Interposta.Info

Yaxın aylarda neft bazarında nələr gözlənir? - Beynəlxalq mərkəzlərin proqnozları

İqtisadiyyat
 27-09-2020, 08:57     147

Dünya neft bazarında qiymət həyəcanı davam edir. Həftəni yeni ucuzlaşma dalğası ilə açan bazarda ikigünlük ləng yüksəlmədən sonra yenidən eniş qeydə alınmaqdadır.

Bu yazı hazırlanarkən Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 1 barel üçün 41,58 dollar, Nyu-Yorkun elektron birjasında WTI neftinin 1 barelinin qiyməti isə 39,85 dollar təşkil edirdi. Bu, hər iki marka üzrə 1 faizə yaxın azalma deməkdir. Həftənin əvvəlindən Brent 2,1 faiz, WTI isə 1,7 faiz qiymət itirib.

Azərbaycanın dünya bazarına çıxartdığı “Azeri Light” (CIF) markalı neftin qiyməti də azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,93 ABŞ dolları və ya 2,2 faiz azalaraq 41,53 dollar təşkil edib. Bazardakı qiymət həyəcanının bir neçə mühüm səbəbi var. Bunlardan birincisi, dünyanın bir sıra regionlarında koronavirus pandemiyasına görə yenidən karantin tədbirlərinin sərtləşdirilməsidir. Bura ilk növbədə Hindistan, Fransa, Böyük Britaniya aiddir.

Bundan əlavə, bazara çıxarılan neft həcmləri də artırılır. “Bloomberg” agentliyinin məlumatına görə, İraq oktyabrda çatdırılmaq şərtilə treyderlərə neft təklifini kəskin artırıb. Halbuki OPEK+ çərçivəsində hasilatı azaltmaq üzrə öhdəliyinə əməl edə bilməyən İraq hələ oktyabrda da may-iyuldan borclu qaldığı həcmləri azaltmalıydı. Bundan əlavə, həftənin əvvəli Liviyanın “National Oil Corp.” Şirkəti bəyan etdi ki, ölkənin şərqində neft hasilatını bərpa edir. Buna rəsmi Tripoli ilə Liviya Milli Ordusu adlı hərbi qruplaşmanın rəhbəri Xəlifə Həftər arasında əldə olunan razılaşma imkan verib.

Bütün bu bədbin xəbərlər fonunda hətta ABŞ-ın neft ehtiyatlarının azalması faktoru da neftin qiymətinə müsbət təsir edə bilməyib. Bazar üçün ən təhlükəli amil dünyada neft və neft məhsullarına olan tələbatın yenidən azalmasıdır.

Sentyabrın əvvəlində OPEK dünyada neftə olan tələbatla bağlı proqnozunu aşağıya doğru dəyişib. Qurum hesab edir ki, bu il üzrə gündəlik orta tələbat 0,4 milyon barel daha az olmaqla, 90,2 milyon barel təşkil edəcək. Bu azalma, OPEK-in bəyanatına görə, Asiyadan, xüsusilə Hindistandan açıqlanan zəif iqtisadi bərpa göstəriciləri ilə bağlıdır. Təşkilatda tələbatın bərpasının 2021-ci ilin birinci yarısından sonrakı dövrə qədər çəkməsini istisna etmirlər. Bundan əlavə, inkişaf etmiş ölkələrdə yanacağa tələbat gözlənildiyindən daha zəif sürətlə artır: “Proqnozlara əsasən 2021-ci ildə dünyada neftə olan gündəlik tələbat 6,6 milyon barel artacaq ki, bu da əvvəlki qiymətləndirmədən 0,4 milyon barel aşağıdır. Gündəlik orta tələbat 96,9 milyon barel təşkil edəcək”.

Bu zaman OPEK ABŞ, Kanada və Cənubi Amerikada qazma işlərinin bərpası nəticəsində gündəlik neft təklifinin 360 min barel artacağını gözləyir. Karteldənkənar hasilatçılardan neft təklifinin gündəlik azalmasının cəmi 2,7 milyon barel olacağı proqnozlaşdırılır. Bunun 1 milyon bareli ABŞ-ın, 1,1 milyon bareli isə Rusiyanın hesabına baş verəcək.

OPEK ölkələri avqustda gündəlik neft hasilatını 0,76 milyon barel artıraraq 24,05 milyon barelə çatdırıblar. Bu artım əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin hesabına baş verib. Bu, OPEK+ çərçivəsində əldə olunmuş razılaşmada nəzərdə tutulan artım həcmindən aşağı göstərici olduğuna görə OPEK ötən ay hasilatı azaltmaq öhdəliyinə 103 faiz əməl etmiş olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin neft ehtiyatları bu ilin iyulunda son 5 illik orta göstəricini 261 milyon barel ötməklə 3,2 milyard barel təşkil edib. İlkin məlumatlar, bu ölkələrdə neft ehiyatlarının aylıq ifadədə 4,5 milyon barel azaldığını göstərir.

OPEK-in ardınca Beynəlxalq Enerji Agentliyi də 2020-ci ildə neftə tələbata dair proqnozlarını bədbinləşdirib. Agentlik cari il ərzində gündəlik neft tələbatının 2019-cu ildəkindən 8,43 milyon barel az – 91,7 milyon barel təşkil edəcəyini gözləyir. Gündəlik neft tələbi əvvəlki hesabatdakından 350 min barel daha çox azalacaq. 2021-ci ildə isə Agentlik gündəlik neft tələbinin 5,45 milyon barel artmaqla 97,15 milyon barel olacağı qənaətindədir.

BEA yaxınmüddətli dövr üçün neftə tələbatın səviyyəsi ilə bağlı optimizmə əsas görmür:

koronavirusa yoluxma halları getdikcə artır, inkişaf etmiş ölkələrdə neft məhsullarının istehlakı çox ləng artır, aviadaşımalarda isə aktivlik daha aşağıdır. Karantin tədbirlərinin yumşaldılması nəticəsində benzinə olan tələbatdakı sürətli artım dayanıb, həmçinin pandemiyanın ikinci dalğası getdikcə daha real təhlükəyə çevrilməkdədir.

OPEK-in neft bazarı ilə bağlı bədbinliyi xeyli dərəcədə əsaslı hesab olunur. Bir tərəfdən Asiya ölkələrindəki, xüsusilə əsas neft alıcılarından biri olan Hindistandakı vəziyyət ürəkaçan deyil. Bu ölkənin nəqliyyat sektorunda neftə tələbatın böhrandan əvvəlki dövrdəki səviyyəyə ən azı 3-4 aydan sonra çatacağı gözlənilir. Bunun əsas səbəbi koronavirusa yoluxmada azalan dinamikanın hələ əldə olunmamasıdır.

Bu ilin avqustunda Hindistanda əsas yanacaq növlərinin satışı iyula nisbətən 7,5 faiz azalaraq 14,39 milyon ton təşkil edib. Ölkənin Neft və Təbii Qaz Nazirliyinin açıqladığı məlumata görə, bu, satış həcmlərində pandemiyaya görə nəqliyyatın hərəkətinə qadağa qoyulması nəticəsində apreldən bəri ən yüksək azalmadır. Avqustda Hindistanda ən çox istifadə olunan dizel yanacağının satışı 12 faiz(4,84 milyon tona düşüb), benzin 7,4 faiz(2,38 milyon ton) azalıb. Həmçinin maye qaz satışı 5 faiz, kerosin satışı isə 43 faiz düşüb.

Dizelə tələbat Avropada da kəskin aşağı düşüb.

"SOCAR Trading" şirkətinin icraçı direktoru Məryəm Almaszadənin sözlərinə görə, Avropada 2021-ci ilə qədər dizelə olan tələbatın bərpa olunma ehtimalı azdır və bu da regionda çətinlik çəkən neft emalı zavodlarına təzyiqi artıracaq. O, bildirib ki, hazırda anbarlar doludur və emal həcmləri çox aşağıdır.

Almaszadə onu da qeyd edib ki, tələbatın tezliklə bərpa olunacağını gözləmir və vəziyyət yalnız COVID-19 vaksinin tapılması və hər kəs üçün əlçatan olacağı təqdirdə kəskin dəyişə bilər: “Tələbatın tezliklə bərpa olunacağını gözləyirəmmi? Xeyr, bunu cari il və hətta sonrakı 6-9 ay ərzində görmürəm, təbii ki, fövqəladə bir şey olmazsa – məsələn, COVID-19 peyvəndi hamı üçün əlçatan olarsa".

Şirkətin rəsmisi əlavə edib ki, belə bir şəraitdə işləmək qeyri-mümkündür:

“Potensial olaraq daha az inkişaf etmiş bəzi neft emalı zavodlarının bazarı tərk etməsini istisna etmirəm”.

“SOCAR Trading”in fəaliyyəti məsələsinə toxunan M.Almaszadə qeyd edib ki, bundan əvvəl müxtəlif neft növləri üçün ayrı ticarət şöbələri fəaliyyət göstərirdisə, hazırda şöbələr inteqrasiya olunub. Bunun nəticəsi kimi, potensial müştərilərin hansı neft sortuna ehtiyacı yaranacağı daha yaxşı başa düşülür.

Lakin bazar üçün müəyyən müsbət amillər də var.

Belə ki, avqust ayında dünyanın ən böyük neft alıcılarından biri olan Çinə neft idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq gündəlik 11,18 milyon barel təşkil edib. Ölkənin Baş Gömrük İdarəsinin məlumatına görə, ay ərzində Çin 47,48 milyon ton neft alıb. Bu, 2020-ci ilin iyunundakı rekord həcmdən az olsa da, 2019-cu ilin eyni dövründəki idxal həcmlərindən yüksəkdir. Xatırladaq ki, iyun Çin sutkada 12,94 milyon barel neft idxal edib.

Qeyd edək ki, qısamüddətli dövr üçün Çinə neft idxalının azalması gözlənilir: koronavirusun ehtimal olunan ikinci dalğası və qiymətlərin bir qədər yüksəlməsinə görə. Lakın ortamüddətli dövrdə neft emalının sürətlə artması fonunda Çinin xaricdən neft alışının yalnız artım dinamikası nümayiş etdirəcəyi gözlənilir.

Neft hasilatçısı olan Azərbaycana gəlincə, ölkə avqustda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib. Energetika Nazirliyindən verilən məlumata görə, bu ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barel olub. Bunun 584,6 min barelini xam neft, 84,5 min barelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min bareli “Azəri-Çıraq-Günəşli” (AÇG), 124,2 min bareli isə SOCAR ("Azneft" İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə hasil edilib.

“OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barel azaldıb.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır. Qeyd edək ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir. Yəni dekabrda bazarda şərtlər əlverişli olacağı təqdirdə hasilatın bir qədər artırılacağı gözlənilir.

Azərbaycan 8 ayda OPEK+ çərçivəsində neft hasilatını 1,8 milyon ton azaldıb. Bu azalma fonunda qiymətlərdə müşahidə olunan volatillik ölkənin əldə edəcəyi gəlirləri azalda bilər. Lakin nəzərə aldıqda ki, hökumət avqust ayında dövlət büdcəsinə dəyişiklik edərək, onun neftin qiymətinin 35 dollar səviyyəsinə uyğunlaşdırıb, qeyd etmək olar ki, neft bazarında ilin sonunadək gözlənilən dəyişikliklər Azərbaycanda makroiqtisadi vəziyyətə ciddi bir təsirə malik olmayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26