Interposta.Info

Sənət adamının açıq sinəsi, yoxsa boş başı? –

Mədəniyyət
 4-05-2017, 22:47     809

Vaxtaşırı cəmiyyətdə müğənnilərin intelektual səviyyəsi gündəmə gəlir.

interposta.info xəbər verir ki, bunu nəzərə alaraq Teleqraf.com tanınmışlara bu suallarla müraciət edib: “Müğənnilərimiz savadsızdırlarmı? Onlara, ümumiyyətlə, savad lazımdırmı?”


Sorğunu təqdim edirik:

Amaliya Pənahova: “Müğənni təhsilli olmalıdır. O, fitri istedada malik ola bilər, amma üzərində işləməli və təhsil almalıdır. Müğənninin səsi varsa, musiqi dərsləri keçibsə, ifası qüsursuzdursa, hansı sahədə təhsil almasının mənası yoxdur.

Mən demirəm ki, kimin səsi varsa, mütləq musiqiylə məşğul olsun. Qeyd etdiyim kimi, istedadla yanaşı, savadlı olmalıdır. Hər bir insan üçün dünyagörüş önəmlidir. Hazırda bisavad ifaçılar çox deyil”.

Flora Kərimova: “İlk öncə müğənninin istedadlı olmalıdır. Təhsili mükəməlləşdirmək, inkişaf etdirmək olar. “Təhsili olmayan müğənni müğənni deyil” fikriylə razılaşmıram. Müğənninin ən böyük konsevatoriyası Allahın verdiyi istedaddır”.

Ayaz Salayev: “İlk onu demək istəyirəm ki, mənim üçün şou-biznes sözü maraqsızdır. Ömrümdə bir dəfə də hanısısa müğənninin mahnısını dinləməmişəm. Şou-biznes nümayəndələrinin də fikri mənim üçün önəmli deyil. Təhsilə gəlincə, bütün insanlar savadlı olmağa çalışmalıdır, o cümlədən müğənnilər”.

Aqşin Evrən: “Müğənnilərimizin savadsız olması məni qətiyyən narahat etmir, çünki onların heç bir ictimai çəkisi yoxdur. Azərbaycan müğənniləri toplumun inkişafında heç vaxt xüsusi rol oynamayıblar, əksinə, onu daha da geri atıblar. Bizim dinləyicilər müğənnilərə şəxsiyyət kimi yox, sadəcə, boş vaxtlarında dinləyib, xəyal qurmaq vasitəsi kimi baxırlar. Ona görə də müğənnilərin toplum üzərində taksi sürücüsü qədər də təsiri yoxdur.

Dünya praktikasına baxanda müğənnilərin, musiqiçilərin ən az bir siyasətçi kimi necə ağır çəkiyə malik olduğunu görə bilərik. 60-cı illərdə "Bitlz" qrupunun yaratdığı inqilab bütövlükdə 20-ci əsr insanının baxışlarına, həyatına təsir etdi. Və ya toplumun əxlaqsız adlandırdığı Madonna braziliyalı yazıçı Paulo Koelyonun əsərinin adını bir dəfə çəkməklə onu daha da məşhurlaşdırdı. Ən böyük faciə sənət adamının açıq sinəsi deyil, boş başıdır”.

Fəxri Uğurlu: “Savad, təhsil hər insana lazımdır, aktyor, yazıçı və müğənniyə də… Amma elə adam var ki, savada ehtiyac duymur. Həyatını savadsız şəkildə yola verir, yaşayır. Ona necə deyəsən ki, sən savadlı olmalısan!

Müğənnini savadsız olduğuna görə toya aparmasalar, təhsil alar, savadlı müğənni olar. Əgər savadsızlığı onun çörək qazanmasına mane olmursa, təhsilə ehtiyac duymayacaq. Əgər bir insanın ictimai yükü var, insanlara örnək göstərilirsə, savadlı olmalıdır. Savad cəmiyyətdə zərurətə çevrilməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26