Interposta.Info

Dövlət Agentliyi: “Azad edilmiş ərazilərdən elektrik enerjisi Zəngəzur dəhlizi ilə Avropaya ixrac ediləcək”

İqtisadiyyat
 28-02-2023, 19:09     329

İşğaldan azad edilmiş ərazilərdə artıq tam şəkildə enerjinin nəqli qismən də olsa yekunlaşmaq üzrədir, artıq paylanması infrastrukturları bərpa olunub.

Bunu Gürcüstanda səfərdə olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev APA-nın Tbilisi müxbirinə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə alternativ enerji mənbələrindən alınmış elektrik enerjisinin gələcəkdə Avropaya nəqli üçün heç bir texniki problem görünmür:

“İşğaldan azad edilmiş ərazilər tam şəkildə Azərbaycan Respublikasının enerji sisteminə inteqrasiya olunub. Bu baxımdan ixrac üçün texniki heç bir problem görünmür. İşğaldan azad edilmiş ərazilərdə çox böyük alternativ enerji potensialımız var. Xüsusilə də su (hidro) potensialımız çox ciddidir, eyni zamanda, günəş və külək potensiallarımız təxminən 10 geqavat həcmində qiymətləndirilir. Biz artıq BP ilə çox böyük, sənaye miqyaslı 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı sahə fəaliyyətlərinə başlamışıq və geoloji, geotexniki tədqiqatlar aparılır”.

Cavid Abdullayev qeyd edib ki, Şərqi Zəngəzurda istehsal edilən alternativ enerji Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql ediləcək:

“Bizim alternativ bir xəttimiz də Zəngəzur dəhlizi vasitəsilə nəzərdən keçirilir. Bildiyiniz kimi, Cəbrayılda artıq 330 kilovoltuq stansiyanın təməli qoyulub və may ayı üçün yekunlaşması nəzərdə tutulur. O stansiyanın da dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə istehsal edilmiş elektrik enerjisinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvana, oradan Türkiyəyə, Türkiyədən isə Avropa istiqamətində ixracı mümkündür, nəzərdən keçirilir və əmininik ki, bu belə də olacaq”.

Cavid Abdullayev Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin reallaşdırılması istiqamətində aktiv işə başlanıldığını qeyd edib. O əlavə edib ki, Azərbaycanın bu kabellə elektrik enerjisi nəqli sadəcə Rumıniya və Macarıstanla yekunlaşmayacaq, gələcəkdə digər Avropa ölkələrinə də elektrik enerjisinin nəqli planlaşdırılır:

“Bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji dialoq artıq başlayıb. Keçən ilin yayında Aİ Prezidenti Ursula fon der Lyayen Bakıda idi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə birlikdə müqavilə imzalandı və bu prosesə yeni nəfəs verildi. Bundan sonra dekabrın 17-də 4 ölkə arasında - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin iştirakı və nəqli sahəsində əməkdaşlığa dair razılaşma imzalandı və həmin prosesə start verildi. Razılaşmanın unikallığından biri ondan ibarətdir ki, onun daxilində reallaşdırılması mexanizmləri, alətləri qoyulub. Bunlar iki kollegiyalı orqandır - biri rəhbər komitədir ki, onun ilk iclası fevralın 3-də Yaşıl Enerji Məşvərət Şurası tərkibində nazirlərin ilk iclası çərçivəsində baş tutdu və 4 ölkənin nazirlərinin iştirakı ilə həmin format fəaliyyətə başladı. Həmin formata paralel olaraq işçi qrupun iclası da nəzərdə tutulur. İşçi Qrupun ilk iclası ötən həftənin cümə günü onlayn formatda baş tutdu. Çox ciddi məsələlər müzakirə edildi. Yəni bütün bu dəyər zənciri ilə bağlı - Xəzər dənizindən Avropaya, Rumıniya və Macarıstanadək. Təbii ki, bu proses yalnız bu ölkələrlə yekunlaşmayacaq. Avropanın digər ölkələri də daxil olmaqla geniş təhlillərə artıq start verilib və proses qarşılıqlı əməkdaşlıq çərçivəsində davam etməkdədir”.

Agentliyin direktoru Gürcüstanın Rumıniya ilə birlikdə Qara dənizdə başlatdığı geoloji işlərin Azərbaycan üçün kifayət etmədiyini bildirib:

“Gürcüstan tərəfi Rumıniya ilə birlikdə Dünya Bankının dəstəyi ilə (Qara dəniz) sualtı elektrik enerjisi kabeli istiqamətində araşdırmalar aparır. Geologiya məsələləri belədir ki, Gürcüstanın araşdırdığı həcmlərdən bizə bir qədər çox həcmlər lazımdır. Amma təbii ki, onların məlumatlarının bölüşülməsi sahəsində danışıqlar gedir, ilkin razılaşmalar var. Yəni Azərbaycan tərəfi və ümumiyyətlə avropalı tərəfdaşlarımız da həmin məlumatlardan təbii ki, müəllif hüququ qorunmaqla istifadə edəcəklər, yararlanacaqlar. Amma bizim üçün önəmli olan bütün dəyər zənciridir - Xəzər dənizindən ta ki Avropayadək, bu, onun bir hissəsidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26