Interposta.Info

Prokurorluq Rəşad Dağlının qətl törətməsi ilə bağlı məlumat yaydı (TƏFƏRRÜAT/YENİLƏNİB)

Manşet / Maqazin
 9-11-2022, 12:07     1 028



Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan "İnterPosta"ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

09:31

Rəşad Dağlı qətli törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib və təslim olub.

Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.

"Məlumata görə, onlar arasında daha əvvəl də ədavət olub”, - E.Hacıyev qeyd edib.

08:57

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb.

08:49

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir - red) bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt "Report”a təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26