"Bakı və Abşeron yollarında sürət həddinin dəyişdirilməsi..." - Ekspert
"Bakı şəhərinin və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsidir..."
Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, vaxtilə sürücüləri sıx məskunlaşma ərzilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər (yüksək sürətlə hərəkətə təhrik edən yol infrastrukturu, qanundan kənar sürət həddinin tətbiqi və s.) olmamalı idi, yaxud çoxdan aradan qaldırılmalı idi:
"Nəhayət ki, edildi. Amma iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün dövlət proqramında nəzərdə tutulan xeyli digər işlər (yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və s.) də görülməlidir”.
Ərşad Hüseynov qeyd edib ki, ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır:
"Qərar qəbul edənlər (bu halda DYP və BNA) müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, hər kəs (piyada, sürücü, sərnişin) üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət (mobillik) mühitinin yaradılmasına xidmət edəcək. Bu qərarla bağlı bəzi irad və təkliflərimiz də var. Yeri gəlmişkən, danışılan bu qərar hələ tətbiq edilməyib. Onun icrası üçün yollarda hərəkətin təşkilinə uyğun dəyişikliklər edilməlidir (nişanların qoyulması və s.)”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26