Interposta.Info

 

Badamdarda narazılıq: MTK binanın idarəçiliyini sakinlərə niyə təhvil vermir? - AÇIQLAMA + FOTO

Manşet
 4-09-2023, 17:34     214

Bakıda yaşayış binasında sakinlərlə Mənzil Tikinti Kooperativi (MTK) arasında insident yaşanır.

Bununla bağlı Oxu.Az-a müraciət edən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən binanın sakinləri məlumat veriblər. Onlar qeyd ediblər ki, 2019-cu ildə “MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən tikilib istifadəyə verilən binanın idarə edilməsi məqsədilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaratsalar da, nəticə əldə edilməyib.

MMMC-nin sədri Rəşad Əhmədovun sözlərinə görə, binanı inşa edən MTK-nın idarəetmə ilə bağlı lazımi keyfiyyətlərə malik olmaması, binanın problemlərinə biganəliyi, sakinlərin iradlarına laqeyd yanaşılması, sakinlərlə kobud rəftar edilməsi, fəaliyyətinin şəffaf olmaması və s. kimi neqativ məqamlar var idi. Bütün bunlar sakinlərin böyük bir hissəsinin haqlı narazılığına səbəb olub:
“Ona görə, sahə mülkiyyətçilərinin ümumi yığıncağında sakinlər mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlardan istifadə edərək, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) təsis edilməsi barədə qərar qəbul etdilər. 2023-cü il mayın 11-də “Səbail-11” MMMC qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alındı. Bundan sonra MTK-ya məktubla müraciət edərək təhvil-təslim prosesinə başlamasını xahiş etdik. Təəssüf ki, bu müraciətimiz də cavabsız qaldı. Keçirilmiş görüş zamanı isə MTK sədri idarəçiliyi MMMC-yə təhvil vermək niyyətində olmadığını bildirdi. Hazırda bu qanunsuzluq davam edir və binanın idarəçiliyi MTK-da qalır. Hələ bu azmış kimi, MTK tərəfindən Müştərək Cəmiyyətin İdarə heyətinin üzvlərinə qarşı təzyiqlər edilir, onlar barəsində hüquq mühafizə orqanlarına şikayətlər yazılır və onların çalışdığı müəssisələrə böhtan xarakterli məktublar göndərilir. MTK rəhbərliyi müxtəlif vasitələrlə sakinləri öz tərəfinə çəkməyə çalışır, binanın idarəçiliyini təhvil verməmək üçün sakinləri bir-birinə qarşı qoyur. Bütün bu proseslərin fonunda binanın həll edilməmiş problemləri, sakinlərin yeraltı qarajdan istifadəsinə məhdudiyyətlər, içməli suyun qumlu gəlməsi və s. natamam idarəçilikdən qaynaqlanan məsələlər hələ də həllini tapmayıb”.

İnterPosta.info



Sakinlərin iddialarına MTK-dan cavab almaq üçün şirkətə müraciət ünvanladıq. “MVVL Verus Praedium MTK”dan bildirilib ki, hazırda təhvil verilməsi müzakirə predmeti olan bina 119 saylı Sərəncam əsasında inşa edilib:

“120 saylı Sərəncam əsasında ayrılan ərazidə isə yaşayış binasının inşası davam etməkdədir. Ona görə də MTK-nın ləğv edilməsi istisnadır. Bununla yanaşı, qeyd etməyi zəruri hesab edirik ki, inşası başa çatmış binanın idarəetmə üsulunun seçilməsi təşəbbüsü ilə ilk dəfə məhz MTK çıxış edib. Belə ki, MTK bununla bağlı sakinlərə, eləcə də Ədliyyə Nazirliyinə rəsmi müraciət edərək, binanın idarə üsulunun seçilməsi təklifini ünvanlayıb. Bundan sonra, “Səbail-11” MMMC dövlət qeydiyyatına alınmış və 01.06.2023-cü il tarixli məktubla MTK-ya müraciət edərək binanın təhvil verilməsi xahiş edilib. Eyni zamanda, binanın 116 nəfərdən ibarət sakinlərinin imzası ilə MTK-ya 01.06.2023-cü il tarixli kollektiv müraciət daxil olub. Həmin müraciətdə sakinlər bildiriblər ki, “Səbail-11” MMMC-nin təsis edilməsi ilə bağlı keçirilməsi nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağı faktiki olaraq baş tutmayıb, idarə heyətinin sədri Rəşad Elşad oğlu Əhmədov üç aya yaxın müddətdə qapı-qapı gəzərək formal olaraq imza toplamaqla məşğul olub, həmin şəxsin seçilməsinə onların heç bir razılığı olmayıb və bütün bunları nəzərə alaraq binanın “Səbail-11” MMMC-yə idarə edilməsi üçün təhvil verilməsinə qətiyyətlə etiraz etdiklərini və bunun təxirə salınmasını və yaşayış binasına kommunal xidmətlərin göstərilməsini davam etdirməyi istəyiblər.

Odur ki, qeyd edilənlər “Səbail-11” MMMC-nin qeyri-sağlam durumda olduğuna dəlalət edir. Çox güman ki, həmin təşkilatın idarə heyəti öz şəxsi maraqlarını sakinlərin rifahından üstün tutan şəxslərdən formalaşıb. Ona görə də binanın təhvil verilməməsinin səbəblərini MTK-da deyil, “Səbail -11” MMMC-də axtarmaq lazımdır”.

“MVVL Verus Praedium MTK” rəhbərliyi sakinlərin iş yerlərinə şikayət məktublarının yazılmasının səbəbini də izah edib:
“Bəzi üzvlərin iş yerinə şikayətlərin yazılmasının səbəbi həmin şəxslər tərəfindən binanın blokların giriş hissələrində, eləcə də mənzillərin giriş qapılarında elan yerləşdirərək elanda yalan olduğunu bilə-bilə MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumat yayılması ilə bağlı olub. MTK, bununla əlaqədar şikayət ünvanlayıb və mülki hüquqlarının qorunması üçün müvafiq məhkəməyə müraciət edib”.

Tərəflərin mübahisəsi ilə bağlı Oxu.Az-a danışan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev isə vurğulayıb ki, Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir:



“Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər mənzil qanunvericiliyinə uyğun Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaratmaq hüququna malikdirlər. MMMC qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Yəni əsas məqsəd mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir.

Həmçinin Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin binanın idarə edilməsi məqsədilə üç idarəetmə üsulundan - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmənin birini seçməyə borclu olduğu müəyyən olunub.

MMMC çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səs çoxluğu ilə fəaliyyət müddəti məhdudlaşdırılmadan yaradılır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmış iştirakçıların səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir.

Əgər MMMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılıbsa, o halda, MTK-nın binanı təhvil vermək istəməməsi qanunsuzdur. Sakinlər bununla bağlı məhkəməyə müraciət edə bilərlər”.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26