Interposta.Info

“Şəhərdə “butkam”, dükanım yoxdur ki, qadağa qoysunlar...” -

Maqazin
 9-09-2017, 07:20     10 352

interposta.info xəbər verir ki, uzun müddətdir ki, səhhəti ilə bağlı gündəmə gələn “faytonçu” ləqəbli Nazim Pişiyari “Yeni Müsavat”a danışıb. Müğənni səhhətindəki son durum, Hacıbala Abutalıbova həsr olunan qalmaqallı klipdən və digər məsələlərdən söz açıb:

- Hazırda vəziyyətiniz necədir?

- Təşəkkür edirəm, çox yaxşıyam. Sağlamlığım da yaxşıdır artıq.

- Sosial şəbəkədəki paylaşımlarınızdan məlum olur ki, artıq toylara da gedirsiz...

- Bəli, sentyabr ayından artıq toylara, ziyafətlərə getməyə və səhnə fəaliyyətimi bərpa etməyə başlamışam. Artıq efirlərə də çıxıram, müsahibələr verirəm. Bildiyiniz kimi, sentyabr toylar ayıdır, İnşallah, bundan sonra çoxsaylı toylarda iştirak edəcəm.

- Bəs müalicəniz nə yerdədir?

- Türkiyədə keçirdiyim sonuncu əməliyyatdan sonra reabilitasiya dövrünü keçdim və ayın sonunda bir daha Türkiyəyə gedib müayinə olunacam.

- Bildirmişdiz ki, sizi ağır vəziyyətə salan həkimi məhkəməyə verib, 62 min manat təzminat istəmisiz. Hələ də iddianızda qərarlısız?

- Bəli. Mənə maddi-mənəvi ziyan vuran həkimi hüquq mühafizə orqanlarına ərizəm ilə şikayət etmişəm. Hazırda prokurorluq bu məsələ ilə məşğul olur. Vəkilim də çalışır, İnşallah ki, tezliklə məhkəmədə o həkimlə üz-üzə gələcəyik və keçirtdiyim mənəvi sarsıntıların əvəzini tələb edəcəm. Maddi tərəf bir kənara qalsın, mənəvi baxımdan keçirtdiyim sarsıntılarım çox oldu. 4 ay səhnədən kənarda qaldım, yaradıcılığımla məşğul ola bilmədim, bundan əlavə də nələr keçirtdim... Bax, onların hamısının təzminatını istəyəcəm.

- Amma yayılan məlumatlara görə, siz həmin həkimlə uzun müddət dost olmusuz.

- Yox, bunların hamısı yalan, şayiələrdir. Həmin həkimlə heç vaxt dostluğum, tanışlığım olmayıb. Onu yalnız əməliyyat ərəfəsində tanımışam, vəssalam. Həkim sadəcə, özündən bəzi açıqlamalar vermişdi ki, guya ki, mən bütün Azərbaycanı gəzib, sonra bu həkimin üzərində dayanmışam. Amma bu söhbətlər yalandır. Sadəcə olaraq təsadüf nəticəsində o həkimlə rastlaşmışam. Sanki şeytan əl-qolumu, dilimi-ağzımı, gözümü bağladı, gəldim ona müraciət etdim.

- Həkim hətta jurnalistlər açıqlama verərkən sanki nəyəsə söz vururmuş kimi bildirmişdi ki, “lazım gəlsə, bütün detalları açıqlayacam”.

- O hansı detalları açıqlaya bilər?! Yalançı diaqnozlarını açıqlayacaq? Artıq o həkim ifşa olunub. İsraildə, Türkiyədə olan səhiyyə işçiləri onun səhvi haqda rəy bildiriblər. Onlar nə həkimi, nə də məni tanıyırdı. Hər iki ölkənin həkimləri bildirdi ki, bu məsələdə həkim səhvi var. Yalandan mənə demişdi ki, guya mən onkoloji xəstəyəm, indi bu açıqlamanı deyəcək?! Əgər bundan sonra nə açıqlayacaqsa, hamısı ona qarşı, əleyhinə olacaq.

- Çətin günlərinizdə həmkarlarınızdan dəstək gördünüzmü? Kimlər yardımçı oldu?

- Hər zaman insan çətin duruma düşəndə bilir ki, onun dostu kimdir, düşməni kimdir. Mən həmkarlarımdan hədsiz razıyam. Çünki demək olar ki, hamısı mənimlə əlaqə saxlayıb, vəziyyətimlə maraqlandılar. Hətta maddi köməklik etmək istəyənlər də oldu. Korifey sənətkarlarımızdan tutmuş gənc müğənnilərə qədər hər kəs məni axtardı.

- Bəs maddi köməklik göstərən oldu?

- Təkliflər edildi, lakin bildirdim ki, bir zəng etmək, hal-əhval tutmaq mənə yetərlidir. Əgər maddi ehtiyacım olsaydı mətbuat, sosial şəbəkə vasitəsi ilə müraciət edərdim.

- Bu günlərdə Bakı meri Hacıbala Abutalıbov, onun gördüyü işlər haqqında yumorlu klip yayıldı. Klipdə sizin də ifanız var. Necə oldu ki, bu cür klipə çəkildiz?

- (gülür). Bu klip “Planet Parni iz Baku” teatrının konsertindən idi. Bilirsiz ki, onların konsertlərində bu cür səhnələr qoyulur. Səhv etmirəmsə klip qışda yazılmışdı.

- Amma maraqlıdır ki, klip bu günlərdə yayıldı və səs-küyə səbəb oldu. Bunu necə qarşıladız?

- Vallah, bu, normaldır da. Bütün dünyada bu cür yumor var və deyim ki, fövqəladə bir şey deyil. Hər il “Planet Parni iz Baku” merimiz, paytaxtımız haqqında bu cür səhnələr qoyur, bu klip də onlardan biri idi.

- Tahir İmanov qeyd etdi ki, onların teatrına qarşı olduğu kimi, klipdə iştirak edən müğənnilərə də qadağalar ola bilər.

- Mənim “butkam”, dükanım yoxdur ki, ona qarşı qadağa qoysunlar. Bu haqda heç düşünmürəm. Mənə nəyi qadağa edə bilərlər, oxumağıma qadağa qoyacaqlar? Bu mümkünsüzdür. Ola bilər ki, digər həmkarlarımın şəhərdə obyektləri filan ola bilər, onlara qadağa qoyulsun. Amma inanmıram ki, bizə qarşı nəsə qadağalar tətbiq edilsin.

- Ümumiyyətlə Bakı merinə münasibətiniz necədir?

- Normal, necə olmalıdır ki... Əgər bu insanı həmin vəzifəyə qoyublarsa, deməli layiqdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26