Interposta.Info

Azərbaycan Qazaxıstandan daha çox  buğda idxal edəcək

İqtisadiyyat
 15-07-2022, 09:55     235

Rusiyanın Ukrayna taxılının dünya bazarına yolunu bağlaması ilə bəşəriyyət üçün yaranan aclıq təhlükəsi aradan qalxmaqdadır. Buna Türkiyənin təşəbbüsü ilə may ayından başlanan proses imkan verəcək. Türkiyənin BMT, Ukrayna, Rusiya ilə birlikdə Qara dəniz limanlarından Ukrayna taxılının daşınması üçün təhlükəsizlik dəhlizinin yaradılması ideyası reallaşma mərhələsindədir. İyulun 13-də İstanbulda dörtərəfli görüş və müzakirələr dəhlizin fəaliyyəti üçün zəruri olan demək olar ki, bütün detalların razılaşdırılması ilə nəticələnib. Bu barədə Türkiyənin milli müdafiə naziri Hülusi Akar görüşdən sonra məlumat verib. Nazir bildirib ki, İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.

Nazir əlavə edib ki, dördtərəfli görüşdə limanların çıxış və girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub. Akar həmçinin qeyd edib ki, tərəflər bütün detalları nəzərdən keçirərək görülən bütün işləri imzaları ilə təsdiq edəcəklər.

İstanbuldakı razılaşmalar barədə Ukrayna prezidenti Volodimir Zelenski də məlumat verib. O, danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirib.

BMT baş katibi Antoniu Quterreş isə İstanbulda başladılan müzakirələrlə bağlı optimist olduğunu deyib. Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi gələn həftə baş tutacaq və yekun razılaşmanın əldə olunması ehtimalı çox yüksəkdir.

Beləliklə, Türkiyənin bilavasitə təşəbbüsü və fəaliyyətləri nəticəsində dünya qlobal aclıq təhlükəsindən xeyli uzaqlaşmaqdadır. Ukraynada müharibə başlayandan bəri dünya taxıl ticarətinin əsas üzvlərindən biri olan bu ölkənin ixracının qarşısı Rusiya tərəfindən alınıb. Nəticədə Ukrayna limanlarında 20 milyon tona yaxın ixraclıq taxıl yığılıb qalıb. Rusiya Qara dəniz limanlarından ixraca imkan verməyin müqabilində Qərbin özünə qarşı sanksiyaları ləğv etmək tələbi qoymuşdu. Qərb isə bu tələbi qəbul etməyərək, Ukraynadan kənd təsərrüfatı məhsullarının alternativ marşrutlarla nəqlini təmin etməyə başladı. Avropa Birliyi Ukraynadan avtomobil və dəmir yolu ilə ixracı artırmaq üçün ölkə ilə ticarət və gömrük sahəsində olan bütün baryerləri aradan qaldırıb, əlavə stimullaşdırıcı mexanizmlər tətbiq edib. Nəticədə Avropa Birliyinin Ukrayna məhsullarının ixracı üçün mayın 12-dən təşkil etdiyi “həmrəylik yolu” ilə indiyədək 6 milyon ton məhsulun ixracı təmin edilib. Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin məlumatına əsasən, iyun ayında ixrac iki dəfə artırılmaqla 2,5 milyon tona çatdırılıb.

Bununla yanaşı, iyunun 30-da Ukrayna Qara dənizdəki İlan adasını azad etməklə Qara dənizdən Dunay çayına və əksinə gəmilərin keçidini təmin etmiş olub. Nəticədə Ukraynanın ticarət gəmilərinin Dunayın mənsəbində - Bistre kanalı ilə hərəkəti başlayıb. Ölkənin İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bununla da Ukraynanın Dunay limanlarına (“İzmail”, “Reni” və “Ust-Dunaysk”) keçid təmin olunub. Buna qədər Ukraynanın Dunay limanlarında yük daşıyan gəmiləri yeganə yoldan - Rumıniyada yerləşən Sulina kanalından istifadə etmək məcburiyyətində qalırdılar. Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov vurğulayıb ki, Sulina kanalının tutumu Dunay limanlarına gündə ən azı səkkiz gəmi qəbul etməyə imkan verir.

Eyni zamanda Ukrayna hökuməti rumıniyalı həmkarları və Avropa Komissiyasının nümayəndələri ilə Sulina kanalından keçidlərin sayını artırmaq üçün danışıqlar aparır: “Bu şərtlərdə və Bistredən keçən marşrutun mövcudluğunda bir həftə ərzində gəmilərin reyddə yığılmasının aradan qaldırılacağını və aylıq taxıl ixracını 500 min ton artıra biləcəyimizi gözləyirik”.

Məlumata görə, 90-dan çox gəmi Ukrayna limanlarına daxil olmaq üçün Sulina kanalının kənarında öz növbəsini gözləyir.

Beləliklə, Rusiya Qərbin onun tələbləri ilə razılaşmayacağını görərək siyasətini dəyişməklə Qara dəniz limanlarının mühasirədən çıxarılmasına razılıq verməli oldu. Moskvanın bu qərarında Türkiyənin rolu da çox böyükdür. Belə ki, hər tərəfdən sıxışdırılan Rusiya üçün Türkiyə Yaxın Şərqə yeganə nəfəsliyə çevrilib. Avropa Birliyi ölkələri öz limanlarını Rusiya gəmilərinə bağladığı bir vaxtda ölkənin öz məhsullarını, əsasən də kənd təsərrüfatı məhsullarını Yaxın Şərq bazarına çatdırması üçün Türkiyə ilə münasibətlərin saxlanması son dərəcə vacib amildir. Belə ki, Avropa Birliyinin Rusiya gəmilərinə bu qadağası, həmçinin onlara sığorta, maliyyə xidmətlərinin göstərilməsini dayandırması nəticəsində Rusiya öz məhsullarının ixracında böyük çətinliklərlə üzləşir. Ölkənin İxracatçılar İttifaqı iyulun 13-də açıqlama yayaraq hətta ABŞ banklarının Rusiyanın ixrac əməliyyatlarının maliyyə tərəfini daha rahat icra etdiyini, Avropa banklarının bundan qətiyyətlə imtina etdiklərini bəyan edib. İxracda yaranan bu problemlər üzündən Rusiyada yeni mövsümə keçəcək taxılın həcmi rekord səviyyədə - 14 milyon ton olacaq. Artıq başlanmış olan yeni mövsümdə əkin sahələrinin azalmasına rəğmən məhsuldarlığın yüksək olması nəticəsində keçən ilkindən daha çox taxıl əldə olunacağı gözlənilir. Bu isə Rusiyada daha çox taxılın ixrac edilməyəcəyi təhlükəsi yaradır.

Qeyd edək ki, bu il dünyada taxıl istehsalının gözlənildiyindən daha yüksək olacağı bildirilir. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) dünyada gözlənilən taxıl istehsalı proqnozunu artırıb. Təşkilatın iyul hesabatına əsasən, 2022-2023-cü il mövsümündə dünyada iyunda proqnozlaşdırılandan 7 milyon ton artır - 2 milyard 792 milyon ton taxıl istehsal olunacaq. Bu, 2021-2022-ci il mövsümündən cüzi - 0,6 faiz azdır.

FAO-nun proqnozuna əsasən, yemlik taxıl istehsalı iyundakı göstəricidən 6,4 milyon ton daha çox olmaqla 1 milyard 501 milyon tona çatacaq. Lakin bu məhsulun istehsalı keçən ilkindən 0,5 faiz az olacaq. 2022-2023-cü il mövsümündə qlobal taxıl istehlakı 9,2 milyon ton artırılmaqla 2 milyard 797 milyon tona çatacaq. Bu isə ötənilkindən 1,7 milyon və ya 0,1 faiz azdır. 2023-cü ildə mövsümün sonuna qalacaq taxıl ehtiyatlarına dair proqnozunu da FAO 7,6 milyon ton artırmaqla 854 milyon tona çatdırıb. Bu, indiki həcmdən 0,6 faiz aşağıdır.

FAO-nun proqnozuna əsasən, bu mövsümdə taxıl ticarətinin həcmi əvvəlki aydakı proqnozdan 4,8 milyon ton çox olmaqla 468 milyon ton təşkil edəcək.

FAO-nun hesablamaları göstərir ki, son iki ayda dünyada taxılın qiymətində davamlı azalma müşahidə olunur. Belə ki, iyun ayında qlobal taxıl qiymətləri indeksi maydakına nisbətən 4,1 faiz azalmaqla 166,3 bənd olub. Bu zaman buğda qiymətləri 5,7 faiz azalıb. Lakin taxılın qiyməti 2021-ci ilin iyunu ilə müqayisədə 27,6 faiz, buğdanın qiyməti isə 48,5 faiz yüksəkdir.

Ukrayna taxılının dünya bazarına çıxması ilə qiymətlərdə azalma prosesinin sürətlənəcəyi gözlənilir.

Onu da qeyd edək ki, Rusiyadan buğda ixracının azalması qonşu ölkələr üçün əlverişli mühitin formalaşması deməkdir. Çünki uzaq xaricə ixracı azalan Rusiyada məhsul bolluğu yaranacaq ki, bu da ondan buğda alan qonşular üçün qıtlıq təhlükəsinin olmayacağı deməkdir. Belə qonşulardan biri də Azərbaycandır. Ölkəmiz ərzaqlıq buğda təminatının mühüm hissəsini idxal hesabına təmin edir. İdxalımızda isə Rusiyanın payı hələ də böyükdür. Ötən ildən Rusiya buğda ixracına əlavə gömrük rüsumu tətbiq edib. Bu isə oradan alınan buğdanın digər ölkələrlə müqayisədə daha baha başa gəlməsini şərtləndirib. Nəticədə Azərbaycan şirkətləri buğda üçün üzlərini yenidən Qazaxıstana yönəltməyə başlayıblar. Bu isə son 5 ildə buğda idxalımızda 90 faizdən yuxarı olan Rusiyanın payının kəskin azalmasına səbəb olub. Çox müsbət məqam budur ki, Azərbaycan buğda idxalını ciddi şəkildə diversifikasiya edib. Belə ki, bu ilin yanvar-aprel aylarında idxal olunan 308 min 42,72 ton (105 milyon 270,19 min dollar) buğdanın 132 min 388,06 tonu (44 milyon 554,91 min dollar) Qazaxıstandan, 175 min 654,65 tonu (60 milyon 715,27 min dollar) Rusiyadan alınıb. Bu, buğda idxalımızın 43 faizinin Qazaxıstandan, 57 faizinin isə Rusiyadan reallaşması deməkdir. Halbuki ötən il idxalımızın 90 faizdən yuxarısı Rusiyadan reallaşırdı.

Rusiya özü buğda ixracına əlavə rüsum tətbiq etməklə kifayətlənməyərək, Qazaxıstandan eyni addım atmasını tələb edir. Rəsmi Astana isə bu tələblə razılaşmır. Builki mövsümdə Qazaxıstanda keçən mövsümdən daha yüksək məhsul əldə olunması gözlənilir. Bu isə o deməkdir ki, Azərbaycan öz buğda təminatının daha çox hissəsini Qazaxıstandan həyata keçirə biləcək.

Məlumat üçün bildirək ki, 2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 355 min 625 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsin məlumatına əsasən, bu, ötən ilin eyni dövründəki idxaldan 36,6 min ton azdır - 2021-ci ilin 5 ayında buğda idxalımız 392,213 min ton təşkil etmişdi.

Həcm ifadəsindəki azalmaya baxmayaraq, buğda üçün xaricə ödədiyimiz pul kəskin artıb. Belə ki, 2021-ci ilin yanvar-mayında 392 min ton buğdaya 99,8 milyon dollar ödəmişdiksə, bu ilin eyni dövründə 355,6 min tona 124 milyon dollardan yuxarı vəsait ödənilib. Beləliklə, aydın olur ki, ötən il buğdanın 1 tonunu 254,4 dollara almışdıqsa, bu il 348,8 dollara almalı olmuşuq.

Bu mövsümdə ölkəmizin öz-özünü buğda ilə tam təmin etməsi real deyil. Belə ki, bu il ölkə üzrə buğda əkinlərinin sahəsində azalma müşahidə olunmaqdadır. Ötən il ölkədə 608,5 min hektar sahədə payızlıq buğda əkilmişdisə, bu ilin məhsulu üçün əkin sahələri 6,4 min hektar azalmaqla 602,1 min hektara düşüb. Lakin yazlıq buğda əkinləri keçən ilkindən 2,2 dəfə çox olmaqla 4,2 min hektar təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyundan başlanan taxıl biçini prosesində iyulun 11-dək sahələrin 83,6 faizində yığım başa çatıb. Bu sahələrdən 2,5 milyon ton taxıl əldə olunub. Buğda sahələrində orta məhsuldarlıq 1 hektar üçün 31 sentner təşkil edir.

Buna baxmayaraq, ölkənin bu il özünü təmin edəcək qədər keyfiyyətli buğda istehsal etməsi real deyil. Uzunmüddətli planda isə Azərbaycan buğda ilə özünü tam təmin etmək, hətta ixracatçıya çevrilməyi hədəfləyir. Bu istiqamətdə İsraillə sıx əməkdaşlığa başlanıb. İsrail mətbuatının yazdığına inansaq, iki ölkənin birlikdə həyata keçirməyə hazırlaşdığı böyük layihə 2025-ci ildən etibarən Azərbaycanın buğda ixracatçısına çevrilməsinə hesablanıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26