Interposta.Info

Tikinti şirkətinin vergi maxinasiyası - “Sahil-S İnşaat” vergidən necə yayınır?

İqtisadiyyat
 7-09-2021, 18:35     397

Yeni Günəşli qəsəbəsində yaşayış binası tikən "Sahil-S İnşaat” MTK-nın rəhbəri Allahverdiyev Taley Şamil oğlunun vergidən yayındığı üzə çıxıb.

Bu barədə "İnterPosta"-ya həmin binadan mənzil alan sakinlər bildirib. Onların sözlərinə görə, şirkət mənzillərin əksəriyyətini artıq satıb. Sakinlər bildirir ki, hazırda mənzillərin təxminən 97 faizinin sahibi var:

"Lakin Taley Allahverdiyev mənzillərin çoxunun satılmadığını deməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini aldadır və vergidən yayınır. Payçıları aldatmağı azmış, dövlətə də kələk gəlmək istəyən şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var. Dövlət Vergi Xidməti "Sahil-S İnşaat” MTK-nın fəaliyyətini araşdıracağı təqdirdə şirkətin vergidən necə yayındığı aşkar olunacaq. Təbii ki, bunun da cərimə sanksiyası az deyil".

Şikayətçilərin sözlərinə görə, MTK onlarla imzaladığı müqaviləni qanunsuzluq edərək pozur, xitam verir, yeni müqavilə tərtib edir və mənzillərin qiymətini qaldırır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir:

"Paralel olaraq isə vergi fırıldağına yol verilir. Ona görə də bu şirkətin işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə gəlməlidir. Əgər vergidən yayınma faktı aşkarlanarsa, Taley Allahverdiyev barəsində cinayəti işi başlana bilər. Mənzillərin 97 faizi satıldığı halda şirkət rəhbəri qırmızı yalanlar danışa bilir. Bu minvalla vergidən yayındırdığı vəsait mənimsənilir. Halbuki binanın sonuncu mərtəbəsinin tikintisi yarımçıq qalıb. Şirkət ən azı tikintini yekunlaşdıra bilərdi. Amma nə bizə hesabat verilir, nə tikintinin dayanmasının səbəbi izah olunur, nə də normal söhbət aparılır. Bəs bu işi təhvil verə bilməyəcəkdilərsə, yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı. Bu da nəticəsi...”

Sakinlər Baş Prokuror Kamran Əliyevə də müraciət ediblər. Bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Onlar üzləşdiyi problemlə bağlı Baş Prokurorluqdan xahiş edir ki, təcili şəkildə araşdırma aparılsın və "Sahil - S İnşaat” MTK-nin bu fəaliyyəti təftiş olunsun:

"Cənab Baş Prokuror, biz alnımızın təri, zəhməti ilə pul yığıb ev-eşik sahibi olmaq istəmişik. Bu şirkətlə müqavilə bağlayıb ev sahibi olanda sevinmişdik ki, nəhayət, kirayələrdən canımız qurtarır. Amma çox çəkmədi ki, sevincimizi ürəyimizdə qoydular. Bir müddət sonra şirkət tikintini dayandırdı, sonuncu mərtəbəni indiyə qədər inşa edib təhvil verməyiblər. Biz dəfələrlə müraciət etdik, tikintinin davam etdirilməsini tələb elədik, amma maliyyə problemi ilə əlaqələndirib iş görmədilər. İndisə yeni problemlə üzləşmişik, şirkət nəinki tikinti aparmır, mənzilləri təhvil vermir, üstəlik, müqavilələrə xitam verir, yeni qiymətlər irəli sürür. Bununla kim razı olmursa, məhkəməyə verilir və mənzilinin əlindən alınacağı ilə təhdid olunur. Bu nə özbaşınalıqdır?”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26