Interposta.Info

İosif Stalini hansı düşməni aradan götürüb? -

Müxtəlif
 6-03-2017, 07:30     543

İosif Stalini hansı düşməni aradan götürüb? -

SSRİ-nin ən uzunmüddətli və qəddar rəhbəri, diktator İosif Stalinin ölümündən 64 il ötür.

1953-cü ilin martında Kuntsevadakı bağının qonaq otağında yerə yıxılaraq can verən diktatorun ölümü ilə bağlı bəzi faktların ortaya çıxması onun siyasi rəqibləri tərəfindən məhv edilməsinə dair versiyaların həqiqətə oxşarlığını göstərir.

Report SSRİ diktatorunun müəmmalı ölümü ilə bağlı bir sıra faktları təqdim edir:

Araşdırmaçıların sözlərinə görə, martın 1-də beyninə qan sızmış diktator saatlarla belə vəziyyətdə qalmışdı. O, hərdən sol əlini qaldırır, kömək istəsə də, ona heç kim kömək etmirdi. Diktatorun keşikçilərindən biri Stalinin saatlarla gözə görünməməsindən şübhələnib içəri girdikdə onu yerə sərələnmiş gördü. Lakin keşikçilərin həkim çağırmağa ixtiyarı yox idi. Buna Nazirlər Soveti sədrinin müavini, diktatorun əlaltısı Lavrenti Beriyanın icazəsi lazım idi. Bir neçə saat axtarılan Beriya isə müəmmalı səbəblər üzündən yoxa çıxmışdı. Nəhayət onu tapdılar.

Diktatorun qonaq otağına gələn Beriya “Görmürsünüz yoldaş Stalin yatıb? Onu narahat etmək olmaz” – deyərək SSRİ rəhbərinə tibbi yardım göstərilməsi təklifini rədd etdi. Halbuki Stalinə tibbi yardım hava-su kimi lazım idi.

On bir saatdan artıq hərəkətsiz qalmış diktatora çox gec tibbi yardım göztərməyi qərara aldılar. Lakin artıq gec idi. Stalin martın 5-də, axşam saat 21:50-də dünyasını dəyişdi.

Qeyd etdiyimiz kimi, bir çox versiyalar SSRİ-nin ən uzunmüddətli rəhbərinin sui-qəsd nəticəsində öldürüldüyünü deməyə əsas verir. Araşdırmaçılar hesab edir ki, diktator xələfi, SSRİ-yə Stalindən sonra rəhbərlik etmiş siyasi rəqibi Nikita Xruşşovun xüsusi planı ilə öldürülüb. Sonralar Xruşşovun bəzi cinayətləri sələfinin üstünə yıxması bunu deməyə əsas verir.

Bəzi araşdırmaçılar isə hesab edir ki, diktatorun ölümünün əsas səbəbkarı onu vaxtında tibbi yardımdan məhrum etmiş, habelə digər müəmmalı məsələlərdə əli olmuş SSRİ Nazirlər Soveti sədrinin müavini Lavrenti Beriya olub. Amerikalı tədqiqatçılardan birinin Stalinin müəmmalı ölümü hazırladığı araşdırmada iştirak edən diktatorun qızı Svetlana Alliluyeva, yaxın qohumları, N.Xruşşovun nəvəsi, habelə digər şəxslər Stalinin Beriya tərəfindən aradan götürüldüyünü vurğulayıblar.

Diktatorun qızı Svetlana Alliluyeva xatirələrində yazırdı: “Atam can verərkən dəhşətli mənzərə yaranmışdı. O, birdən gözlərini açdı, ətrafındakıların hamısını diqqətlə nəzərdən keçirdi. Birdən sol əlini qaldırdı”. S.Alliluyeva atasının sol əli ilə kimisə hədələdiyini yaxud nəyə isə işarə etdiyini vurğulayır.

Diktatorun bu hədəsi ilə Beriyanı nəzərdə tutması da həqiqətə ən yaxın versiyalardan biridir. Yeri gəlmişkən qeyd edək ki, Xruşşov və digərləri Lavrenti Beriyanın can verən Stalini bir neçə dəfə təhqir etməsinə dair xatirələri var.

Stalinin öldürülməsi ilə bağlı digər versiyalar da mövcuddur. Məsələ burasındadır ki, diktatorun rəqibləri onun müəmmalı vəfatından az əvvəl SSRİ rəhbərinin sadiq, etibarlı əlaltılarını da şərləyib həbs etdirdilər. Belə şəxslərdən biri də Kremlin komendantı general-leytenant Nikolay Vlasik idi. Diktatorun müəmmalı ölümündən cəmi 3 ay əvvəl - 1952-ci ilin son günlərində 21 il ərzində SSRİ rəhbərinin şəxsi mühafizəsinin rəhbəri işləmiş general-leytenant Nikolay Vlasik şərlənərək həbs olundu. General həbsinı “Mən olmayandan sonra Stalin də olmayacaq” – mesajı ilə reaksiya verdi. O, diktatorun aradan götürülməsi yolunda əsas maneə idi. Vlasikin bu xəbərdarlığı özünü çox gözlətmədi – cəmi 3 ay sonra doğrudan da Stalin yox idi.

SSRİ rəhbəri ilə vida mərasiminə qatılmış oğlu Vasili Stalin atasıyla vidalaşmağa general forması ilə gəlmişdi. SSRİ-nin ən gənc generalı ağlayır, tez-tez gözlərinin yaşlarını silərək “Yaramazlar, sevinin, atamı öldürdünüz” – deyirdi. Diktatorun bir sıra müəmmalı məsələlərdən agah olan övladı atasının müəmmalı ölümündə onun düşmənlərinin, siyasi rəqiblərinin olduğunu iddia edirdi. O, həmçinin bununla dövlət rəsmiləri Nikita Xruşşova, Lavrenti Beriyaya, Georgi Malenkova geniş meydan açıldığını da başa düşürdü. SSRİ-nin ən gənc aviasiya generalı olmuş Vasili Stalin atasının ölümüylə özünün də aradan götürüləcəyini aydın şəkildə anlayırdı. Elə belə də oldu – Vasilini tezliklə (atasının müəmmalı ölümündən cəmi 53 gün sonra – "Report") həbs edərək həbsxanaya saldılar.

Diktatorun ölümüylə bağlı son dövrlər ortaya çıxan maraqlı versiyalardan biri Stalinin sənədlər, kitablar vasitəsilə zəhərlənməsidir. Çünki əleyhdarları SSRİ rəhbərinin sənədləri barmağını dili ilə tez-tez isladaraq çevirdiyini çox yaxşı bilirdilər. Bəzi araşdırmaçılar Stalinin vərəqlərinə zəhər hopdurulmuş sənədlər vasitəsilə zəhərlənməsi ehtimalını irəli sürürlər.

Bir sıra tədqiqatçılar isə diktatorun tərkibinə zəhər qatılmış mineral su ilə zəhərləndiyini iddia edirlər. Yeri gəlmişkən, bu versiyada da ağlabatan məqamlar çoxdur. Faktlara keçək: - ilk öncə qeyd edək ki, diktator mədəsində problemlər olmasına baxmayaraq tez-tez “Nazran” mineral suyu içirdi. Onun vəfatı günü Kuntsevadakı bağ evinin mətbəxində 3 butılka mineral su vardı. Lakin az sonra həmin qablardan biri müəmmalı şəkildə yoxa çıxdı. Bu, məhz Stalinin istifadə etdiyi su idi. Digər iki şüşə qab isə tarix muzeyinə göndərildi.

Diktatorun ölümündə xarici faktorları da vurğulamaq yerinə düşür. Məsələ burasındadır ki, SSRİ rəhbəri vəfatından bir neçə həftə diplomatlardan biri ilə söhbətində “canavarlar”ın onun qanına susadığını vurğulamışdı. Həmin dövrdə isə ABŞ Mərkəzi Kəşfiyyatının dünyanın bir sıra ölkələrinə yayılmış agentlərini canavar adlandırırdılar.

Diktatorun sirli ölümündə Britaniyanın baş naziri vəzifəsinin səlahiyyətlərini ikinci dəfə icra etməyə başlamış Uinston Çerçil faktorunu da nəzərdən qaçırmaq olmaz. Təkcə onu xatırlatmaq yerinə düşür k, SSRİ rəhbərinin ölümündən bir neçə gün sonra Çerçilə “Cəngavər” rütbəsi verildi. Britaniyanı Hitler Almaniyasının cəngindən qurtarmış Çerçilin İkinci Dünya Müharibəsi illərində belə, bu cür yüksək mükafata layiq görülməməsi, SSRİ diktatorunun ölümündən az sonra ödül alması bir sıra müəmmaların mövcudluğuna işarədir.

Sadalananlar onu deməyə əsas verir ki, Stalin həmin dövrdə rəsmi mətbuatın, dövlət nümayəndələrinin bəyan etdiyi xəstəlik səbəbindən deyil, müəmmalı ölümlə aradan götürüldü. Vaxtilə 30 milyona yaxın SSRİ vətəndaşını repressiyaya məruz qoymuş, milyonlarla insanın həyatının sonunu gətirmiş diktator yalnız cismani deyil, siyasi cəhətdən də məhv edildi. Çox keçmədən onun dövlət və xalq əleyhinə cinayətləri aşkarlandı. Nəşi mavzoleydən çıxarıldı. Oğlu Vasilini həbsxanalarda çürütdülər. Qızı Svetlana isə Vətəndən xaricə üz tutmağa məcbur oldu.

interposta.info

İosif Stalini hansı düşməni aradan götürüb? -
İosif Stalini hansı düşməni aradan götürüb? -
İosif Stalini hansı düşməni aradan götürüb? -
İosif Stalini hansı düşməni aradan götürüb? -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26