Interposta.Info

 

Azərbaycan QHT-si ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsini hazırlamağa başlayıb

Manşet
 29-12-2023, 17:01     93 228

“2024-cü ildə ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsi buraxılacaq və bununla bütün dünyaya bu müəssisələrin regionun ekologiyası üçün necə böyük təhlükə törətdiyi əyani şəkildə nümayiş olunacaq”.

Bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlayıb.

O bildirib ki, layihə rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının (QHT) ilk işi olacaq:

“40 ilə yaxındır ki, peşəkar kartoqrafiya işi ilə məşğulam. Bu ilin yayında Prezident İlham Əliyev keçirdiyi müşavirədə Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin bölgənin ekoloji mühiti üçün yaratdığı təhlükəni ətraflı şəkildə izah etdi və bunu dünyaya çatdırmağın vacibliyi haqqında danışdı. Bu ideya da həmin çıxışdan sonra yarandı. Bu xəritəni hazırlamaq üçün bütün gücümü ortaya qoymuşam”.
Hazırda xəritə üzərində ciddi iş aparıldığını deyən sədr vurğulayıb ki, xəritə üç dildə - Azərbaycan, ingilis və erməni dillərində nəşr olunacaq və bütün adlar Azərbaycanın milli toponim, oronim və hidronimləri ilə veriləcək:

“2024-cü il COP29 ilidir, biz bu xəritəni Azərbaycana gələn xarici QHT-lərə də təqdim edəcəyik ki, onlara Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin Cənubi Qafqazın ekologiyası üçün yaratdığı təhlükə daha aydın olsun. Biz araşdırdıq, Ermənistan özü də belə bir xəritə nəşr etməyib. Görünür, müəssisələrin harada yerləşməsini beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışırlar. Düşünürəm ki, bu müəssisələrin yeri ilə Ermənistan cəmiyyəti də xəritə üzərində tanış olanda bir çox məsələlərin üstü açılacaq. Biz bütün məlumatları toplamışıq, Ermənistan QHT-ləri də son illər ölkələrindəki dağ-mədən sənayesinin heç bir ekoloji normaları gözləməyən fəaliyyəti ilə əlaqədar həyəcan təbili çalırlar. Bu xəritə onlar üçün də maraqlı olacaq”, - QHT rəhbəri əlavə edib.

M.Bayramov əlavə edib ki, “Azərbaycan Kartoqrafları” İctimai Birliyi xəritələrə ən çox ehtiyac duyulan sahələrlə bağlı sistemli iş aparacaq, ictimaiyyət yeni xəritələrlə tanış olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26