Interposta.Info

Mədəniyyətimiz və milli mətbəximiz Meksikada keçirilən beynəlxalq festivalda

Mədəniyyət
 21-12-2020, 09:07     608

Meksikanın paytaxtı Mexiko şəhərində “XI Dost ölkələrin mədəniyyət festivalı” ("Feria İnternacional de las Culturas Amigas") keçirilir.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "İnterPosta"ya verilən məlumata görə, 2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökumətinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi Meksika əhalisinin müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə tanış edilməsidir. Qeyd edək ki, ölkəmizin də təmsil olunduğu festivalda hər il 5 milyonadək ziyarətçi iştirak edib.

Hər il may ayında keçirilən tədbir bu il COVID-19 pandemiyası ilə əlaqədar dekabr ayında virtual formatda keçirilir. Bu məqsədlə, Mexiko şəhəri Hökuməti tərəfindən xüsusi olaraq yaradılmışwww.ficavirtual2020.cdmx.gob.mx internet səhifəsində 60-a yaxın ölkə, o cümlədən Azərbaycan da təmsil olunur (festivalda Azərbaycana aid səhifə -http://www.ficavirtual2020.cdmx.gob.mx/AZERBAIYAN.html). Qeyd olunan internet səhifəsi dekabr ayından başlayaraq 5 ay müddətində fəaliyyət göstərəcək və mütəmadi olaraq yenilənəcək.

Virtual formatda keçirilən festivalda Azərbaycanın mədəni-tarixi abidələri, təbiət mənzərələri, milli geyimlər, kəlağayı, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən dolma, paxlava, qutab kimi milli mətbəx nümunələri və onların hazırlanma qaydaları, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfir Məmməd Talıbovun müsahibəsi təqdim edilir. Həmçinin sayt istifadəçilərinə ölkəmizin turistik guşələrinə dair müxtəlif videoçarxlar nümayiş olunur.

Qeyd edək ki, virtual festivalın internet səhifəsini dünyanın müxtəlif ölkələrindən milyonlarla istifadəçinin ziyarət etməsi gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26