Interposta.Info

Prokuror Eldar Həsənova cəza istədi

 

Ölkə / Manşet
 7-01-2022, 11:58     451

Prokuror Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"İnterPosta" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə (179.3.2), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə (308-1.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini diqqətə çatdırıb.

Dövlət ittihamçısı toplanmış kifayət qədər sübut və dəlilləri, həmçinin şahid ifadələrini əsas gətirərək Eldar Həsənovun elan olunmuş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib. Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26