Interposta.Info

Rusiyanın Qarabağla bağlı əsas hədəfi -

Müxtəlif
 13-05-2017, 10:33     735

Moskvanın Ermənistandakı hərbi bazalarla bağlı yeni planları əlavə suallar yaradıb; Amerikadan müharibə xəbərdarlığı gəldi; politoloq: “Azərbaycanın güclənməsi bəzi dairələri qorxudur...”

Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs rejiminin daha bir ildönümü - 23-cü ildönümü arxada qaldı. Əfsus ki, bu qədər böyük müddətdə də Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilər heç bir ciddi irəliləyişə, dönüşə nail ola bilmədilər. Halbuki atəşkəs haqqında Bişkək protokolunun əsas bəndlərindən biri məhz münaqişə tərəfləri arasında tezliklə daimi sülh anlaşmasına nail olmaq idi.


23 ildə nəinki bu yöndə real irəliləyiş əldə edilmədi, əksinə, sülh danışıqlarına, ATƏT-in Minsk Qrupunun ədalətli vasitəçiliyinə inam heç vaxt olmadığı qədər sarsıldı, yeni müharibə riski böyük ölçüdə artdı. Bunun nəticəsidir ki, hazırda böyük sülh anlaşmasından daha çox böyük müharibədən danışılır. Bu isə olduqca təhlükəlidir. Belə bir təhlükəni də ilk növbədə əsas vasitəçi dövlətlər - Rusiya və ABŞ nəzərə almalıdır.

Ələlxüsus da işğalçı Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyanın İrəvana təsir edib onu nəhayət ki, konstruktiv mövqeyə kökləməsinin zamanı çatıb. Məsələ də ondadır ki, bu gün müharibədən qaçmağın tək yolu Ermənistanın daşı ətəyindən tökərək, işğal altındakı ərazilərin heç olmasa, bir qismini qeyd-şərtsiz azad eləməkdən keçir. Yəni seçim Azərbaycanın yox, işğalçı Ermənistanındır.
***
Bu arada ABŞ Milli Kəşfiyyat Agentliyi Qarabağda yeni müharibə xəbərdarlığı ilə çıxış edib. “Münaqişə tərəflərinin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”. Agentliyinin dünyadakı risklər barədə hesabatında belə deyilir (Virtualaz.org).

Agentliyin direktoru Daniel Koutsun Konqresə təqdim elədiyi hesabatda bu xüsusda belə bir qənaət yer alıb: “Azərbaycanla Ermənistan arasında separatçı Dağlıq Qarabağ regionuna görə gərginlik 2016-cı ilin aprelində alovlanıb. Və hər iki tərəfin kompromislərə getmək niyətinin olmaması, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə tammiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır”.

Bu xəbərdarlıq təsadüfi və təəccüblü deyil. Aydındır ki, sülh təşəbbüsləri gecikdikcə, sülh anlaşması ləngidikcə hərbi əməliyyatların qızışması ehtimalı da artır. Necə deyərlər, diplomatların bacarmadığı işi həmişə hərbçilər görüb, son sözü silahlar deyib. Bu acı gerçəklik Dağlıq Qarabağ problemi üçün də keçərlidir. 23 illik nəticəsiz atəşkəsin acı yekunlarından biri bundan ibarətdir.
***
Əsas vasitəçi dövlət olan Rusiyanı isə belə görünür, ən əvvəl regionda hərbi və siyasi cəhətdən daha da möhkəmlənməsi maraqlandırır, nəinki 30 illik Qarabağ münaqişəsinin həlli. Şimal qonşumuzun Qarabağ ixtilafından dolayı güddüyü əsas hədəfi əslində budur. Moskvanın Gümrüdəki 102 saylı hərbi və Erebunidəki hava bazaları ilə bağlı yeni planları haqda səslənən fikirlər də öncəliklə buna dəlalət edir. Politoloqların bu xüsusda maraqlı şərhləri var.

“Rusiyanın Ermənistandakı bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbsiz deyil”. Bu sözləri Axara.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Rusiya belə bir gərgin geosiyasi vəziyyətdə Ermənistandakı bazalarından imtina etməyəcək.

“Əksinə, Moskva Gümrüdəki 102-ci bazanı təkmilləşdirməklə, briqadanı yeni silahlarla təmin etməklə regionda öz liderliyini qorumağa, xüsusilə də əhatə dairəsini genişləndirməyə çalışır. Rusiya bununla da bir sıra dövlətlərə təzyiqlərdən çəkinmədiyini ortaya qoyur. Burada söhbət ilk növbədə Gürcüstandan gedir. Türkiyəyə gəlincə isə, düzdür, yaxın münasibətlər var, ancaq Türkiyə və Rusiyanın qardaş dövlət olduğunu söyləmək olmaz. Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbsiz deyil. Faktdır ki, Azərbaycanın güclənməsi və regionda aparıcı rol oynaması müəyyən dairələri nəinki narahat edir, hətta qorxudur. Görünür, məhz bu səbəblər Rusiyanı belə bir addım atmağa vadar edib”, - deyə politoloq vurğulayıb.
***
Ancaq bu da faktdır ki, işğalçı Ermənistanın rəhbərliyi Kremlin bölgədəki hərbi və geosiyasi maraqlarından müstəsna olaraq, öz mənafeyi üçün, özəlliklə də Dağlıq Qarabağ məsələsində daha əlverişli mövqelər qazanmaq üçün istifadə eləməyə çalışır. Erməni-rus birgə hərbi birləşməsinin komandanı, general Andranik Makaryanın bu günlərdə belə bir qruplaşmanı hətta Putinin izni olmadan Qarabağa yeridə biləcəyi ilə bağlı açıqlaması buna sübutdur. Yeri gəlmişkən, Rusiyanın hərbi və siyasi rəhbərliyindən bu açıqlamaya hələ də reaksiya gəlməyib. Görəsən niyə?

“Ermənistan hərbi rəhbərliyinin rus-erməni birgə qruplaşması ilə bağlı açıqlamaları spekulyativ xarakter daşıyır. Çünki səsləndirilən fikirlərə gərək Rusiya da şərik olsun”.

Politoloq İlqar Vəlizadə bu qənaətdədir. Şərhçi bu məsələnin Rusiya hərbi siyasi rəhbərliyinin marağında olduğunu düşünmür: “İrəvan birgə qruplaşmadan Bakıya qarşı istifadə etməyə çalışır, Moskva isə tamam başqa məqsədlər güdür. Rusiya Azərbaycanı özünə açıq düşmən etmək niyyətində deyil. Ona görə də İrəvanın maraqları ilə Moskvanınkı üst-üstə düşmür”.

Politoloq Rusiyanın Ermənistandakı bazalarını genişləndirmək istəməsinin başqa məqsəd daşıdığını qeyd edib: “Bu addım Cənub-şərqi Asiyada, Şərqi Aralıq dənizi regionunda Rusiyanın hərbi-siyasi mövcudluğunu gücləndirməyə hesablanıb. Ermənistandakı 102-ci baza koordinasiya rolunu oynayır. Çünki Rusiyanın Suriya, Abxaziyada da bazaları var. Coğrafi aspektdən yanaşsaq, Gümrüdəki baza ortada yerləşir. Rusiya isə Suriyadakı bazası ilə bu regiondakı infrastrukturları arasında sıx əlaqələr yaratmaq istəyir. 102-ci baza da vacib strateji ərazidə yerləşdiyindən bu planda müəyyən rol oynayır. Moskva Suriyada konflikt bitəndən sonra da bu regionda öz hərbi nüfuzunu saxlamaq istəyir. Lavrov bu yaxınlarda belə bir ifadə işlətdi ki, İŞİD-lə bağlı mübarizdə Rusiyanın hüdudlarından kənarda olan bazalardan da istifadə ediləcək. Yəni Gümrüdən savayı, Qırğızıstan və Tacikistandakı rus bazaları da nəzərdə tutulub. Rusiyalı diplomatın bu frazası ermənilərin qəzəbinə səbəb olub. Bu da onu göstərir ki, əslində, 102-ci bazanın təkcə Cənubi Qafqazda deyil, daha geniş ərazilərdə istifadəsi nəzərdə tutulur”.

Ekspert onu da bildirib ki, ermənilərin Gümrüdəki 102-ci bazanı Azərbaycan əleyhinə yönəltməyə çalışması tamamilə reallıqdan uzaqdır: “Rusiyanın daha vacib hədəfləri var. Moskva İrəvanın tələsinə düşməyəcək. Üstəlik, indiki şəraitdə Rusiyaya İŞİD-lə mübarizədə real müttəfiqlər lazımdır. Bu real müttəfiqlər sırasında Azərbaycan da yer ala bilər. Bir sözlə, Ermənistan bütün hallarda yenə də oyundan kənarda qalır”.
***
Lakin işğalçı Ermənistan oyundan kənarda qalsa da, Moskvanın himayəsindən kənarda da deyil. Fakt faktlığında qalır ki, Kreml öz satellitinə Qarabağa görə təzyiqlər etməyə həvəsli deyil. Bu isə istər-istəməz Bakıda Moskvaya qarşı inamsızlığı və etimadsızlığı artırır - həm də əsas vasitəçi dövlət olaraq.

Rusiya rəsmiləri isə Azərbaycanı strateji tərəfdaş ölkə adlandırmaqdan yorulmurlar. Belədirsə, o zaman məntiqlə Moskva “strateji tərəfdaş ölkə”nin ərazisinin 20%-nin on illərdir işğal altında qalmasına laqeyd olmamalıdır - necə ki, Rusiya uzaq Suriyanın ərazi bütövlüyü üçün hətta bu ölkəyə hərbi dəstək verir. Amma şimal qonşumuz sanki işğal faktını görməzlikdən gəlir. Bu harasıdır, üstəlik o, işğala şəriklik edir. Qarabağdakı erməni separatçılarına qahmar çıxmağın ayrı adı ola bilməz./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26