Interposta.Info

Orta məktəblər pullu təhsil? - operativ reaksiyalar

Manşet
 29-09-2017, 00:40     10 626

Məlahət Mürşüdlü: “Orta məktəblər tam olaraq özünü maliyyələşdirməyə keçəcəksə, ölkədə savadsızlıq baş alıb gedəcək”; Kamran Əsədov: “Hər bir məktəbin qanuni əsaslarla böyük gəlir əldə etmək imkanı var”

2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub. “Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir”.

M.Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib:
“Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır”.

Təhsil Nazirliyi məsələnin bu cür olmadığını desə də, artıq bəzi reaksiyalar var.
Orta məktəblər pullu təhsil? - operativ reaksiyalar


Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, əgər orta məktəblər tam olaraq özünü maliyyələşdirməyə keçəcəksə, ölkədə savadsızlıq baş alıb gedəcək:
“Bunun hələ ki, hüququ əsası, nizamnaməsi, həyata keçirilmə mexanizmi ortada yoxdur. Əgər bizim orta məktəblər özəl məktəblər kimi pullu olacaqsa, bu yol verilməzdir. Bu bizim həm konstitusiyamıza, həm də təhsil qanunumuza tamamilə zidd olan bir hərəkətdir. Əgər orta məktəblər tam olaraq özünü maliyyələşdirməyə keçəcəksə, ölkədə savadsızlıq baş alıb gedəcək. Çünki valideynlərin iqtisadi vəziyyəti o halda deyil ki, pul verib uşağını 11 il oxutdursun. Əgər özünü maliyyələşdirmə 9 illik təhsili nəzərdə tutmursa, 10-11-ci siniflərdən söhbət gedirsə, bu başqa məsələdir. Bu eyni zamanda birbaşa repetitorluğun aradan qaldırılması deməkdir. Bunun özü də yenə də savadsızlığa yol açacaq. Çünki sinifdə oxuyan bütün şagirdlər repetitor yanına getmir.

Düşünürəm ki, bizim orta məktəblərə icazə verilib ki, bəzi sinif otaqlarını, idman zalını, yemək otağını icarəyə verilsin. Əgər özünü maliyyələşdirmə 1-11-ci sinifləri əhatə edəcəksə, bu hansı istiqamətdə olacaq. Özün maliyyələşdirməyə müəllimlərin əmək haqqı, texniki personalın əmək haqqı daxildirmi yoxsa yalnız məktəblərin əsaslı təmiri, maddi texniki təminatı bura daxildir. Yoxsa bunlar dövlət hesabına ödəniləcək. Məktəblər yalnız kağız pulu, işıq pulu, su pulu, bir sözlə kommunal xərcləri özləri ödəməyi maliyyələşdirəcəklər. Ona görə də bu suala tam olaraq cavab vermək qeyri mümkündür. Çünki hələ ki, bir əsasnamə yoxdur. Ola bilsin ki, bu məktəblərin, ictimaiyyətin nəbzini yoxlamaq üçün ortaya atılmış bir ideyadır. Bu ideya necə gerçəkləşəcək, bunun həyata keçirilməsinin hüquqi əsası necə olacaq, hansı mexanizmlərdən istifadə ediləcək, bu artıq gələcəyin işidir”.
Orta məktəblər pullu təhsil? - operativ reaksiyalar


Digər təhsil eksperti Kamran Əsədov isə hər bir məktəbin qanuni əsaslarla böyük gəlir əldə etmək imkanı olduğunu dedi:
“Artıq 2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsi başlayıb. Burda maliyyələşmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur. Bilirsiniz ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının tələblərinə görə dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burada tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700 dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heçdə 10 mindən az olmayan bu və ya digər fəaliyyət və fənlərdən repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyir, həmdə gəlir əldə edirlər. Hər bir məktəbin böyük məbləğdə gəlir əldə etmək imkanı var, əlbəttə ki, qanuni əsaslarla. Daha bir çox məktəb direktoru kimi qeyri qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Məktəbin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, məktəbdə rəqs dərsləri, şahmat dərsləri keçirmək olar. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanlarına malikdir. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Məktəb rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür. Əlbəttə ki, yox. Çünki qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur. Bundan başqa orta məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta məktəblərin pullu olması mümkün deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26