Interposta.Info

Rusiyanın indi qəbul etdiyi bu qanun Azərbaycanda çoxdan var, lakin... (EKSPERT)

İqtisadiyyat
 24-12-2019, 16:50     381

"Bizdə də sürücülərin iş rejimi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilib. İstər yük avtomobilləri, istər minik avtomobilləri, istər avtobus sürücüləri bu qaydalara uyğun iş və istirahət rejimi seçməlidirlər. Bununla bağlı sadəcə olaraq nəzarət mexanizmi zəifdir”.

Bu sözləri Qaynarinfo-ya sürücülərin iş və istirahət saatları qanunvericiliklə necə tənzimlənir, bu sahədə hansı boşluqlar var, nə kimi tədbirlər görülməlidir və digər sualları cavablandırarkən nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspertin sözlərinə görə, bizdə də bu qanun və qaydaların hətta daha mükəmməli var. Ancaq nəzarət mexanizmi düzgün qurulmadığına görə yol nəqliyyat hadisələri, bədbəxt hadisələr baş verir.

"Məsələn, ötən həftə Qaradağ rayonu ərazisində - Lökbatanda "Mersedes Sprinter” markalı mikroavtobus aşdı və iki nəfər orda həlak oldu. Və məlum oldu ki, bu sürücünün 68 yaşı var, hansıki bizim qanuna görə 65 yaşdan yuxarı şəxsin D kateqoriyası ləğv edilir. Yəni o kateqoriya üzrə maksimum 65 yaşa qədər avtobus idarə etmək mümkündür. Bu qəzada digər bir məsələ də ortaya çıxır. Belə ki, həmin sürücünün o maşına heç bir aidiyyatı olmadığı ortaya çıxıb - nə etibarnaməsi var, nə də tibbi müayinə onun adınadır. Təsəvvür edin, avtobusu avtovağzaldan əsl sahibi çıxardır, yolda da bu sürücüyə verir. Burda məsələnin digər tərəfinə baxaq. Yolda avtobusu ya yol polisi, ya nəqliyyat müfəttişi saxlasa, hər kəs qalır bir yana, sərnişinlər onların üstünə tökülərək niyə qoymursan biz gedək, niyə bizi yolumuzdan saxlayırsan, deyir. Ancaq onları başa salmaq olmur ki, bu sürücünün sənədi, kateqoriyası yoxdur bu maşını sürməyə, bu da onların həyatı üçün təhlükəlidir. Onların bir fikri olur, məni evə aparıb çatdırsın sonra nə olur olsun”.

Elməddin Muradlının sözlərinə görə, vətəndaşlarımızın özləri də bəzən buna məsuliyyətsiz yanaşırlar. Yol polisləri, nəqliyyat müfəttişləri də buna görə dərinə gedə bilmirlər. Amma mənə elə gəlir ki, bu məsələlər artıq həllini tapmalıdır və insanların həyatını qorumaq üçün hər şeydə dərininə getmək lazımdır:
"Sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət olunmalıdır”.

Bəs bu məsələlərə kim nəzarət etməlidir?

Ekspertin sözlərinə görə, buna daşıyıcı şirkətlər nəzarət etməlidir. Buna o halda yol polisi nəzarət edə bilər ki, həmin maşınlarda taxoqraf adlanan cihaz olsun.

"Taxoqraf bahalı cihazdır, xarici ölkələrdə istehsal olunur, onun ölkəyə gətirilməsi bir az maddi məsələlərlə bağlıdır. Ona görə də bunu bütün daşıyıcı şirkətlər və ya sürücülərin alması qəliz məsələdir. Bildiyim qədərilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu istiqamətdə çalışır və müxtəlif ölkələrdə müqayisəli qiyməti təhlil edir ki, gələcəkdə bu cihazları ölkəyə ucuz qiymətə gətirsin. Bu zaman yük avtomobilləri, sərnişin avtobusları da bundan bəhrələnə biləcək. Ümid edirəm ki, bunun bir nəticəsi olacaq, çünki bu cihaz olmadan yol polsi maşını saxlayaraq sürücünün neçə saat ərzində sükan arxasında oturduğunu sübut edə bilmir. Ancaq taxoqraf olanda stasionar postda bu cihaz vasitəsilə bütün məlumatları əldə etmək mümkündür. Bu məlumatlara sürücünün neçə saat sükan arxasında olması, harda və neçə saat dayanması və s. aiddir. Bunlar hamısı vacib şərtlərdir və mən düşünürəm ki, biz bu keçid mərhələsini keçməliyik. İkinci şərt isə yollarda nəzarətin gücləndirilməsidir. Artıq sərnişinlər polisə, müfəttişə hücum çəkdi, qoy çəksinlər, bu sərnişinlərin də cəzası verilsin. Lakin bu cür qanunsuz sərnişindaşınma məsələlərinə son qoyulsun”.

Sərnişinin uzaq məsafələrə işləyən avtobus sürücüsündən həmin maşını idarə edə bilməsi haqqında sənəd istəməsinə də münasibət bildirən ekspert deyib ki, sərnişin bunu edə bilər, ancaq hər sürücünün də buna münasibəti adekvat olmayacaq. Hətta əlbəyaxa davaya qədər gəlib çıxa bilir.
Burda digər məsələ isə avtobuslarda kameraların quraşdırılmasıdır.

"Bütün bu söz-söhbətə son qoymaq üçün avtobuslara kamera quraşdırılmalıdır. Çünki kamera quraşdırılan avtobuslarda bu halların qarşısı alınır, sürücülər qorxur. Bilir ki, kamera çəkir, əgər günah bundadırsa, axşam rəhbərlik o görüntüyə baxaraq onu cəzalandıracaq, işdən qovacaq. Avtobusları kameralarla təchiz etməkdə daşıyıcı şirkətlər maraqlı olmalıdır”.

Qanunlarla sürücülərin iş və istirahət saatının nə qədər olması haqqında da danışan ekspert bildirib ki, qanunda da göstərilib ki, dörd saatdan artıq fasiləsiz avtomobil idarə etmək olmaz. Ümumi iş saatı isə 8 saat nəzərdə tutulub. Ancaq bizdə elə sürücü var ki, bu gün 10 saat, 12 saat dayanmadan avtobus idarə edir. Bunların əksəriyyəti də şəhərlərarası qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərdir.

"Bu sürücülərin istirahəti necə tənzimlənməlidir, bunun üçün hansı tədbirlər görülür”, - suallarını cavablandıran ekspert bildirib ki, bu yaxınlarda nəqliyyat sahəsinə aid olan qanunvericilikdə dəyişiklik edilərək Prezident İlham Əliyevin göstərişi ilə qanuna əlavələr olunub. Bu əlavələrdə hər 50 kilometrdən bir sürücülər üçün istirahət məntəqəsinin yaradılması qeyd olunub. Yəni avtobus və yük maşınları həmin ərazilərdə rahat dayana bilsinlər. Bunun özü faydalı bir iş göstəricisi olsa da, hələ o infrastruktur qurulmayıb. Bu infrastrukturu kim qurmalıdır, necə olmalıdır və digər məsələlər hələ də həll olunmayıb”.

Qeyd edək ki, qonşu Rusiya hökuməti avtobus və yük maşını sürücülərinin işə sərf etdiyi maksimum vaxtı gündə on saatla məhdudlaşdırıb.
Bu barədə dekabrın 24-də Nazirlər Kabinetinin rəsmi saytında məlumat verilib.

Dəyişikliklərə əsasən, avtobus və yük maşını sürücüsünün (icazə verilən çəkisi 3500 tondan çox) nəqliyyat vasitəsini idarə etmək vaxtı gündə doqquz saatdan çox olmamalıdır. Bu müddət on saata qədər artırıla bilər, ancaq bu, həftədə iki dəfədən çox olmamalıdır.

Sürücülərin istirahəti gündə ən az 11 saat olmalıdır.

Yeni tələblər arasında, səfər zamanı sürücülərin vaxtaşırı istirahət intervalı haqda qayda da yer alıb – birinci istirahət səfərin başlanğıcından 4.5 saatdan gec olmayaraq edilməli və ən azı 45 dəqiqə davam etməlidir (fasilələr qırıla bilər, amma minimum müddəti 15 dəqiqədir).

Qeyd olunur ki, bu tələblərə uyğunluq taxoqraf istifadə edilməklə yerinə yetirilməlidir.

Qeyd edək ki, may ayında "Rosavtodor” şirkətinin 2024-cü ilə qədər ağır yük maşını sürücüsü üçün istirahət yerləri şəbəkəsi yaratmağı planlaşdırdığı bildirilib. Federal magistral yollarda təxminən 1.8 min kilometrdən bir yerləşən köhnə meydançalar yenilənəcək və istirahət üçün masalar, skamyalar, işıqlandırma ilə təchiz edilmiş isti tualetlər quraşdırılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26