Interposta.Info

“Yeni əsrin müqaviləsi” - manata yeni nəfəs

İqtisadiyyat
 16-09-2017, 10:22     10 537

Fikrət Yusifov: “Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaq...”

Sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Yataqların işlənməsinin 2050-ci ilə qədər uzadılması ölkəmiz adına müsbət nəticələr gətirəcəyi bildirilir.

İqtisadçı ekspertlər sazişinin şərtlərinin də Azərbaycanın xeyrinə olduğunu vurğulayırlar. Xüsusilə, “Əsrin müqaviləsi”nin başa çatmasına 7 il qalmış, Azərbaycan tərəfin bu tipli yeni saziş imzalaması və 2050-ci ilə qədər qarantiya almasının gələcək adına ölkəmizin xeyrinə olduğu qeyd olunur. Bu müqavilənin son illərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da cərəyan edən iqtisadi böhranın aradan qaldırılmasına, milli pul vahidimiz olan manatın məzənnəsinin sabit qalmasına ciddi təsir edəcəyi deyilir. Artıq ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı olan narahatçılığın aradan qaldırılmasında da “Yeni Əsrin Müqaviləsi”nin böyük əhəmiyyətinin ola biləcəyi dilə gətirilir.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında mövcud reallıqların istismar müddətini uzatmağa şərait yaratdığını bildirdi: “Əsrin kontraktı”nın müddətinin uzadılması üçün ilk növbədə xarici tərəfdaşlar Azərbaycan tərəfin tələblərini qəbul etməli idilər. Çünki Azərbaycanla əməkdaşlıqda onların marağı kifayət qədər böyükdür. “Əsrin müqaviləsi”nin icra müddəti 2024-cü ildə başa çatır. Mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının potensial imkanları müqavilənin vaxtı başa çatdıqdan sonra da kifayət qədər böyük olaraq qalacaq.

Məhz bu reallıq imkan verdi ki, onların birgə istismar müddəti yenidən uzadılsın. Tərəflər arasında belə bir razılıq o halda əldə oluna bilərdi ki, müqavilənin yeni şərtləri hər bir tərəfi qane etsin. Müqavilənin imzalandığı ötən 22 ildən çox dövr ərzində dünyanın siyasi və iqtisadi müstəvisində Azərbaycanın rolu və çəkisi müqayisə edilməyəcək bir səviyyədə artıb və bu da ona kontraktın yeni layihəsində öz şərtlərini diktə etməyə əsas verdi. Təbii ki, bu şərtlər indi əvvəlkindən daha sərfəlidir. “Əsrin müqaviləsi” imzalanan dönəmlərdə ölkə iqtisadiyyatı dağınıq halda, ictimai-siyasi durum qeyri-sabit bir vəziyyətdə idi. Belə bir şəraitdə biz bu nəhəng kontraktın imzalanmasına nail olmalı idik və ulu öndərin uzaqgörən siyasəti sayəsində buna müvəffəq olduq. Bütün investisiyaların xarici şirkətlər tərəfindən qoyulmasına nail olduqdan sonra, mənfəət neftinin 75 faizinin Azərbaycana çatması şərtinin tərəf müqabillərə qəbul etdirilməsi o dövr üçün çox böyük uğur idi".

Sabiq nazir kontraktın şərtlərinin əlverişli olmasından da söz açdı: “İmzalanmış kontraktla ”Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi vaxtı 2050-ci ilə qədər uzadılır. Yeni kontraktın şərtləri Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək ki, bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış “Əsrin layihəsi” üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaqdır. 23 il ərzində kontraktın icrası “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilməsinə imkan verdi bu proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var və ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26