Interposta.Info

“Böyük İyirmilik” ölkələrinin neft görüşü: gözləntilər doğrulmadı

İqtisadiyyat
 11-04-2020, 13:16     324

“Böyük İyirmilik” ölkələrinin neft bazarında vəziyyətə həsr olunmuş iclası 5 saatdan çox davam edib. Musavat.com TASS-a istinadən xəbər verir ki, gözlənildiyinin əksinə olaraq, OPEK+ kimi könüllü olaraq neft hasilatının azaldılması məsələsi, ümumiyyətlə, müzakirə belə olunmayıb. Əksinə, bəzi ölkələr vəziyyəti dramatikləşdirməməyi xahiş ediblər.

Qeyd edək ki, görüşdən əvvəl Səudiyyə Ərəbistanı və Rusiya G20-dəki həmkarlarını – ABŞ, Kanada, Braziliya və Norveç – bazarı tənzimləmək üçün neft hasilatının azaldılması təşəbbüsünə qoşulmağa çağırmışdılar. Bunun zəruri olduğunu iclas zamanı G20-yə hazırda sədrlik edən Səudiyyə Ərəbistanının şahzadəsi Abdul Əziz bin Salman öz çıxışında səsləndirib: “G20 hazırda enerji bazarındakı qeyri-stabilliyi aradan qaldırmaq sahəsində unikal imkana malikdir. Biz təkidlə G20 üzvlərindən, o cümlədən Meksikadan neft bazarını tənzimləmək üçün təcili tədbirlər görməyə çağırırıq”.

Bin Salmanın çağırışı əsassız deyildi. Hesablamalara görə, koronavirus pandemiyası üzündən aprel ayında bazarda neft tələbi sutkada 20 milyon barel azalacaq. Bu zaman azaldılan 10 milyon barel də qiymətləri saxlamağa imkan verməyəcək. Buna görə də OPEK+ ölkələri G20-dən hasilatı ən azı sutkada 5 milyon barel azaltmağı gözləyirdi.

Lakin görüşün yekununa dair kommunikedə neft hasilatının azaldılmasına dair konkret kvotalar əksini tapmayıb. Nazirlər neft bazarını monitroinq edəcək əlaqələdirmə qrupu formalaşdırmaq barədə razılığa gəliblər. Yekun bəyannamədə həmçinin “neft bazarını stabilləşdirmək üçün təcili tədbirlərin görülməsi” zərurəti yarandığı qeyd edilir.

Görüşdən olan daha bir gözlənti – Meksikanın OPEK+ çərçivəsində hasilatın azaldılması sazişinə qoşulmağa razı salınması da özünü doğrultmayıb. Bununla bağlı səsləndirilən fikirlər Meksikanın energetika naziri Rosio Naleni qane etməyib. O, ölkəsinin mövqeyinin dəyişmədiyini elan edib.

Qeyd edək ki, dünən ABŞ Meksikanın azaltmalı olduğu hasilat həcminin - 400 min barelin böyük hissəsini öz üzərinə götürdüyünü açıqlayıb. Əvəzində Donald Tramp Mexikodan hansısa kompensasiya alacaqlarına ümid edir. Dünən gecə Bloomberg agentliyinin yaydığı məlumata görə, Meksikanın OPEK+ razılaşmasına qoşulması üçün danışıqlarda “böyük irəliləyiş” əldə olunub. Agentliyə görə, bu gün nəhayət, OPEK+ sazişi tamamən razılaşdırılaraq yekun sənəd açıqlana bilər./musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26