Interposta.Info

SOCAR-ın Marketinq İdarəsi və Gürcüstandakı qurumlar dizelin keyfiyyəti ilə bağlı məsələyə mövqelərini açıqlayıb

İqtisadiyyat
 27-12-2018, 13:42     10 459

Bu ay Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının tərkibi, əsasən də qurğuşunun miqdarı ilə bağlı yoxlamalar aparıb.

“Report” xəbər verir ki, yoxlamalar nəticəsində yanacaqda qurğuşunun səviyyəsinin hökumətin müəyyən etdiyi keyfiyyət normalarına cavab verdiyi müəyyənləşib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda yerləşən yanacaqdoldurma məntəqələri daxil olmaqla 240 məntəqədən nümunələr götürülüb. Departament əməkdaşları yoxlamaları ilkin xəbərdarlıq olmadan aparıblar.

Nazirlikdən bildirilib ki, götürülmüş nümunələr beynəlxalq akkreditasiyası olan laboratoriyada yoxlanılıb: “Araşdırmanın nəticəsində müəyyən olunub ki, yoxlanılan nümunələrin hamısında qurğuşunun səviyyəsi Gürcüstan hökumətinin müəyyən etdiyi normalara uyğundur”.

SOCAR-ın Marketinq İdarəsi və Gürcüstandakı qurumlar dizelin keyfiyyəti ilə bağlı məsələyə mövqelərini açıqlayıb

Qeyd edək ki, Gürcüstanda yanacağın keyfiyyəti dövlət tərəfindən 2016-cı ildən etibarən monitorinq olunur. Benzin və dizeldə yalnız qurğuşunun deyil, benzol, oktan, kükürd və digər maddələrin səviyyəsi də yoxlanılır.

Yanacaqda hər hansı bir uyğunsuzluq aşkar olunarsa, şirkətlərə 8 min lari (3 min dollardan çox) məbləğində cərimə tətbiq olunur.

Nazirlikdən bildirilib ki, bu cür yoxlamaların məqsədi ölkəyə keyfiyyətsiz yanacaq idxalını azaltmaq və ətraf mühitin mühafizəsini təmin etməkdir.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 991 min ton benzin və dizel yanacağı idxal edib. Noyabr ayında 34,6 min ton dizel yanacağı, 46,3 min ton benzin idxal edilib. Gürcüstana yanacaq Rusiya, Azərbaycan (dizel yanacağı), Rumıniya və Türkmənistandan ixrac edilib.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, Azərbaycan dizel yanacağı Gürcüstandan başqa Əfqanıstan, Türkiyə, Malta, Cəbəllütariq, Livan istiqamətində də ixrac olunur. Məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 409 min ton dizel yanacağı ixrac edilib. "Azərbaycanda dizel yanacağı SOCAR-ın Heydər Əliyevadına Neft Emalı Zavodunda istehsal edilir. İstehsal edilən dizel yanacağının bir hissəsi daxili tələbata yönəldilir, digər hissəsi isə xarici ölkələrə ixrac edilir. Müxtəlif laborator yoxlamalar da göstərib ki, SOCAR-ın ixrac etdiyi, Gürcüstan və Azərbaycanın yanacaqdoldurma məntəqələrində satdığı dizel yanacağının keyfiyyəti eynidir və müxtəlif parametrlərə uyğun standartlara cavab verir".

Bildirək ki, SOCAR-ın Gürcüstanda 119 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət burada Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil edir.

İxrac edilən dizelin keyfiyyəti ilə bağlı Kulevi terminalında da analizlər aparılır.

Dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Xəzər regionunun neft, qaz və kimya bölməsi üzrə əməliyyat meneceri Sofiya Vışko bildirib ki, indiyədək dizeldə sifarişlərə uyğun olaraq müxtəlif parametrlər üzrə analizlər aparılıb.

“Kulevi terminalında dizelin vaqonlardan rezervuarlara boşaldılması, tankerlərə yüklənilməsi, yükün Türkiyə və Avropaya nəql edilməsi zəncirini daim yoxlayırıq. Biz yalnız SOCAR tərəfindən deyil, ondan məhsul alan şirkətlər tərəfindən də sifarişlər alırıq. Şirkətlər alıcıların istəklərinə uyğun olaraq müxtəlif meyarlar üzrə analizlər aparılması üçün sifarişlər verirlər”.

Şirkətin nümayəndəsi bildirib ki, indiyədək aparılan analizlərə əsasən bircə dəfə də keyfiyyətin standarta uyğun olmaması halına rast gəlinməyib.

Aşağıdakı cədvəldə SGS şirkətinin bu ayın əvvəlində SOCAR-a məxsus Kulevi terminalının rezervuarlarından götürülnüm nümunələr əsasında dizel yanacağı ilə bağlı apardığı analizin nəticələrini təqdim edirik:
SOCAR-ın Marketinq İdarəsi və Gürcüstandakı qurumlar dizelin keyfiyyəti ilə bağlı məsələyə mövqelərini açıqlayıb

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26