Interposta.Info

ATƏT Qarabağ danışıqlarını dalandan çıxarmaq istəyir -

Müxtəlif
 31-05-2017, 10:42     448

Qurumun baş katibi Lamberto Zanyerin İrəvan səfəri baş verə biləcək hərbi toqquşma riskini azaltmağa xidmət edir, ancaq əksi də baş verə bilər; politoloq: “Vasitəçilər təzyiqi artırsa, o zaman Azərbaycan xalqını və ictimaiyyəti bu prosesə cəlb etmək zəruridir”

Dağlıq Qarabağ məsələsinin həllində hər hansı irəliləyişə nail ola bilməyən ATƏT yenidən bölgədə fəallıq nümayiş etdirməyə cəhd göstərir. Bu mənada qurumun baş katibi Lamberto Zanyerin regiona səfərinə də bu prizmadan yanaşmaq mümkündür.

Mayın 30-da Ermənistana səfər edən cənab Zanyerin Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın dəvəti ilə reallaşdığı bildirilir. Bununla bağlı Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, L.Zanyer İrəvanda olduğu müddətdə prezident Serj Sərkisyanla da görüşəcək. Görüşdə ATƏT-lə Ermənistan arasında münasibətlərə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki münaqişənin tənzimlənməsi yollarına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir (virtualaz.org). Ermənistan XİN və Zanyer arasında aparılan danışıqların nəticələrinə uyğun olaraq birgə mətbuat konfransı keçiriləcək.

Sözsüz ki, səfər zamanı ATƏT-in İrəvanda 2000-ci ildən fəaliyyət göstərən ofisinin bir müddət əvvəl bağlanması ətrafında da müzakirələr olacaq. Ancaq bu, bizi o qədər də maraqlandırmır. Torpaqları işğal altında olan ölkənin vətəndaşları olaraq biz ilk növbədə məsələnin həllini öz üzərinə götürmüş qurumun rəhbərliyindən prinsipial mövqe gözləyirik. Ancaq bu mövqenin səslənəcəyi də çox az ehtimal olunur. Çünki ATƏT-in mandatı altında aparılan sülh danışıqları zamanı biz ötən 23 il ərzində işğalçı Ermənistanı yerində oturmağa vadar edən mövqe görə bilməmişik.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mayın ortalarında işğal zonasında cavab atəşi ilə məhv etdiyimiz Ermənistan ordusuna məxsus “OSA” kompleksinə görə Azərbaycanı günahlandırması isə sadəcə nonsens idi. Ancaq ötən il Avropa Şurasında Ermənistanın işğalçı siyasətinə qarşı hazırlanmış qətnamənin qəbuluna aşkar şəkildə mane olan həmsədr ölkələr bu il də Azərbaycan ərazisinə gətirilmiş hərbi texnikanın vurulmasından dolayı üzgünlüyünü nümayiş etdirməklə təcavüzkarın himayəçisinə çevrildi. Bütün bunlardan sonra təbii ki, ATƏT-ə, onun mandatına uyğun şəkildə həyata keçirilən prosesə Azərbaycanda hər hansı etimadın olmasından söhbət gedə bilməz. Amma bu da acı reallıqdır ki, BMT özünün qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində təsirli addım atmadığından hələ ki münaqişənin həlli ilə bağlı proses ATƏT-in monopoliyasındadır və Azərbaycanın da bu prosesdə iştirakı zərurətə çevrilib.

Bu mənada qurumun baş katibinin verəcəyi mesajlar ölkəmizdə də həssaslıqla izləniləcək. Əslində baş katib xatırlatmalıdır ki, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞ PA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. Ancaq çətin ki, o, bunları dilə gətirsin. Ermənistandakı “İsgəndər M”lərin təkcə Azərbaycana deyil, regiona təhlükə vəd etməsi, erməni-rus hərbi birləşməsinin savaş təhdidləri və digər məsələlər də təcili müdaxilə tələb edir.

Müşahidəçilər şübhə etmirlər ki, ATƏT-in baş katibi yay aylarında yeni böyük toqquşmalara imkan verməmək üçün hərəkətə keçiblər. Ötən ilin aprel döyüşlərinin daha fəlakətli miqyasda təkrarlanmamasından ötrü beynəlxalq qurumlar, xüsusilə də ATƏT daha çox canfəşanlıq edir. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfəri Ermənistanda keçirilən 2 aprel parlament seçkiləri ərəfəsində reallaşmışdı. Hansı ki, o zaman aprel döyüşlərinin təkrarlanması ehtimalı çox ciddi idi. Həmsədrlər növbəti dəfə iyunun ortalarında Azərbaycan və Ermənistana gələcəklər. Səfərin anonsu isə ABŞ Milli Kəşfiyyat Agentliyinin bu il Qarabağda dağıdıcı müharibənin baş verə biləcəyi barədə xəbərdarlığından sonra verildi.

Xatırladaq ki, ABŞ kəşfiyyatı öz hesabatında tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlərin Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara biləcəyini açıqlamışdı.

Bu il ərzində ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurzun da Cənubi Qafqaz regionuna səfəri nəzərdə tutulub. Bir müddət əvvəl bu barədə Avstriya sədrliyinin mətbuat ofisindən məlumat verilmişdi. Ancaq səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, ATƏT-ə sədrlik edən ölkələr ənənəvi olaraq hər il Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistana səfər edirlər. 2016-cı ildə ATƏT-ə sədrlik edən Almaniya xarici işlər naziri Frank Volter Ştaynmayer iyunun 30-da, 2015-ci ildə sədrlik edən Serbiyanın xarici işlər naziri İvitsa Daçiç isə iyunun 1-də Azərbaycana səfər edib.

Məhz belə bir ərəfədə Azərbaycan-Ermənistan təmas xəttində beynəlxalq müşahidəçilərin sayının 7-yə çatdırılması ilə bağlı razılığın əldə olunması da maraqlıdır. Bir müddət əvvəl bu barədə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bəyan etmişdi. “Beynəlxalq müşahidəçilərin say tərkibinin 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub. Bununla hər iki tərəf razıdır. Lakin detallara dair fikir ayrılığı qalmaqdadır. Bunlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra digər texniki məsələlərdir. Bunların razılaşdırılması ilə bağlı hazırda ATƏT-ə sədrlik edən Avstriya təşkilatın katibliyinin müvafiq strukturları və tərəflərin nümayəndələri ilə birgə məşğul olur”, - deyə rusiyalı diplomat APA-ya müsahibəsində bildirib.

Onun bu açıqlaması ekspert çevrələrində əsas müzakirə mövzularından birinə çevrilib. “Müşahidəçilərin sayının artırılması şərti irəliləyişdir. Bu, ötən il Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmanın bəndlərindən birinin həyata keçirilməyə başlanmasıdır”.

Modern.az-ın xəbərinə görə, bunu Ermənistanın 1in.am analitik portalına müsahibəsində Rusiyanın beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti Qriqori Trofimçuk İqor Popovun açıqlamasına şərh verərkən bildirib. Politoloqun sözlərinə görə, sözügedən razılıq müsbətə doğru addım hesab oluna bilər. “Yaxşı ki, cəbhə xəttindəki gərginlikdən sonra pozitivliyə doğru nəsə bir tərpəniş oldu”, - deyə bildirib. Trofimçuk əlavə edib ki, müşahidəçilərin sayının 7-yə çatdırılması tamamilə simvolik mənaya malikdir. Onun fikrincə, müşahidələri aparmaq üçün hansı avadanlıq və texnologiyadan istifadə olunacağı, onlara kimin nəzarət edəcəyi də məlum deyil. Onu da söyləyib ki, müşahidəçilərin sayının çox olması insidentlərin qarşısını ala bilməyəcək. “Bunlar hələ dəqiq bilinmir. Üstəgəl, Moskva bu münaqişədən kənar deyil, o, Qarabağ münaqişəsinin nizama salınması prosesində fəal iştirak edir. Lakin təəssüf ki, müşahidəçilərin sayının artırılması insidentlərin qarşısının alınmasına gətirib çıxarmır. Ancaq yenə deyirəm ki, bu razılaşmanın özü də bir addımdır”.

Qeyd edək ki, ötən il təmas xəttində müşahidəçilərin sayının artırılmasında Ermənistan tərəf daha çox israr edirdi. Üstəlik, işğalçı və onun himayədarları təmas xətti boyunca atəşkəsin birinci hansı tərəfdən pozulmasının aşkarlanması üçün (?) müşahidə kameralarının yerləşdirilməsinə cəhd göstərirdilər, ancaq Bakı buna imkan vermədi. Göründüyü kimi, həmsədrlərin bütün fəaliyyəti status-kvonun saxlanmasına yönəlib, nəinki işğala son qoyulmasına. Bu arada Versal sarayında Fransa və Rusiya prezidentlərinin görüşündə də Fransa prezidenti Emmanuel Makron və Vladimir Putinin Suriya münaqişəsini, Ukrayna problemini və Çeçenistanda cinsi azlıqlarla bağlı vəziyyəti müzakirə etdikləri halda, Dağlıq Qarabağ münaqişəsini “unutmaları” məsələyə münasibətin əksi oldu. Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri Qarabağ münaqişəsi ilə guya məşğul olduqları halda, o barədə danışmağa vaxt tapmadılar. Bu mənada bölgəyə gələn ATƏT rəhbərliyinin də hansısa işə yarayacağını demək üçün ciddi əsaslar yoxdur. ATƏT rəsmiləri vaxtaşırı Qarabağın açarının Rusiyada olduğunu deyib. Ancaq indi bu açar dövlətin rəsmiləri hesab edir ki, məsələni Azərbaycan və Ermənistan tərəfi həll etməlidir.

interposta.info xəbər verir ki, Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında ATƏT rəsmisinin səfərindən hansısa irəliləyiş gözləmədiyini vurğuladı: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin bizim xeyrimizə cərəyan etmədiyi barədə fikirlərimi daha əvvəl sosial şəbəkədə bölüşmüşdüm. Bu fikri irəli sürməyimizə əsas verən bəzi gəlişmələr var. Əvvəla, həmsədrlərin təmas xəttində mayın 16-17-də baş vermiş hadisələr və Azərbaycan ordusunun işğal olunmuş ərazidə Ermənistan ordusuna məxsus ”OSA" kompleksini vurması barədə son bəyanatı açıq-aşkar ədalətsizlik və haqsızlıq idi. Rusiya başda olmaqla, həmsədrlər olayın məsuliyyətini Azərbaycanın boynuna qoydular. İlk dəfə idi ki, vasitəçilər atəşkəs pozuntusu barədə bəyanatlarında açıq şəkildə tərəflərdən birini ittiham edirdilər. Bu, tamamilə yolverilməz haldır. Azərbaycan tərəfi bu ədalətsizliyə daha sərt münasibət bildirməli idi. Digər fakt təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması məsələsidir. Bu da Azərbaycanın maraqlarına uyğun olmayan bir təşəbbüsdür".

Ş.Cəfərli təəssüflə qeyd etdi ki, 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqlar prosesi tamamilə atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəlib: “Halbuki əksinə, münaqişənin real həlli istiqamətində substantiv danışıqlar başlanmalı idi. Lakin vasitəçilər münaqişənin səbəblərinin aradan qaldırılmasını bir tərəfə buraxaraq ilkin mərhələdə işğalçının rahatlığını təmin etmək üçün hansısa təminatlar axtarmaqla məşğuldurlar. ”İnsidentlərin qarşısının alınması və araşdırılması mexanizmi" deyilən təşəbbüs buna xidmət edir. Müşahidəçilərin say tərkibinin artırılması da eyni məqsədi güdür. Yəni Azərbaycan Silahlı Qüvvələrinin son hadisədə olduğu kimi, zaman-zaman işğalçıya lokal zərbələr endirmək, onu narahat etmək imkanlarını məhdudlaşdırmaq, hətta bu imkanı tam aradan qaldırmaq istəyirlər".

ATƏT-in fəaliyyətdə olan sədrinin regiona planlaşdırılan səfərinə gəldikdə isə politoloq hesab edir ki, bu səfərdən hansısa nəticələr gözləməyə dəyməz: “Səfər zamanı hazırda gündəmdə olan məsələlər bir daha müzakirə olunacaq, tərəflər sülhə çağırılacaq, prezidentlərin növbəti görüşünün zəruriliyi vurğulanacaq və s. Rusiyanın danışıqlar prosesində dominant rol oynadığı hazırkı şəraitdə Azərbaycan rəhbərliyinin əsas vəzifəsi bizə ”sırınmaq" istənən ədalətsiz sülhü qəbul etməmək olmalıdır. Əgər vasitəçilər təzyiqi artırsalar, o zaman Azərbaycan xalqını və ictimaiyyəti bu prosesə cəlb etmək zəruridir. Vaxtilə Heydər Əliyev bu praktikadan istifadə etmiş və Milli Məclisdə geniş müzakirələr təşkil etmişdi".

Reallıq budur ki, Ermənistanın aqressivliyi səbəbindən prezidentlərin görüşünü keçirmək mümkün deyil. Bu mənada gözləyək, görək ATƏT Qarabağ danışıqlarını dalandan çıxara biləcəkmi? İstənilən halda ATƏT-ın baş katibinin bölgədə ortaya qoyacağı mövqe Qarabağ cəbhəsindəki sonrakı hadisələrə ciddi təsir göstərə bilər. Hətta ədalətli yanaşmanın sərgilənməsi halında münaqişəni öz inhisarında saxlamaqda israrlı olan şimal qonşumuzun gərginliyi tətikləməsi mümkün görünür, necə ki, əvvəllər bənzər situasiyaların şahidi olmuşuq. Odur ki, Silahlı Qüvvələrimiz daha ayıq-sayıq olmalıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26