Interposta.Info

Doğma yurda ilin ilk köçü: Daha 30 ailə Füzuli şəhərinə qayıdır

Manşet
 18-01-2024, 08:40     21 809

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 410 ailə, 1 519 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, bu, 2024-cü ildə keçmiş məcburi köçkünlərin doğma yurda ilk köçüdür. Sonuncu dəfə 2023-cü il dekabrın 28-də Laçın şəhərinə 25 ailə - 80 nəfər qayıtmışdı./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26