Fədayə həbsdə qaldı-azadlığı üçün müraciət edənlər danışdı
Müğənninin apelyasiya şikayəti təmin olunmadı
Ev dustaqlığına buraxılması ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət edən müğənni Fədayə Laçının şikayəti təmin olmayıb. Musavat.com-un məlumatına görə dekabrın 21-də Apelyasiya Məhkəməsinin qərarın əsasən birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. Beləliklə, müğənni həbsdə qalıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl 9 xalq artisti, o cümlədən Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Hüseynov (Rəmiş), Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova müğənni Fədayə Laçının azadlığa çıxarılması ilə bağlı müraciət imzalayaraq ölkə prezidentinə və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlamışdılar. Lakin göründüyü kimi, xalq artistlərinin də müraciəti prosesin gedişatına təsir edə bilməyib.
Məsələ ilə bağlı xalq artisti Alim Qasımov “Yeni Müsavat”a danışıb: “Fədayə Laçınla demək olar ki, heç bir zaman görüşməmişəm, yaxından tanımıram, haqqında da heç nə deyə bilmərəm. Sadəcə, qadın olduğuna görə ağsaqqallarla bir yerə yığışıb müraciət imzaladıq ki, hökumət onu bağışlasın. Heç bilmirəm o, nə iş görüb. Yəqin ki, əməlini araşdıracaqlar. Biz istəyirdik ki, nə edibsə, hansı səhvə yol veribsə, bir qadın kimi onu bağışlasınlar. Bundan artıq daha heç nə edə bilmərik”.
Xalq artisti Arif Babayev: “Onun bacısı İlahə mənim tələbəmdir. Məndən xahiş etdi ki, bir ağsaqqal kimi köməklik göstərək. Sağ olsunlar, Alim Qasımov və digərləri müraciətə imza atdılar ki, heç olmasa zaminə buraxılsın, azadlığa çıxsın. Amma bilirsiz, qanun qarşısında biz aciziq. Demək ki, həmin olayda nəsə olub ki, Fədayəni həbs ediblər. Əvvəlcə düşünürdük ki, əməli yüngüldür, hər halda, azadlığa çıxar”.
Arif Babayev müğənninin onun tələbəsi olmadığını açıqlayıb: “Fədayə mənim tələbəm olmayıb, ara-sıra bir-iki dəfə sinfimə gəlib. Ancaq bacısı İlahə 4-5 il tələbəm olub... Hər halda, insandır, ürəyimiz yanır, yəqin ki, yaxşı olar”.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir. Xatırladaq ki, Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan dustaqlar Əli Ağami və Etibar Məmmədov qaçmışdı. E.Məmmədov saxlanılan zaman atışmada ölüb. Əli Ağami isə saxlanılıb. Öldürülən E.Məmmədovla sevgili olan F.Laçın ittihamları qəbul etmir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26