Mikayıl Cabbarovdan məxfi tapşırıq:
Vergilər Nazirliyində rəhbər dəyişikliyi baş verərkən sahibkarlar, ekspertlər vergi sistemində dəyişikliyə ehtiyacı olan istiqamətləri qeyd edərək, Mikayıl Cabbarovun məhz həmin sahələrə diqqət yetirməsinin gərəkliyini bildirmişdilər.
Yeni nazirdən ən çox gözləntisi olanlar, əlbəttə, sahibkarlardır. Xatırladaq ki, Fazil Məmmədovun rəhbərliyi altında olarkən vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlər yaranmışdı. Belə ki, büdcə proqnozuna əməl olunması bəhanəsi ilə minlərlə sahibkara əsassız vergilər hesablanıb. Hesablanan vergini ödəməyənlərə irihəcmli cərimələr yığılıb, bir çoxları məhkəməyə verilib, əmlakı müsadirə olunub. Bir çox hallarda Vergilər Nazirliyinin hesabladığı borclara görə məhkəməyə müraciət edən sahibkarın hüquqları pozularaq, məhkəmənin yekunu gözlənmədən hesablarına həbs qoyulub, əmlakı əlindən alınıb.
Qeyd edək ki, vergi orqanlarının bu fəaliyyəti son vaxtlar bütün ölkəboyu narazılıqlara səbəb olmuşdu. İş o yerə çatmışdı ki, vergi orqanları ölkədə sahibkarlığın inkişafını əngəlləyən başlıca maneəyə çevrilmişdi. Fazil Məmmədov vəzifəsindən alınandan sonra aparılan müzakirələr göstərdi ki, bu narazılıqlar, vəziyyətin kritik həddə çatması müxtəlif dövlət qurumlarına məlum olub və həmin qurumlar mümkün olan qədər sahibkarların haqlı mövqeyi nəzərə alınıb.
Məsələn, Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin mətbuata verdiyi açıqlamaya görə, 2016-cı ildə inzibati-iqtisadi məhkəmələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Vergilər Nazirliyinin struktur qurumlarına qarşı qaldırılmış 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb. Bunlardan 688 (63,3 faiz) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9 faiz) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8 faiz) iddia isə mümkün sayılmayıb: "Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir”.
Lakin məhkəmələrin bu qərarları vergi orqanlarının sahibkarlara yönəlik mövqeyini dəyişmək üçün yetərli olmadı. Getdikcə artan narazılıqlar sonda ölkə rəhbərliyinin diqqətinə çatdırıldı və F.Məmmədov nazir postu ilə vidalaşmalı oldu. M.Cabbarovun təhsil naziri postundan Vergilər Nazirliyinə rəhbər gətirilməsi müəyyən qədər gözlənilməz olsa da, son günlərdə baş verənlər seçimin düzgün və məqsədli olduğunu göstərməkdədir.
Belə ki, biznes çevrələrindən verilən məlumatlara görə, yeni ilin ilk günlərindən etibarən əvvəlki illərdə çoxsaylı sahibkarlara, şirkətlərə hesablanmış vergi borclarının ləğv olunması prosesinə start verilib. Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq vergi orqanlarına təqdim olunması istənilir.
Aldığımız məlumata görə, sahibkarların vergi orqanlarından narazılıqlarının qısa müddətdə aradan qaldırılması, bu iki subyekt arasındakı münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisinə keçirilməsi barədə ölkə rəhbərliyi tapşırıq verib. M.Cabbarovun qarşısına qoyulan ilk və əsas vəzifə məhz bu münasibətləri səmərəli müstəviyə keçirmək, vergi sistemini sahibkarlığın inkişafına təkan verən quruma çevirməkdir. Yeni nazir isə bir aya yaxın müddətdə situasiyanı öyrənərək, yeni ilin ilk günlərindən narazı sahibkarların problemlərinin həlli istiqamətində fəaliyyətə başlayıb. Bu zaman ilk növbədə əvvəlki illərdə hesablanmış, ödənilməyən, yaxud ödənilməsi mümkün olmayan borcların silinməsi prosesinə start verilib. Eyni zamanda fəaliyyətdə olan sahibkarlara hesablanan və onların əsassız hesab etdikləri vergilərlə bağlı problemlərin həlli üçün də fəaliyyətlərə başlanılıb.
Mənbələrimizin verdiyi məlumata görə, vergi əməkdaşlarına bütün bu prosesləri ajiotaj yaratmadan, cəmiyyətdə vergi orqanlarına qarşı mənfi münasibət formalaşdırmadan aparmaq tapşırılıb.
Mənbə: "Yeni Müsavat”
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26