə ilə bir tərəfdə, ana Tatyana Kərimovna isə öz sevimli qızı Lola ilə bir başqa tərəfdə. Mətbuat vasitələri mövzunu manşetlərə çıxarıb ona vacib əlavələr də artırırlar. Sübut edirlər ki, Özbəkistanı uzun illərdi məhz Tatyana Kərimova idarə edir, nəinki İslam Kərimov. Kərimov ailə üzvlərindən biri bu iddianı mətbuatda səsləndirərkən şir ürəyi yeyib sanki. Qarşısındakı təhlükələrə göz yumub: “Babam İslam Kərimov bir dəfə mənə dedi gəl mənə internetə girməyi öyrət, bala. Neynim? Çalışdım babam pis-yaxşı axır buna öyrəşsin. Bu vaxt nənəm girdi ortaya. Dedi ki, ağlına at təpib nədi? Baban internetə girsə, ölkədəki əsl vəziyyətdən xəbərdar olub kürkümüzə birə salar. Heç... sabahısı günü evə gələndə gördüm bilgisayar öz xəttindən ayrılıb. İşləmir daha”.

***

Hadisələrin bütün əsas iştirakçıları bu andan etibarən çevrilir heç kimə. Ön səhnədə bilirsizmi kimin qara kölgəsi başlayır görünməyə - Rustam İnoyatovun.
İslamın əttar qızı -



Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədri bir gün açır sandığı İslam Kərimovun qarşısında, tökür pambığı. Deyir, bəs Gülnarəyə qarşı xaricdə ciddi cinayət işi açılıb. Şübhəlilər arasında siz də varsız, yoldaş Kərimov.

Kərimovun başı gicəllənib ayaqları əsməyə başladığı vaxt Rustam İnoyatov səsini bir pillə də yuxarı qaldırır. Deyir, bəs qızınız Gülnarə sizi xalası oğlu Əkbərəli Abdullayev ilə əvəzləmək istəyir. Bu da gizli çəkilişlər, ifşaedici səs yazıları...
İslamın əttar qızı -



Dəlil-sübutlar qarşısında özünü itirən İslam Kərimov əvvəl bilmir nə etsin. Nitqini itirir bir anlığa. Əli ilə, gözü ilə işarələr verir ki, təcili olaraq Dubaydakı Əkbərəli Abdullayevi Daşkəndə gətirib qoduqluğa, yəni tək, adamlıq kameraya basın.

20 oktyabr 2013-cü ildə İslam Kərimov, nəhayət, cürət edib güzgüdəki əksinə baxır. Özünü tanımır orda. Təhlükəsizlik Şurası üzvlərinə əmr verir təcili iclasa toplaşsınlar.

İslamın əttar qızı -


İclas zamanı bəzi məmurların sifəti sillə yeyib möhkəmcə qızarsa da, bu zavallı qurbanlar cavabında cınqırlarını belə çıxarmırlar. Lal-dinməzcə oturduqları yerdə quruyub qalırlar. Aksaray iqamətgahından ildırım kimi eşiyə sıçrayan İslam Kərimov üz tutur Durmen qəsəbəsindəki bir başqa dəbdəbəli iqamətgahına. Ordakı Gülnarəni salır təpikləri altına...

***

17 fevral 2014-cü ildə Özbəkistan çekistləri Gülnarə Kərimovanın evində qəfil axtarış keçirib içərdəkilərin hamısını tutub basırlar qazamata. Gülnarə ictimai həyatdan təcrid edilərək naməlum ünvana aparılır. Növbəti əri Rustam Madumarov bir Allah bilir aparılır hara. Köməkçisi Qayane Avakyan və digərləri barədə cinayət işi başladılıb uzun həbs cəzalarına göndərilir.

Həbslər Gülnarənin nəhəng avtomobil kolleksiyasından da yan ötmür. Son səhnə məhz bu acı mənzərə ilə yadda qalır. Gülnarənin Qərb mətbuatında çap edilmiş son şəkillərinə baxıb onu tanımaq çətindi, vallah. Adama elə gəlir şəkildəki Gülnarə deyil. Cilvəsi solmuş köhnə bir aynadı.

P.S. 14 yanvar 2017-ci ildə Şekspir ehtirasları ilə müşayiət olunan bu süjet yenidən dünya mətbuatının diqqətini özünə cəlb edir. Bu tarixdə Ukrayna üzərindən Baltik sahillərinə uçan bir şəxsi təyyarə qəfildən, bilinmir niyə, hansı səbəbə Kiyev aeroportunda yerə endirilir. Təyyarənin yeganə sərnişini əvvəlcə öz Puerto Riko pasportunu gömrükçülərə təqdim edir. Sonra Özbəkistan vətəndaşı pasportunu. Pasportdakı Əkbərəli Abdullayev adını oxuyan mühafizəçilər özlərini bir an itirib çaşbaş qalırlar. “İnterpol” xətti ilə axtarışda olan bu şəxsi müvəqqəti olaraq təcridxanaya salırlar. Bir vaxt İslam Kərimovun yerinə iddialı bu şəxs ağzını açıb gözlərini yumaraq başlayır sağ-solundakı jurnalistlərin suallarına cavab verməyə. Arada Gülnarə Kərimovanın da adını dilinə gətirir. Göydəndüşmə bu qraf De Monte Kristo Özbəkistandan bəlkə elə bu təyyarədə ilə qaçırdılıb. Sonra elə həmin təyyarədə də çıxıb dünya turuna. Qəfil, Ukraynada yerə endirilib.

Həəəə... Deyəsən, “Qazprom” ilə davaya çıxan pərdəarxası qüvvələr Gülnarə Kərimova, Əkbərəli Abdullayev kimiləri yenidən gündəmə çıxarmağa hazırdılar.

Bir gün görəcəksiz Aleksey Navalnının oliqarx Alişer Usmanova qarşı irəli sürdüyü ittihamlarda Dmirti Medvedyev, Gülnarə Kərimova, Əkbərəli Abdullayev kimilərin adı bir sırada çəkiləcək.

Mövzu Mərkəzi Asiyanın nəhəng qaz ehtiyatlarıdır.

Həmin mövzuda isə baş şahid sözsüz ki, Kərimovlar ailəsi, ilk növbədə Gülnarə Kərimovadır.

İndi bildiz nəyə görə Aleksey Navalnı oliqarx Usmanovun yaxasından belə möhkəm yapışıb?

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26