Interposta.Info

“Cəbiş müəllim”in “xəyanət” qalmaqalı məhkəməylə bitəcək -

Mədəniyyət
 27-02-2017, 13:19     980

“Cəbiş müəllim”in “xəyanət” qalmaqalı məhkəməylə bitəcək -

Mən “Bizim Cəbiş müəllim” filminin rejissoruyam, quruluşçu rejissor Həsən Seyidbəyli idi. Film müharibə illərində arxa cəbhə üçün çəkilən ən gözəl, ən həzin, ən real filmdir. Çox təəssüf edirəm belə şeylərə. İndi bəzi gənc kinoçular “dınq edib” yumurtadan çıxıblar, xoş gəlib, səfa gətiriblər, amma zəhmət çəkib ortalığa bir iş qoysunlar.

Kult.az xəbər verir ki, bu sözləri əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudov Musavat.com-a müsahibəsində deyib. O, “Bizim Cəbiş müəllim” filmində xəyanət kadrlarının olması ilə bağlı yayılan xəbərlərə görə çox təəssüfləndiyini bildirib:

“Mən bütün mətbuat işçilərinə, yazarlara müraciət edirəm, əvvəla, gedin bildiyiniz işlə məşğul olun, ikincisi də əgər nəsə yazmaq istəyirsinizsə, hələ sağ olan adamlar var, gəlin soruşun, populizm naminə vurub qonşunun atının, inəyinin gözünü çıxartmayın. Əgər bundan sonra bu mövzuya kimsə qayıtsa, onu məhkəməyə verəcəyəm. Azərbaycan qadınları tarixən cəsarətli, şəxsiyyətli qadınlar olub. Müharibə vaxtı millət acından qırılır, belə bir şəraitdə belə bir qadın həddindən artıq ideallaşmış, əlindən savaddan başqa heç bir iş gəlməyən ərinin vəziyyətdən çıxış yolu tapmayacağını bilib, ailəsini xilas etməyə çalışır. Buna görə də o, ərini məcbur etməlidir ki, sabun bişirib satsın, ailəsini dolandırsın. Əri də bu işə yaramadığından məcburən alverçilərlə iş qurmağa çalışır. Beləliklə də kişi kimi dolanışıq məqsədi ilə qonşusunun evinə gəlir və ona qarşı şərəfsizlik edən qonşusunun dərsini verir. Kadrlardan da gördüyünüz kimi, kişini yun çubuğu ilə döyür. Orda qadının kişiyə əl qaldırması bizim üçün estetik baxımdan yaxşı olmadığı üçün olay bağlı otaqda baş verir... Xahiş edirəm, bir daha bu mövzu açılmasın, deyilənlərin hamısı cəfəngiyatdır”.

Xatırladaq ki, tədqiqatçı Füzuli Sabiroğlu bir müddət əvvəl “Bizim Cəbiş müəllim” filmindən kəsilən hissəni Yutub sosial şəbəkəsinə yükləyib. Filmdən çıxarılan bu kadrda Cəbiş müəllimin arvadının ona xəyanət etməsi ilə bağlı iddialar yayılsa da, bu yanlış fikir ziyalılar tərəfindən tənqid olunub. Bundan başqa, səsləndirilən iddialar filmin ruhuna və qayəsinə də qətiyyən uyğun deyil. Rejissor H.Seyidbəyli çəkilişlərdən sonra anons edilən sözügedən epizodu filmin montajı zamanı çıxarıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26