Interposta.Info

Tək iqtisadi böhran olsaydı...

Müxtəlif
 21-02-2017, 08:44     551

Tək iqtisadi böhran olsaydı...
Gücüm heç kimə çatmadığından, əlimdən başqa iş gəlmədiyindən oturub-durub Aristotelin, daha doğrusu, onun katarsis haqqındakı çox məşhur təliminin qarasınca deyinirəm.

Ona görə ki, insanlar cənab Aristotelin yazdıqlarına rəğmən ağır dövrlərdə, böhranlar, faciələr və hətta müharibələr zamanı heç də bu proseslərdən “mənəvi cəhətdən saflaşaraq” çıxmırlar, əksinə, həmin bu proseslər vaxtı onlarda ən neqativ keyfiyyətlər baş qaldırır...
Qərəz, bildiyiniz və bildiyimiz kimi, ötən aydan başlayaraq manatın tamamilə sərbəst “üzən məzənnə”yə keçdiyi bildirildi. Amma kursda elə “tryuk”lar baş verir ki, adam məəttəl qalır...

Yanvarın sonlarından manat kəskin şəkildə dəyərini itirməyə başladı. Son günlərdə isə əks proseslər gedir - hazırda dollar ucuzlaşır. Təbii ki, manatın qiymətinin artmasına biz də sevinirik. Amma yenə sual yaranır: nə baş verir?

Prinsipcə, bütün dinamik proseslərdə iki cür tendensiya olur: uzun və qısa müddətli. Bunu proqnozlaşdırma elmində də qeyd edirlər. Uzunmüddətli tendensiyalar baxımından manat ucuzlaşmaqda davam etməlidir - əgər həqiqətən tamam sərbəst “üzən məzənnə”yə keçibsə!..

Qısamüddətli tendensiyalar nəzərindən isə ən müxtəlif “rəqslər”, artmalar - azalmalar mümkündür. Amma əksər iqtisadçılar buna şübhə edir. Düşünürlər, hökumət hələ də manatın kursunu tənzimləməkdədir, - əks təqdirdə kəskin enişlər olmalı idi...

Fəqət bizi düşündürən əsas məsələ bunlar da deyildir. Onu buraxaq iqtisadçılarımızın öhdəsinə - qoy, onlar aydınlaşdırsınlar ki, milli valyuta ilə bağlı həqiqətdə nələr baş verir?

Bizi isə prosesin sosial tərəfləri düşündürür. Ölkədə başqa “tendensiya” da gedir. Manat gah ucuzlaşır, gah da bahalaşır, amma qiymətlər yalnız bir istiqamət bilir - onlar yalnız artırlar...

Ona görə də manatımızın dəyər qazanmasından sevinmək üçün əməlli-başlı macal da tapa bilmirik.

Soruşursan ki, məsələn, siqaret niyə bahalaşıb? Deyirlər, dollar bahalaşıb, ona görə də məcburuq qiymətləri qaldıraq. Amma bir-iki gün keçir, dollar ucuzlaşır, qiymətlər isə düşmür ki, düşmür!..

Səbəbini də soruşanda ağlabatan cavab almırsan. Sanki manatın kursu ona görə artıb-azalır ki, sadəcə, qiymətləri qaldırmağa bəhanə olsun!..
Əslində səbəbi aydındır: azad rəqabətə söykənən bazar yoxdur, hər şeyi monopoliyalar idarə edir bu ölkədə....
O üzdən “sosial lift”də bircə istiqamətdə işləyir: varlılar daha da varlanır, kasıblar isə yoxsullaşır...
Təbii, əsas səbəblər budur. Amma düşünürük ki, burada mentalitetimizlə bağlı məqamlar da var. Onun sayəsində Azərbaycanda anormal biznes psixologiyası bərqərar olub.

Başqa ölkələrdə malların və ya xidmətlərin qiymətlərini azaldaraq daha çox insana xidmət etməklə qazanırlar. Biz isə tamam fərqli yol seçmişik - burada hamı az, amma saz satmaq, necə deyər, lap qaz vurub, qazan doldurmaq istəyir.

Cəmi qiymətlər əhalinin haradasa iyirmi faizinə hesablanıb. Qalanları isə heç nəzərə alan yoxdur.

Dedim ki, həm də mentalitetlə bağlı məsələdir bu... Ona görə də dünyanın bütün yaxşı epitetlərini özümüzə yapışdırmaqla heç də yaxşı olmuruq.

Səs salmışıq ki, tolerantıq, multikultural dəyərlərə önəm veririk, ən başlıcası da guya ki mərhəmət sahibiyik. Həqiqətən belədirmi? Təəssüf!

Yaxınların söhbətidir. Meyvə-tərəvəz köşklərinin birindən alış-veriş elədim. Evə gəldim və maraq xatirinə aldıqlarımı çəkdim. Təsəvvür edin, hamısında 200-300 qram aldatmışdılar!..

Nə demək olar? Hər şeyi istədikləri qiymətə satır, qiymətləri özləri müəyyən edirlər. Amma yenə də aldadırlar - bəli, çəkidə də aldadırlar, keyfiyyətdə də...

Ona görə də deyirik ki, ölkədə tək iqtisadi böhran getmir, bundan da dəhşətli mənəvi bir inflyasiya gedir, təkcə manatın deyil, bütün mənəvi dəyərlərin qiymətsizləşməsi baş verir.

Nə edək? Başımıza nə çarə qılaq? Bəs bunun səbəbləri nədir? Bəli, formal baxımdan deyə bilərdik ki, bir formasiyadan başqasına keçdik və yeni dəyərlər hələ tam oturuşmayıb.

Amma aldatmayaq özümüzü... Sovetləri də görmüş bir adam kimi deyirəm ki, o vaxt da 15 respublika olduğu kimi 15 cür də sosializm vardı - Moskvada bir, Tallində başqa, Bakıda isə tamam fərqli...

Nə idi səbəbi? Təbii ki, adi mentalitet! Bəli, o, elə “prizma”dır ki, istənilən ideyanı özünəməxsus şəkildə sındırır - lap adi optik prizma işığı sındıran kimi...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26