Interposta.Info

"Ağstafa Aqropark"a qarşı "əməliyyat" - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

İqtisadiyyat / Manşet
 12-04-2021, 13:31     639

Ölkədə xüsusilə, 2018-ci ildən etibarən, bütün sahələrdə həyata keçirilən köklü dəyişikliklər cəmiyyətdə böyük rəğbətlə qarşılanır və birmənalı şəkildə təqdir edilir. Bu sırada vacib yer tutan vergi orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi və iş prinsiplərinin xeyli modernləşməsi sahibkarlıq subyektlərinin böyük mənada rahat nəfəs almaları ilə nəticələnib. Həqiqətən də, Mikayıl Cabbarovun əvvəl vergilər, daha sonra isə iqtisadiyyat naziri postunda gerçəkləşdirdiyi fəaliyyət özəl sektorun imkanlarını genişləndirib.

Bununla belə, əvvəlki iş metodundan imtina etməyə tələsməyən, sahibkarlıq subyektlərinə hələ də özlərinin qanunsuz gəlirlərinin təmin olunması üçün vasitə kimi baxan elementlərin vergi orqanlarından tamamilə uzaqlaşdırılmaması özəl sektorun başı üzərindəki "Demokl qılıncı”nın öz təhlükəsini saxladığı anlamına gəlir. Həmin elementlərin özbaşınalığı isə ölkə başçısının sahibkarlığın inkişafına dair verdiyi tapşırıq və tövsiyələri sabotaj etməkdən ibarətdir. Bu yazının əsas motivi də vergi orqanlarında kök atmış neqativ elementlərin sahibkarların fəaliyyətinə yaratdığı süni əngəllərdən bəhs olunur.

Hər şey isə ondan başladı ki, uzun illər Almaniyada yaşamış azərbaycanlı - Rəsul Orucov gəlib Ağstafa rayonunda Avropa modeli yaratmaq, ölkənin kənd təsərrüfatında inqilab etmək, xalqın rifahını yaxşılaşdırmaq üçün ölkə rəhbərinin iqtisadi islahatlar proqramına qoşulmaq istədi. Bunun üçün əlindəki bütün sərmayəni qoyub, "Ağstafa Aqropark" kimi nəhəng bir kompleks inşa etdirdi.

Kompleksin açılışında ölkə Prezidenti İlham Əliyev də iştirak etdi və Azərbaycanda analoqu olmayan bu obyektin ölkə iqtisadiyyatına hansı töhfələr verə biləcəyi barədə əvəzsiz fikirlərini də bildirdi. Hər şey də bundan sonra başladı. Aqroparkın inkişafı, ölkənin kənd təsərrüfatı sahəsində əldə edə biləcəyi uğurları "həzm edə” bilməyənlərin gizli planı işə düşdü.

2020-ci ilin mart ayında istifadəyə verilən kompleks heç 2-3 ay keçməmiş ölkədə pandemiya elan olunması səbəbindən işini dayandırmalı oldu. Buna baxmayaraq, Şəmkir şəhər 14 Saylı Ərazi Vergi İdarəsi şirkətdə onlayn yoxlama aparmaq qərarına gəlib və virtual yoxlamalar nəticəsində şirkətə 6 milyon ƏDV və mənfəət vergisi hesablanıb.

"Ağstafa Aqropark” MMC-nin Müşahidə Şurasının sədri Rəsul Orucov deyir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğu halda şirkətinin ƏDV və mənfəət vergisinə cəlb edilməsi gülüncdür. Çünki Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisindən başqa bütün digər növ vergilərdən azaddır. Sahibkar hesab edir ki, bu sanksiya deyil, "yükləmə”dir. Yəni, Səməd Vəliyev mövcud qanunvericiliyə əhəmiyyət vermədən, sırf sahibkarı oğru dünyasının dili ilə desək,"yükləyib”.

R. Orucov iddia edir ki, şirkətə qarşı bu münasibəti həmin idarənin rəhbəri Səməd Vəliyev göstərir: "Virtual yoxlamayla, özü də ki, vergilərdən azad müəssisə olduğumuz halda necə vergi verilə bilər? Guya bildirirlər ki, lazım olan sənədləri təqdim etmədiyimizə görə belə vergi hesablayıblar. Mən sözügedən məsələylə bağlı İqtisadiyyat Nazirliyinə də müraciət etmişəm. Onlar da məsələni araşdırmaq üçün Şəmkirdəki regional idarəyə göndərirlər. Ancaq məsələ sahibkarın xeyrinə həll edilmir”.

"Qafqazinfo” məsələylə bağlı Dövlət Vergi Xidmətinə müraciət edib. Onlar sahibkarın müraciətini araşdırdıqdan sonra məsələyə reaksiya verəcəklərini bildiriblər.

HAŞİYƏ:

Bu məqamda kiçik bir haşiyə çıxmaq istəyirik. Deməli, Şəmkir şəhər 14 Saylı Ərazi Vergi İdarəsinin rəisi Səməd Vəliyevin oğlu Əli Səməd oğlu Vəliyevin təsisçisi və direktoru olduğu "Ədiloğlu” MMC (VÖEN-6200284221) dövlətdən pandemiyaya görə (Laçın rayonunun qeydiyyatında olsa da, Ağcabədi rayonunda fəaliyyət göstərir - red.) 3 dəfə əvəzinə 6 dəfə yardım alıb və bu yardımın bir qismindən Sabirabad və Saatlı rayonlarında müvəqqəti məskunlaşmış Laçından olan məcburi köçkünlərə sovqat paylayıb.

Yuxarıda qeyd olunan məqamlar əsasında kiçik bir jurnalist araşdırması apardıq. Araşdırma zamanı mətbuatda belə bir məlumata rast gəldik ki, Səməd Vəliyevin oğlu Əli Vəliyev təsisçisi və direktoru olduğu "Ədiloğlu” MMC 2020-ci ildə pandemiyanın vüsət aldığı sürdüyü bir vaxtda Laçın rayonundan olan 100-dən artıq məcburi köçkünə yardım paylayıb.

Bəli, bu, ilk baxışdan təqdirəlayiq addımdır. Amma gəlin məsələnin pərdəarxası məqamlarına nəzər salaq. Məlumdur ki, bütün ölkələrdə olduğu kimi, ölkəmizdə də pandemiya bir çox sahibkarlıq subyektlərinə mənfi təsir göstərib. Lakin bununla belə, dövlət sahibkarlara dəstəyini kəsmədi və onlara mümkün köməkliyi etdi. İndi gəlin, pandemiya dövründə hər ay muzdlu işçilərin maaşla təmin edilməsi üçün dövlətdən vergilər idarəsinin elektron portalı vasitəsilə yardım alan müəssisələrin siyahısına nəzər salaq.

Öncə bildirək ki, «Ədiloğlu » MMC-nin Laçında qeydiyyata alınsa da, ərazi vahidliyi kimi Ağcabədi rayonunda yerləşir. Pandemiya ilə əlaqədar Ağcabədi rayonuna cəmi 3 dəfə maliyyə yardımının göstərilməsi nəzərdə tutulsa da, Səməd Vəliyevin oğluna məxsus adıçəkilən şirkət 6 dəfə dövlətə müraciət edərək, yardım almağa nail olub.

Daha bir maraqlı məqam isə odur ki, əgər bir müəssisə öz işçilərinə əmək haqqının verilməsi üçün dövlətdən yardım alırsa, hansı məntiq və maddi imkanla Laçından olan 100-dən artıq məcburi köçkünə sovqat paylayır? Sualın cavabı yəqin ki, İqtisadiyyat Nazirliyi və müvafiq hüquq-mühafizə orqanları üçün də maraqlı olar. Həmin dövrdə mətbuatda reklam olunan bu "yardım şousu” isə "hamam suyu ilə dost qazanmağa” bənzəyir.

Eyni dövrə dair "Ağstafa Aqropark”ın ictimai fəaliyyəti ilə bağlı da paralel bir araşdırma apardıq. Məlum oldu ki, "Ağstafa Aqropark”ın rəhbərliyi pandemiya dövründə vergi məmuru övladından fərqli olaraq, hər hansı yardım üçün dövlətə müraciət etmədən Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin əməkdaşları ilə birlikdə 2020-ci ilin aprel ayında 158 aztəminatlı ailəyə yardım edib. Yerli sakinlərin sözlərinə görə, "Ağstafa Aqropark” hər il müxtəlif bayramlar ərəfəsində aztəminatlı ailələrlə yanaşı, şəhid ailələri və qaziləri də unutmur. Müəssisə öz imkanları hesabına bu təbəqədən olan insanlara hər il bayram sovqatı göndərir.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan və regionun ərzaq təhlükəsizliyinin təminatında xüsusi əhəmiyyət daşıyan "Ağstafa Aqropark” məhz həmin müəssisədir ki, Şəmkir şəhər 14 Saylı Ərazi Vergi İdarəsinin rəisi Səməd Vəliyev orada virtual yoxlama apararaq, taxıl satışına görə 6 milyon manat ƏDV və mənfəət vergisi hesabladıb. Konkret desək, əhəmiyyəti qapalı gözlə də aydın görünən "Ağstafa Aqropark”ın fəaliyyətinin qarşısı "qərəzli qıfıllar”la alınır. O "qıfıl”ın "açar”ı isə Qanundur.

Bu qeydlərdən sonra yaranan suallarımızın ünvanı isə müvafiq qurumlaradır:

- Bir müəssisənin muzdlu işçiləri üçün dövlətdən yardım alaraq, kütləvi informasiya vasitələrini cəlb etməklə, məcburi köçkünlərə öz adından yardım paylamasının arxasında hansı niyyət dayanıb?

- Dövlət vəsaiti hesabına özü üçün imic formalaşdırmaq Səməd Vəliyev və onun iş adamı olan oğlu Əli Vəliyevin pərdəarxası saxtakarlıq və büdcə pulunu mənimsəməsi deyilmi ?

- 07.01.1997-ci ildə Bakı şəhərində anadan olmuş Əli Səməd oğlu Vəliyevin «Ədiloğlu» MMC-ni qeydiyyatda olduğu Bakı şəhərində yox, bir vaxtlar işğal altında olan Laçın rayonunda qeydiyyatdan keçirməsində məqsəd nədir?

Jurnalist araşdırmamız nəticəsində əldə etdiyimiz bütün sənədlərin surətini təqdim edirik. Dərc olunan suallara müvafiq qurumların cavabı çox maraqlıdır./7news.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26