Interposta.Info

Rusiya Azərbaycandan pomidoru vaqonlarla daşımağa icazə verdi

İqtisadiyyat
 14-06-2021, 10:15     191

Rusiya tərəfi iyunun 15-dən etibarən Azərbaycandan bu ölkəyə pomidor və almanın dəmir yol vaqonları ilə daşınmasına icazə verib.

Bu haqda razılaşma iki ölkənin müvafiq səlahiyyətli strukturları arasında danışıqların yekunu olaraq əldə edilib. Məlumatı “KazaxZerno.kz” portalı bildirir.

Məlumata əsasən daşıma Azərbaycan tərəfinin qarantiyası əsasında (malların keyfiyyətinə dair təminat nəzərdə tutulur) həyata keçiriləcək. Lakin Azərbaycandan Rusiyaya pomidoru dəmir yol vaqonlarında daşımaq imtiyazı cəmi 31 tərəvəz yetişdirən şirkətə veriləcək, eləcə də alma yetişdirən 24 şirkət öz məhsullarını dəmir yol vaqonları ilə Rusiyaya daşıya bilərlər.

Rusiya tərəfinin israrlarına görə, bu kənd təsərrüfatı məhsullarının çatdırılması ancaq zəruri fitosanitar sertifikatların mövcudluğu və qaydalara tam əməl edilməsi şərti ilə mümkündür. Hər vaqonda ancaq bir növ məhsul və ancaq bir istehsalçının məhsulu daşıyna bilər. Payızda isə Azərbaycan təchizatçılarına Rusiyaya pomidor və almanı konteynerlərə daşımağa icazə verilməsi nəzərdə tutulur. Bu məsələyə oktyabrın 1-də baxılmalıdır.

Qeyd edək ki, son həftələr ərzində Azərbaycan-Rusiya sərhədində TIR-ların uzun növbələri hökm sürür. Bunun da əsas səbəbi mövsümlə əlaqədar olaraq Azərbaycandan Rusiyaya pomidor və digər kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının sayının kəskin artmasıdır. Məsələ burasındadır ki, Rusiya tərəfi malların dəmir yol vaqonları ilə daşınmasına icazə vermədiyi üçün istehsalçılar pomidoru və digər kənd təsərrüfatı məhsullarını bu ölkəyə TIR-larla yola salmalı olurdular. Nəticədə həm daşınma xərci artır, həm sərhəddə yaranan uzun növbələr səbəbindən mallar həftələrlə sərhəddə qalaraq xarab olurdu. Məhz bu problemlərə görə, Göyçay və Şəmkirdə pomidor yetişdirən fermerlər öz mallarını zibilliyə atmalı olublar. Fermerlər malları ixrac edə bilmədikləri üçün böyük ziyana düşdüklərini deyirlər.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26