Interposta.Info

Nəşi düşmən əlində qalan

Müxtəlif
 13-01-2017, 18:06     894

Nəşi düşmən əlində qalan

interposta.infoqafqazinfo.az” saytının nəşi ermənilərdə qalan şəhid əsgərimiz Çingiz Qurbanovun ailəsindən hazırlanmış reportajı təqdim edir

**
Qurbanovlar nəslinin və Qusarın Həzrə kəndinin ilk şəhidi... Söhbət 16 gündür ki, nəşi düşmən tərəfdə qalan Çingiz Qurbanovdan gedir.

Həmin vaxtdan Qurbanovlar ailəsi göz yaşlarını dindirmədən övladlarının cənazəsinin qaytarılacağı günü gözləyir.

Qurbanovlar ailəsi sonuncu dəfə övladlarını avqustun 14-də görmüşdü. Həmin gün Gəncədə Çingizin andiçmə mərasimi keçirilirdi. Son olaraq Nailə ana övladının qoxusunu həmin gün içinə çəkmişdi. Növbəti onu görmə sevincini isə yanvarda məzuniyyətə gələn günü yaşayacaqdılar. Amma 2016-cı ilin son ayı ailənin ocağına od düşür.

Dekabrın 29-da Çingizin şəhid olma xəbərini eşidən ailə üçün daha ağır məqam isə onun düşmən tərəfində itkin düşməsi oldu. İndi nəslin, kəndin ilk şəhid övladının nəşini istəyən ailə gözyaşlarını onun məzarı üzərində tökmək istəyir.

2012-ci ildən Çingizin universitetə daxil olmasına görə atası Salman Qurbanov rayonda işini atıb onunla birgə Bakıya gəlir. Bakıda Əhmədli qəsəbəsində kiçik bir ev tutub kirayə qalırlar. Atanın tək arzusu övladlarına təhsil vermək, onların diplomlarını əllərinə alıb işə girdikləri günü görmək olub. Elə Çingizin də ən böyük arzusu işləyib ailəni dolandırmaqda atasına kömək etmək olub. Amma Çingiz Qurbanov 4 il əziyyətlə oxuyub bitirdiyi universitetin diplomunu əlinə ala bilmir, bir erməni zabitini, iki əsgərini qətlə yetirib şəhid olur.

“Atasına həmişə deyirdi ki, mən əsgərdən qayıdıb gələcəm, işləyəcəm, sənə kömək edəcəm, birgə işləyib normal bir ev tutarıq. Bu arzusu balamıza qismət olmadı” – deyə bibisi söhbətə qoşulur.

Şəhid olma xəbərini eşidən gündən üç bibi də Bakıya gələrək kiçik, birotaqlı evdə Çingizin nəşini gözləyir.

“Qardaşım uşaqlarını kasıb şəraitdə böyüdüb, zəhmətilə gecələr işləyib, onları oxudub. 16 gündür bu evə gələn-gedənin sayını itirmişik. Bir tək Çingiz gəlmir. Gələnlərin çoxusunu heç tanımırıq da. Sağolsunlar, dərdimizə şərik çıxırlar. Amma heyif ki, bu günə kimi Qusar rayon hərbi komissarlığının rəhbəri qardaşıma zəng vurub başsağlığı verməyib. Axı Çingiz vətən uğrunda bu cür qəhrəmanlıqla şəhid olub” - deyə digər bibi söhbətə qoşulur.

Günlərdir göz yaşları gözündə quruyan ana isə bizimlə danışmaqda çətinlik çəkir. Oğlunun ağıllı, savadlı, gülərüz biri olduğunu deməklə kifayətlənir.

Ailənin digər yeganə övladı Beydulla Qurbanov da hazırda Texniki Universtitetdə oxuyur. Qardaşı ilə tək qardaş yox, həm də cani-qəlb dost olduğunu deyir: “Hamımız onun yolunu gözləyirdik”.

Şəhid atası Salman Qurbanov bu müddət ərzində millət vəkilləri Qənirə Paşayevanın, Sədaqət Vəliyevanın, Aydın Mirzəzadənin, Aydın Hüseynovun onlara baş çəkdiyini deyir:

“Düşmən oğlumun nəşini qaytarmaq istəmir. Onlar öz çirkin məqsədləri üçün nəşi saxlayırlar. İnşallah, tezliklə Çingizin cənazəsi qayıdar, düşmənlər istəklərinə nail olmazlar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26