Interposta.Info

Nadir Qafarzadə inək sağır, qatıq çalır...

Maqazin
 7-04-2020, 21:54     415

Musavat.com karantin səbəbindən evdə qalan sənət adamlarının nə işlə məşğul olması ilə maraqlanıb
Dünyanı cənginə alan koronavirus bəlası ucbatından əksər ölkələrdə karantin vəziyyətidir, insanlar evdən çölə çıxmır. Əksəriyyət özünü bu vəziyyətə motivasiya etməyə çalışır, evdə müxətlif məşğuliyyətlər tapır, əvvəllər vaxt azlığından görə bilmədiyi işləri həyata keçirir, yaradıcılıqla məşğul olur, kitab oxuyur və sairə... Maraqlıdır, evdə qalan müğənnilərdən kimlər kitab oxuyur? Bəs, kitab oxumayanlar vaxtını necə keçirir?

Musavat.com mövzu ilə bağlı bir neçə tanınmış ifaçılar arasında sorğu keçirib.

Xalq artisti Mübariz Tağıyev son iki ildə kitablara yaxın düşmədiyini bildirdi: "Bundan əvvəl də əsasən kitablarda mahnı mətnləri üçün şeirlər axtarırdım. Bu günlərdə arxivimdəki kasetlərə baxıram. Əvvəllər onlara baxmağa vaxt olmurdu. Bu kasetlərin özləri də hərəsi bir kitabdır, vərəqlədikcə o günlərimə qayıdıram, müəyyən şeyləri xatırlayır, bəzilərini isə unutduğumu görürəm. Həmin kasetlərdə tədbirlərdə, saraylarda verdiyim konsertlər var. Bu kasetlər 1-2 dənə deyil ki, yüzlərlədir. Karantin günlərində həmçinin günüm nəvələrim, onların dərsləri ilə məşğul olmaqla keçir… Müəyyən qədər maraqlı məqamdır, sənət adamları kimi həmişə işdə, konsertlərdə olurduq. İndi isə evdə oturmaq bir qədər çətindir. Xoşbətlikdən həyat yoldaşım da sənət aləmi ilə bağlıdır. Yəni bir birimizi tamamlayırıq, nələrsə barəsində danışır, müzakirə edirik”.

Xalq artisti televiziya kanallarını izləmədiyini bildirdi: "Baxmıram və artıq baxmaq da istəmirəm. Çünki müəyyən informasiyalar ağırlıq gətirir və fikirləşəndə insanı ayrı bir istiqamətə yönəldir. Onsuz da insanlar artıq anlayır ki, evdə qalmalı, bununla da virusdan qorunmalıyıq və bunun başqa yolu da yoxdur. Bütün dünyada bu vəziyyət yaşanır. İndi görürük ki, həmişə münaqişə münasibətində olan dövlətlər bugünki gündə bir-birilərinə dəstək olur, köməklik edirlər. Evdə qalmaqla özümüzü, yaxınlarımızı bu bəladan qrutaracağıq. Qaydalara riayət etmək lazımdır. Dövlətmizi də əlindən gələni edir, bunu görməmək mümkün deyil. Həkimlərə də minnətdarlığımızı bildirməliyik, çünki onlar fədakar insanlardırlar”.

Xalq artisti, muğam ustadı Mənsum İbrahimov isə bu gün dünyanın bir imtahan qarşısında olduğunu qeyd etdi: "Sanki dünya düzənini yenidən dəyişir və düşünürəm ki, elə də olacaq. Çünki sanki insanlıq arxa plana keçmişdi, dünyadakı haqsızlıqları hər birimiz izləyirdik. O cümlədən Suriyada baş verənlər, qaçqınlara qarşı münasibət, sanki insanlıq yaddan çıxmışdı. Mən də hamı kimi evdəyəm, karantin rejiminə əməl edirəm. Yaradıcılıqla məşğul olur, evdəki böyük kitabxanamdakı kitabları oxuyuram. Daha çox sənətimlə bağlı qəzəllərlə maraqlanıram. Həmçinin yeni mahnılar üzərində işləyir, dostlarımla sosial şəbəkə vasitəsi ilə məşqlər edirik. Bildiyiniz kimi, onlayn konserlər də həyata keçirirəm. Bu günə qədər 3 dəfə onlayn konsertim olub. Həmçinin aprelin 9-u mən 10-da da onlayn olaraq konsertim olacaq. Bundan əlavə, ayın 10-da AzTV-nin "Eyvana çıx” layihəsinə qatılaraq, saat 14:30-da balkonda konsert verəcəm. Çalışıram ki, evəd ailəm, övladlarım, nəvələrimlə vaxtımı keçirim. Təbii ki, sənət adamları üçün evə təcrid olunmaq çətindir. Buna qədər gərgin məşqlər edir, xarici ölkələrə səfərlərə gedirdik, amma indi neyləmək olar. Bütün dünya hazırki proseslə üzləşib və təbii ki, bu müvəqqəti haldır. Heç kəs bu xəstəlikdən sığortalanmayb. Sağ olsun ki, döpətimiz vaxtında zəruri adımlar atdı. Bunun nəticəsi olaraq koronavirusla bağlı çox az itkimiz var. Düşünürəm ki, evdə qalmağı davam etdirərək, özümüzü, yaxşı insanlarımızı qorumaqla bu vəziyyətdən çıxacağıq”.

Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan isə roman, pyes oxumağa həvəsli olmadığını bildirdi: "Lakin şeirlər vurğunu, müqəddəs kitablar aşiqiyəm. Bugünki günümüzün hər biri bir kitabdır və çalışıram ki, hər kitabı diqqətli, səbrli, şükranlı, ağzı dualı oxuyum. Çünki bəzilərin ağzı açıq qəbrə dönüb, ağızlarından ancaq lənət, naşükürlük, rişxənd, qeybət çıxır.

Görkəmli rus şairi Lermontov dünyasını dəyişəndə heç kəsə "əlvida” deməyib, sadəcə kitablarını nəzərə alaraq deyib: "Əlvida, mənim etibarlı dostlarım”.

Məmməd Arazın silsilə şeirlər kitabı var, onları oxuyuram. Ümumiyyətlə pianinomun üstündə hər zaman şeir kitabları olur. Əlbəttə, istərdim ki, böyük pyesləri olan kitab da oxuyum. Bir kitabı açıb, oxuyanda özümü tamamilə əsərdəki hadisəyə kökləyir, həmin ərəfədə heç kəslə danışmır, eşitmək istəmirəm”.

Müğənni Nadir Qafarzadə də karantin rejiminə əməl edərək, evdə qaldığını vurğuladı: "Biz də ailəlikcə dövlətin qoyduğu qaydalara əməl edir, çalışırıq evdə oturaq. Doğrudur, evə təcrid olunmaq nə qədər çətin olsa da hər birimiz üçün vacibdir. Və bu, müvəqqəti bir çətinlikdir, hər halda uzun çəkməz. Məlum olduğu kimi, koronavirus problemi təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur və bir bəlaya çevrilib. Bundan əvvəl mübaribə də, aclıqlar da gördük. İndiki çətinliyin içərisində aclıq da, işsizlik də var, ölkələr iqtisadi cəhətdən böyük ziyan görüb. Düşünürəm ki, bioloji bir müharibə yaşadıq. İnanıram ki, prezidentimiz İlham Əliyevin böyük siyasəti sayəsində xalq olan sevgisi nəticəsində həmrəylik nümayiş etdirib, bu çətinliyə də sinə gələcəyik”.

Müğənni kitab oxumadığını dedi: "Kitab oxumağı deyil, daha çox televiziyanı izləməyi çox xoşlayıram. Xüsusən də heyvanlar aləmi, tarixlə bağlı proqram və filmləri çox sevirəm. Tarixlə çox maraqlanıram, düşünürəm ki, hər kəs tarixi bilməlidir. Doğrudur, tarixdə rəqəmlər çoxdur və onu yadda saxlamaq çətindir. Buna baxmayaraq çalışıram ki, tarixdə baş verən hadisələri öyrənim, xəbərdar olum.

Zamanında kitablar çox oxumuşam. Xüsusən də yaxşı əsərləri, dastanları məhəbbət dastanlarını, Azərbaycan nağıllarını çox sevirdim. Bəlkə bu gün də maraqlı kitab olsa oxuyaram. Amma bu gün sanki yazıçı azdır. Evdə olanda əsasən retro mahnıları dinləyir, Sovet dövründə çəkilən məşhur yerli və rus kinolarına baxıram”.

Nadir Qafarzadə karantin günlərini bağda keçirdiyini və təsərrüfat işləri ilə məşğul olduğunu bildirdi: "Yeni mahnılarım var, sadəcə karantin olduğu üçün onları yazdıra bilmirəm və buna görə də bir qədər tənbəlləşmişəm. Dinamik insan olduğum üçün, işin olmamağı məni bir qədər darıxdırır. Hazırda bağdayam, təsərrüfatla məşğulam, burada toyuq-cücə, inək var. Hətta inək sağıram, dünən qatıq da çalmışdım. Bəzən bekar, avara gəzən insanlara məəttəl qalıram ki, onlar işsiz necə qala bilir?”

Bəstəkar-müğənni Murad Arif mütəmadi kitab oxuduğunu dedi: "Hazırda psixologiya ilə bağlı olan, "İradə gücü” adlı kitab oxuyuram. Şeir kitablarını, poeziyanı isə isə heç bir zaman sevməmişəm”.

Tanınmış gənc muğam ifaçısı Almaxanım Əhmədli isə ingilis dilində olan kitabları oxuduğunu dedi: "Daniel Defonun "Robinzon Kruzo” romanını ingiliscə oxuyuram. Bununla da dil bilgilərimi inkişaf etdirməyə çalışıram.

Digər vaxtlarda isə əsasən yaradıcılıqla məşğul olur, yeni repertuarlar hazırlayıram. Həmçinin digər həmkarlarım kimi dinləyicilərim üçün sosial şəbəkələr vasitəsi ilə canlı konsertlər keçirir. Ümumiyətlə, çalışıram ki, günlərimi səmərəli və maraqlı keçirim”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26