Interposta.Info

Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi

İqtisadiyyat
 19-04-2019, 15:04     10 401

Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi çərçivəsində 6 milyard dollar dəyərində olan yeni layihə təsdiqlənib. Musavat.com AÇG layihəsinin operatoru olan bp şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Mərkəzi-Şərqi Azəri” (MŞA) layihəsi “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) tərəfindən təsdiqlənib.

Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə AÇG üzrə birinci müqavilənin(Əsrin müqaviləsi) imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulub.

Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirib: “Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni “Mərkəzi-Şərqi Azəri” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaratmışdır. Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons qeyd edib ki, qərar Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyulan uzunmüddətli hasilat planlarını dəstəkləyir: “Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir.”

Qeyd edək ki, MŞA layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

Xatırladaq ki, AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: : BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%)./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26