Interposta.Info

Azərbaycanın sabiq baş prokurorunun ürəyinə aparat qoşdular

 

Manşet
 18-09-2023, 17:18     169

"Sentyabrın 9-da Eldar Həsənovla görüşümüz olub. Səhhətində olan problemlər qalır".

Bunu "Unikal"a açıqlamasında 10 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş baş prokuror, sabiq səfir Eldar Həsənovun vəkili Cavad Cavadov deyib.

Vəkil bildirib ki, E.Həsənovun ürəyində yaranan problemlərlə bağlı portativ aparat qoşublar.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib. Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.

Onu da qeyd edək ki, E. Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, 2000-2001-ci illərdə BMT Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq Proqramının Türkiyə və MDB ölkələri üzrə Koordinatoru, 2001-2013-cü illərdə Rumıniya, 2013-2020-ci illərdə Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26