Interposta.Info

“Bəlkə də atanın haqqına girirəm, amma…” –

Müxtəlif
 9-01-2017, 17:14     601

 “Bəlkə də atanın haqqına girirəm, amma…” –

O videoya sona qədər baxmadım. Baxa bilmədim. Eşitdiyim qədər, mənim kimi çoxları da yarıda saxlayıb. Səbəbli şəkildə. Səbəb isə budur ki, məlum mənzərəni böyük əksəriyyət tamaşaçı deyil, məhz valideyn gözü ilə, Nurayın yerinə öz balasını qoyaraq izləyib. Ona görə təpki, hirs, qınaq bu həddədir.

Sosial şəbəkələr asıb-kəsir, arqument xırdalayır, az qala məhkəmə funksiyasını icra edir. Üstəlik, istiqamət birtərəflidir. Daha dəqiqi, psixoloji durum + video-görüntüdən çıxarılan nəticə etibarilə hədəfdə atadır və bir sıra hüquqşünaslar xaric, hər kəs balaca Nurayın xala evində və qəyyumluğunda qalmasını məqbul sayır, qarşı tərəfi ittiham edir, bənzər mətnlə hökm çıxarır.

***
Əvvəlcə təməl həqiqətlərdən başlayaq: Varmı, bu məmləkətdə normal boşanan? Varsa da neçə faizdir?
Zurna-qavalla, bəh-bəhlə ailə qurub sillə-təpiklə, dava-qırğınla ayrılanlarmı daha çoxdur, yoxsa sivil qaydada nigaha xitam verənlərmi? Məncə cavab gün kimi aydındır.
Nurayın faciəsi də bax buradan başlanıb. Valideynlərin anormal ayrılığından. Ata deyir, həyat yoldaşım bəlli bir mərhələdə səbəb göstərmədən boşanmağımızı, mənimlə yaşamaq istəmədiyini söylədi. (Əslində çox normal məntiqdir. Sırf avropasayağı. Başının üzərindən iş çevirib, namusuna toxunmayıb ki. Rəsmən boşanmaq istəyib də) Və daha sonra 5 ay gecikmə ilə məhkəmə hökmü verilib. Tərəflər arasında qıcıq da çox güman, bundan sonra yaranıb. Təfərrüatlar isə özlərindən savayı kimsəyə məlum deyil.

Hətta “facebook müstəntiqləri”nə belə…

Atanın əsaslandırması budur ki, mənim uşağım valideyni sağkən bacanaq evində böyüməməlidir. Normal, hüquqi, sağlam arqumentdir. Ayrıca, analoji vəziyyətlərdə qəyyumluğun (himayənin) qanunla tənzimlənən yönü də özündə eyni vacibatı ehtiva edir. Gerçəkdən, ata olan yerdə xala niyə qəyyum olsun ki?

Fəqət məsələ burasındadır, normal məntiq öz normallığına türkün sözü – o zaman “ulaşır” ki, “A” dan “Z”-yə qədər bütün gedişat normal olsun. Qanunun da məhz düz xətt üzərindən yanaşdığı dispozisiyadır bu. Yəni, bayaq söylədiyim. Oysa, atalıq (analıq) hüququndan məhrum edilən valideynləri, nənənin, xalanın, əminin himayəsinə məcburi qaydada verilən uşaqları azmı gördük? Yox, təbii. Demək, konkret çərçivəli istisnalarla qanun öz istiqamətini dəyişə bilər. Həm də asanlıqla və anındaca!

Ata, övladını sevdiyini, əlində ödənilmiş aliment qəbzlərinin olduğunu, onu öz himayəsinə almaq istədiyini, qadın qohumlarının psixoloji təzyiqi ilə durumun bu vəziyyətə qədər irəlilədiyini söyləyir.

Nəzəri cəhətdən qəbul etdik. Lap xala pisdi, hətta pislərin pisidir. Ömrü boyu da uşağı ataya qarşı qoyub, “doldurub”. Amma xalanın pis olması, atanın da pis olması üçün əsasdırmı? Bir köməksiz körpəyə bu qədər sarsıntı yaşatmağa dəlalət edirmi? Və ümumiyyətlə belə sevgi olurmı?

Ata dediyin, dişini-dırnağına sıxar, qızını ömrünün sonuna qədər göz yaşı ilə şəkillərdən izləmək məhkumiyyətinə belə qatlanar, lap dözməyib ölkədən gedər, əsəbdən xəstəlik tapar, intihar edər, amma…övladının o bağırtısına səbəb olmaz, bu vahiməyə, bu mənzərəyə belə soyuqqanlıqla şahidlik etməz, dözməz…!

Aliment? – Aliment sevgidirmi? Aliment diqqət göstəricisidirmi? Olsun, 120 manat. Lap 150. Oğullar var, həmin məbləğin 5-10 mislini hər ay hansısa köməksiz tələbənin təhsilinə ya da bir imkansızın əməliyyatına xərcləyirlər. Fəqət nəinki atalıq, heç böyüklük, ağsaqqallıq iddiasına belə düşmürlər. Çünki, bir insana sahib olmaq üçün maddi deyil, mənəvi bağ lazımdır. Ata, 10 il boyunca yaşamından, necə dolandığından, nə yeyib- içdiyindən xəbəsriz olduğu övladına nəinki cüzi miqdarda aliment, hətta milyonlar belə ödəsə, yenə övlad onu deyil, qızdırmalı olduğunda tez-tələsik dərman düzəldib başını sığallayanı, yemək isti olduğunda o yeməyi soyudanı, saçını darayanı, ayaqqabısını təmizləyəni, çantasını yığanı, gecələr bağrına qısılıb yatdığını seçəcək! O adam istər ana olsun, itər xala, istər nənə. Fərq, etməz!

Nurayı 10 il müddətincə uzaqmı tutublar? Görüşə imkanmı verməyiblər?

Bir atadan övladı + ata istəyə-istəyə uzaq tutmaq olarmı? O ata bir yerlərdən sızmazmı, mübarizə aparmazmı, 10 il boyunca yerindən tərpənməzmi? Məhkəmələr nə üçündür bəs? Olmazdımı, qəyyumluqdan öncə, (ələlxüsus da ananın ölümündən əvvəl) məhz görüş istəyi ilə bağlı ədalət mühakiməsi tələb edəydiniz, barı qanunun verdiyi (həftədə ən az 2 dəfə və 3 saat boyunca) fürsətdən bəhrələnəydiniz, övladı azacıq da olsa özünüzə öyrədəydiniz? Ki, bu günki vəziyyət yaranmasın?

Ortalıqda çox mübhəmlər var. Gerçəkdən. Heç şübhəsiz, yanıldığım məqamlar ola bilər. Bəlkə də atanın əməllicə haqqına girirəm - istisna etmirəm. Amma bir övlad bizim seyr etdiyimiz duruma düşürsə, o vahiməli mənzərə ilə baş-başa qalırsa demək hər kəs bir şəkildə günahkardır. Bu dəqiqdir! Və təbii, ən böyük günahkarı da o məsum körpənin məsuliyyətini daşımağa ən çox məsul olanların içində axtarırıq. İntuitiv olaraq.

Son qənaətim (arzum) isə budur: Hazırki vəziyyətdə Nurayın qəyyumluğu dəyişdirilməməli, qızcığaz xalasının himayəsində qalmalı, fəqət onun atası ilə görüşü üçün də şərait yaradılmalıdır. İlkin mərhələdə həmin görüşləri psixoloq və ya kənar şəxslərin müşayəti ilə keçirmək olar. Amma bütün hallarda övladı atadan ayırmağın tərəfdarı deyiləm. Üstəlik, nəzərə alsaq ki, ana da illər öncə vəfat edib, o zaman (ağrılı da olsa) - ataya öz sevgisini, səmimiyyətini sübut etmək, Nuraya isə yetimlik kabusundan çıxması üçün şans tanımaq lazımdır.

***
Uşaqların böyük kimi, böyük acısı, böyük hənirtisi ilə ağlamağından ağır heç nə yoxdur.

Allah xətrinə, neynirsiz edin, onları beləsinə ağlatmayın.

Bu dünyanın ən böyük həqiqət və ədaləti belə həmin göz yaşlarının axıdıldığı yerdə ucuzdur, acızdır, mənasızdır…

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26