Interposta.Info

Kirli kiril və yaxud Rusiyanın təhsil və elm naziri Olqa Vasiliyevanın sərsəm çıxışına sözardı

Müxtəlif
 18-06-2017, 16:23     494


Son vaxtlar bəzi Rusiya rəsmiləri və politoloqları əndrəbadi bəyanatlar verirlər. Düzü, belə çıxışlara cavab almadıqca daha da həyasızlaşırlar. Belələrindən biri də Rusiyanın təhsil və elm naziri Olqa Vasiliyevadır. Xanım nazir “Rus dünyası və rus dili.

interposta.info xəbər verir ki, tarixi köklər və inkişaf istiqamətləri” adlı mənasız bir forumda çox məntiqsiz və mənasız da çıxış edib. Deyib ki, bütün MDB məkanında vahid əlifbaya-kiril əlifbasına keçməliyik. “Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kiril əlifbasına sadiqlik barədə danışırlar”. Olqa xanım daha uzağa gedərək bildirib ki, Rusiya kiril əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. Onun açıqlamasına görə, son iyirmi ildə bu mövqe bir qədər zəifləyib. Əlqərəz, Olqa Vasiliyeva elə danışıb ki, sanki Azərbaycan, Özbəkistan və Türkmənistan Rusiyanın əyalətləridirlər. Bizi ən çox maraqlandıran budur ki, xanım nazir hansı sorğuları əsas götürərək bizlərin kiril əlifbasına sadiqliyimizdən dəm vurur? Azərbaycanla Rusiyanın sərhəd-keçid məntəqələrində qonşu dövlətə üz tutan vətəndaşlarımızı vaxtaşırı hansısa kağız-kuğuza imza etdirirlər. Belə işlərdən xəbərimiz var və öz başımıza da gəlib. Amma sərhəd-keçid məntəqəsini tələm-tələsik keçənlər bir çox hallarda heç nəyə imza atdıqlarının fərqində belə olmurlar. Amma ötən il bizlərdən biri bu sərhəddi keçəndə ona təqdim olunan sənədin sorğu anketi olduğunu bildi. Həə, bu da Olqa Vasiliyevanın istinad etdiyi sorğular. İkincisi, nazir kiril əlifbası məsələsində öz dövlətindən dəqiq mövqe nümayiş etdirməyi xahiş edir. Lap gülməlidir! Azərbaycan 26 ildir ki, müstəqil dövlətdir. Hansı əlifba ilə yazıb-pozmağı özümüz bilərik. SSRi-nin dadı damağında qalmış Olqa kimilərə bundan nə? Moskva kimdir ki, hansı əlifba ilə yazıb-oxumağı bizə diktə etsin? Olmayan rus dünyasından və kökündən dəm vuran Olqa Vasiliyeva yaxşı olar ki, RF-də dövlət dili sayılan rus dilinə öz ölkəsində ikrahla yanaşıldığından danışsın. İndi federasiyanın ayrı-ayrı subyektlərində sayları az qala 100 nəfər qalan xalq da öz dilində danışmaq, tarixi köklərini dirçəltmək istəyir. Yeni rusiyalılarsa daraşıblar ingilis dilinə.

1990-cı ilin 20 yanvarında vəhşi sovet hərbçiləri Bakıya soxulub xalqımızın mərd övladlarını qanlarına qəltan etdilər. O insanların ki, Azərbaycanı azad görmək istəyirdilər, üçrəngli bayrağımızı bağırlarına basaraq şəhid oldular, imperiya tanklarının üstünə əliyalın şığımaqdan belə çəkinmədilər. Deyəsən, Olqa Vasiliyeva bunu unudub, Bakıdakı şəhidlər xiyabanını gözləri görmür. Hələ bu harasıdır? 1992-ci ilin fevralında Rusiyaya məxsus 366-cı motoatıcı diviziya erməni daşnaklarını qanadı altına alaraq Xocalıda heç faşistlərin belə törətmədiklərini törətdi. Hələ bir sıra mətləblər də var ki, onlardan danışmırıq. Həə, indi nə edək? Olqa Vasiliyevanın sərsəm çıxışına qulaq asıb şəhidlərimizin qanının üstündən keçərək kirli kirilə qayıdaq? Bunu görməyəcəklər!!! Ağılları Sovet İmperiyasına getməsin. 70 ildə etdikləri zülüm bəsdir. Artıq sovet insanının belə unutduğu kirli kirili gənc nəsilə necə aşılamaq olar? Bir də ki, nə qədər Rusiyadakı imperiyasevənlər bizim əlifbamızla oyun oynayacaqlar? Olqa Vasiliyeva deyir ki, bu məsələdə dəqiq mövqe nümayiş olunmalıdır. Yenə də hədə, yenə də təhdid, yenə də imperiya ambissiyaları. Guya Rusiya dəqiq mövqe nümayiş etdirib nə edəcək ki? Bu dövlət federasiya quruluşunu zorla saxlayır. Şimali Qafqazdakı bəzi respublikalar Moskvanı heç saya saymırlar. Rəsmi Kreml nə qədər əlləşirsə də ortabab bir federasiya yaradıb dünyada ortalığa çıxarda bilmir. Nə isə, çox uzağa getdik. Söhbət kirli kiril əlifbasından gedirdi. O kirdən ki, Rusiyanın MDB siyasəti tamamilə ona bulaşıb. Xanım nazir, ölkənizi, bir az da dəqiq desək, elm və təhsilinizi siyasətə qatmayın, dezinfeksiya edin.

interposta.info təqdim etdi: Müqəddəs Mehdiyev “Şimal xəbərləri”nin baş redaktor

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26