Interposta.Info

Azərbaycan dördgünlük iş rejiminə hazırdırmı? (ŞƏRH)

İqtisadiyyat
 12-09-2019, 16:11     10 360

Artıq dünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması mövzusu müzakirə edilir. Hətta bəzi ölkələrdə bu rejim artıq tətbiq olunur.

Rusiyada da dördgünlük iş həftəsinə keçməsi müzakirə olunur. Ombudsman Tatyana Moskalkova bu təklifi dəstəkləyib.

Bəs Azərbaycanda bu rejimə keçid etmək mümkündürmü? Ölkə iqtisadiyyatı, əmək bazarı buna hazırdırmı?

"İnterPosta.info"nun məlumatına görə, məsələ ilə bağlı EkoNews-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu rejimə keçid artıq dünyada trend halını alıb:

"Bu yaxınlarda dünyaca məşhur "Alibaba” şirkətinin rəhbəri yaxın 5-10 il ərzində həftəlik 10-12 saat iş rejiminə keçəcəklərini dedi. Çünki süni intellekt və yeni texnikaların iqtisadiyyatda tətbiqi iş saatının qısalmasına səbəb olur. Belə olduğu halda insanların daha çox boş vaxtı olur və onlar bu boş vaxtlarını öz şəxsi inkişaflarına ayıra bilirlər. Bu mövzu Rusiyada da ciddi müzakirə mövzusuna çevrilib. Hətta baş nazir Dmitri Medvedev bununla bağlı açıqlama vermişdi ki, belə bir keçid baş verə bilər”.

İqtisadçı Azərbaycanda da 4 günlük iş rejiminə keçidin mümkün olduğunu deyib:

"Azərbaycanda hələlik bununla bağlı elə bir diskusiyanın açılmasının şahidi olmamışam. Əslində bizdə stiuasiya biraz fərqlidir. İnsanların işləmək həvəsi çox güclüdür. Bu bizim cəmiyyət olaraq resursumuzdur. İnsanlar öz işlərini qurmağa, hətta günün 10-12 saatını işləməyə hazırdılar ki, daha çox gəlir əldə etsinlər. Bu da pis birşey deyil. Əslində çalışqan olmadığımızın bir nümunəsidir. Əgər belə bir şey baş verəcəksə, bu ancaq dövlət işində işləyənlərə aid edilə bilər. Azərbaycanda 918 minə yaxın vətəndaş dövlət orqanlarında çalışır. 4 günlük iş rejimi dövlət işçilərinə aid edilə bilər. Amma kommersiya müəsisələrində, biznes və özəl sektorda belə bir keçidin edilməsi məntiqli və real görünmür. Əsasən özəl sektorda elə sahələr var ki, orada həftənin 7 günü iş gedir. Buna kafeləri, restoranları, mağaza və marketləri aid edə bilərik. Bu sahələrdə belə dəyişiklikm o qədər asan deyil.

Azərbaycanda ən aparıcı sahənin neft-qaz sektoru olduğunu nəzərə alsaq, bu sahədə də iş günlərini azaltmaq mümkün deyil. Çünki bu sahədə hər gün 24 saat iş gedir və neft çıxarma qurğuları dayandırıla bilməz. Buna görə də belə bir addım atılması texniki olaraq mümkün deyil. Bu ancaq məktəblərdə, universitetlərdə və dövlət idarələrində ola bilər. Bu da hökümətin bu məsələyə baxışından asılıdır”.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Bununla yanaşı, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Ancaq istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Onu da qeyd edək ki, dördgünlük iş həftəsinə keçid bir sıra ölkələrdə artıq baş tutub. Hələ ki bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarır. Artıq Yeni Zelandiya, Böyük Britaniya və Yaponiyada da bir çox şirkət işçilərə həftədə 3 gün istirahət verməyə başlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26