Interposta.Info

Taxıl böhranına son qoyulmayacaq – Ekspert

İqtisadiyyat
 16-06-2022, 19:31     293

Deyəsən, Ukrayna ətrafında yaşanan taxıl böhranı nəhayət ki, aradan qalxacaq. Belə ki, ABŞ Prezidenti Co Bayden Vaşinqtonun taxıl ixracını asanlaşdırmaq və ərzaq qiymətlərinin bahalaşmasının qarşısını almaq üçün Polşanın Ukrayna ilə sərhədində müvəqqəti taxıl anbarları tikəcəyini bildirib.

"Biz Ukrayna sərhədində, o cümlədən Polşada müvəqqəti anbarlar tikəcəyik ki, məhsulu bu anbarlara, sonra isə onu okeana daşımaq və bütün dünyaya çatdırmaq üçün Avropa vaqonlarına yükləyə bilək”-deyə Bayden bildirib.

Qeyd edək ki, Ukrayna taxılının dəniz vasitəsilə alıcılara çatdırılması Rusiyanın Qara dəniz limanlarını blokadaya alması səbəbindən mümkünsüz hala gəlib. Nəticədə dünya ciddi ərzaq böhranı ilə üz-üzə qalıb. Problemin həll olunmaması fonunda bu ilin sonuna doğru böhran daha kəskin müstəviyə daxil ola bilər. Bu günə qədər həmin istiqamətdə müxtəlif variantlar müzakirə edilib. Belarusdan keçməklə Ukrayna taxılının Baltik limanlarına daşınması variantı həmin ölkəyə sanksiyaların ləğv edilməməsi səbəbindən baş tutmayıb.

Türkiyənin bu istiqamətdə səyləri də görünür nəticə verməyib. Belə ki, Ankara Qara dənizdən taxılın daşınması ilə bağlı Moskva və Kiyevlə bir müddət danışıqlar aparıb. Amma Ukraynanın Rusiyanın istəyinə uyğun limanları minalardan təmizləməkdən vaz keçməsi təşəbbüsün hələlik reallaşmamasına səbəb olub. Bu fonda, taxılın daşınması üçün ABŞ tərəfindən Polşadan keçməklə yeni yol təklif olunur.

Məsələni "İnterPosta"-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Ukrayna taxılının daşınması üçün çıxış yolunun tapılması taxıl böhranının aradan qaldırılmasına müəyyən dərəcədə müsbət təsir etsə də, amma bu, qiymətin ucuzlaşmasına gətirib çıxarmayacaq:

"Təbii ki, bu mümkündür. Ukraynadan qərb istiqamətə dəmir yolları hələ ki, işlək vəziyyətdədir. Dəmir yolu ilə Polşaya, oradan da taxılı həmin ölkə və Pumıniyanın limanlarına daşımaq texniki olaraq mümkündür. Düzdür, bu yolun seçilməsi fonunda loqistika daha baha başa gələcək. Bu isə taxıl qiymətinin artımına səbəb olacaq. Lakin bununla belə, atılan bu addımın ümumilikdə dünyanı bürüyən taxıl böhranına son qoyacağını demək çətindir. Burada mif və reallıqlar da var. Ukrayna ən yaxşı halda dünyaya 20 milyon ton taxıl sata bilər. Bu isə dünyanın taxıla olan tələbatının 2 faizi belə etmir. Bəli, bu addım bəzi yoxsul ölkələrə, daha çox da Afrikaya müsbət təsir göstərəcək. Amma ümumilikdə bu, dünyadakı ərzaq taxılı böhranına açar olmayacaq.

Çünki Kanada və Hindistan kimi iki böyük taxıl istehsalçı ölkəsində də məhsuldarlaıq aşağı düşüb. Hindistanda təbii fəlakət, yağış və quraqlığa görə, məhsuldarlıq 15 faiz aşağı olub. Kanadanın da taxıl istehsalı azalır. Ukrayna taxılının daşınması yolunun tapılması taxıl böhranının aradan qaldırılmasına müəyyən dərəcədə müsbət təsir edəcək, amma bu qiymətləri aşağı salmayacaq. Ən azından bu il ərzində taxılın qiyməti indiki kimi yüksək səviyyədə qalacaq. Pandemiyadan öncəki qiymətlərə baxanda taxılın qiyməti 2 dəfədən çox bahalaşıb. 180 dollardan 420-450 dolaradək qalxıb”. \qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26