Interposta.Info

Ölkəmiz tələbələrin beynəlxalq mədəniyyət festivalında təmsil olundu

Mədəniyyət
 4-10-2017, 23:16     7 898

Çin Xalq Respublikasının nüfuzlu ali təhsil ocaqlarından olan Renmin Universitetinin yaradılmasının 80-ci ildönümü ilə əlaqədar beynəlxalq mədəniyyət festivalı keçirilib

interposta.info AZƏRTAC-a istinadla xəbər verir ki, universitetin şəhərciyində keçirilən festivalda müxtəlif ölkələri təmsil edən tələbələr milli pavilyonlar vasitəsilə öz mədəniyyətlərini tanıdıblar. Renmin Universitetində, habelə Pekinin digər ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr ölkəmizə aid pavilyonda Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə ölkəmizin zəngin mədəniyyətini nümayiş etdiriblər. Burada Azərbaycanın mədəniyyəti, təbiəti və reallıqlarını əks edən cəlbedici fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin ölkəmizin turizm imkanlarına dair vəsaitlər nümayiş olunub.

Tələbələrdən ibarət rəqs qrupu milli rəqslərimizi ifa edib, Azərbaycan pavilyonunu ziyarət edənlərə milli mətbəximizin təamları təqdim edilib.

Tədbirdə Çinin rəsmi şəxsləri, ölkənin Mədəniyyət və Təhsil nazirliklərinin nümayəndələri, həmçinin Çində fəaliyyət göstərən xarici dövlətlərin diplomatları iştirak ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26