Interposta.Info

Şuşa və Laçın Dövlət Rəsm Qalereyası birgə Xalq rəssamı Nadir Əbdürrəhmanovun yaradıcılıgı ilə əlaqədar dəyirmi masa keçirilmişdir - FOTOLAR

Mədəniyyət / Manşet
 25-12-2023, 21:34     27 119

Şuşa və Laçın Dövlət Rəsm Qalereyası birgə Xalq rəssamı Nadir Əbdürrəhmanovun yaradıcılıgı ilə əlaqədar dəyirmi masa keçirilmişdir
Şuşa Dövlət Rəsm Qalereyası və Laçın Dövlət Rəsm Qalereyası birgə Xalq rəssamı Nadir Əbdürrəhmanovun yaradıcılıgı ilə əlaqədar keçirdiyi dəyirmi masada Şuşa Dövlət Rəsm Qalereyasının Elmi işçisi Həsənova Sevinc tərəfindən mühazirə oxunmuşdur.
Görkəmli Azərbaycan boyakarı, Xalq rəssamı, professor Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Azərbaycanın dilbər guşəsi Laçın rayonunda anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Nadir Əbdürrəhmanovun yaradıcılığı geniş tamaşaçı kütləsi yığmışdır. Onun yaradıcılığına daxildir: Odlar Yurdunun tarixi, mədəniyyəti, təbiəti, bu torpaqda yaşayan insanların həyatı və məişəti. Onun təsvir etdiyi həyat həqiqi, nikbin və gözəldir - bu, rəssamın zəngin daxili aləminin inikasıdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır. Sənətkar Azərbaycan Rəssamlar İttifaqının sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi ictimai fəaliyyət göstərmişdir. O, davamlı olaraq pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məzunu olduğu Ə.Əzimzadə adına rəssamlıq məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətin incəliklərini tələbələrə öyrətmiş və sonuncu tədris ocağında professor, yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş fırça ustaları var. Nadir Əbdürrəhmanovun əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri olaraq dünyanın böyük muzey və qalereyalarında qorunur. Bu gün də Nadir Əbdürrəhmanovun fırçasına məxsus milli incəsənətin sovet dünya mədəniyyətləri ilə dərin sintezindən doğan parlaq əsərləri yaşayır və sevilir. Onun qadın qəhrəmanlarının həyəcanlandırıcı qrasiyası, gözəlliyi, səmimiliyi, tablolarının plastik və rəng harmoniyası tamaşaçıları riqqətə gətirir, məftun edir, çünki onun yaratdığı əsərlər zamanın fövqündədir.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26