Interposta.Info

Yüksək neft qiyməti və sabit manat: Bəs həyat səviyyəsi niyə aşağı düşür?

İqtisadiyyat
 13-09-2018, 16:38     10 628

Ekspert: “Ötən 3 ildə yaranan iqtisadi vəziyyət əhalinin gəlirlərinin əhəmiyyətli səviyyədə azalmasına səbəb olub”

“2005-2013-ci illər ərzində dövlət büdcəsinin artım tempi çox sürətli olmuşdu. Bu sürətli artım istehlak iqtisadiyyatının formalaşmasına səbəb olmuşdu. Bu gün isə o institutlar formalaşmayıb və rəaqbət mühiti yoxdur. Xüsusilə qeyri-neft sektoruna xarici investisiya axınını təmin edə bilməmişik, mülkiyyət hüquqları tam müdafiə olunmur və son 15 ildə ölkədə oliqarx iqtisadiyyatı formalaşıb”.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov neftin artan qiyməti fonunda ölkədə iqtisadi artımın aşağı düşməsini şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Son bir ildə neftin qiyməti demək olar ki, davamlı olaraq yüksəlir. Bəzi ekspertlər bildiriblər ki, neft qiymətlərinin qalxmasına elə qlobal iqtisadiyyatın özü rəvac verib. İqtisadi yüksəliş bir qayda olaraq neftə tələbatı artırır. Neftin qiymətinin artmasına baxmayaraq, Azərbaycanda iqtisadi artım neftin yüksək qiymətlərinəə mütənasib deyil. Həm əhalinin həyat səviyyəsi hər ay daha çox aşağı düşür, həm də xidmət sahəsində qiymətlər artmaqda davam edir. Əgər 2015-2016-cı illərdə bunu manatın dəyər itirməsi və neftin qiymətinin kəskin aşağı düşməsiylə əlaqələndirirdilərsə, indi bunu demək mümkün deyil.

Onu da qeyd edək ki, “Sberbank Investment Research” şirkətinin analitikləri 2018-ci ildə Azərbaycanda iqtisadi artımın 2 faizə yüksələcəyini proqnozlaşdırıblar. Analitiklərin hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2017-ci ildə 12,9%-dən 9%-dək azalacaq, tədiyyə balansının profisiti 2017-ci ildə ÜDM-in 1,8%-dən ÜDM-in 3,5%-dək artacaq. Qeyd edək ki, Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5%, orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırır. Cari il Dünya Bankı Azərbaycanda ÜDM artımını 0,9%, Standard&Poor`s agentliyi - 2,7% səviyyəsində proqnozlaşdırır.

Maraqlıdır ki, yüksək neft qiyməti və sabit manat şəraitində qiymətlərin artmasının və həyat səviyyəsinin aşağı düşməsinin səbəbi nədir?

Rəşad Həsənov: “Neftin bahalaşması son nəticədə iqtisadi islahatların tempini azaldır, həmçinin bu islahatlarla bağlı qərarların icrası keyfiyyətini aşağı salır”.

Dünya bazarlarında neftin qiymətinin qalxmasının Azərbaycanda bazara birbaşa olaraq təsir etmədiyini vurğulayan Rəşad Həsənova görə, mövcud şəraitdə bu vəziyyət iqtisadi islahatlar baxımından geriləməyə səbəb olur:

“Məsələ ondan ibarətdir ki, ölkə iqtisadiyyatı neftdən əhəmiyyətli şəkildə asılıdır. Belə ki, ölkə iqtisadiyyatının 40%-ə yaxını, dövlət büdcəsinin gəlirlərindən 60%, ixracın isə 92%-i təxminən neft sektorundan qaynaqlanır və neft gəlirləri fonunda formalaşır. Ancaq bu o demək deyil ki, neftin qiyməti artarsa, son nəticədə əhalinin sosial rifahı yüksələcək. Çünki ortada neft vəsaitlərinin idarə edilməsi məsələsi var.

Neft vəsaitləri yerli qanunvericiliyə görə, öncə Dövlət Neft Fondunda cəmləşdirilir və daha sonra Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer fonunda iqtisadiyyata inteqrasiya edilir. Ona görə də dünya bazarlarında neftin qiymətinin qalxması birbaşa olaraq Azərbaycanda bazara təsir etmir.

Birincisi, neft sektoru dövlət sektorudur və buna görə gələn gəlirlər dövlətin islah qaydalarına uyğunlaşdırılır. Bu halda isə vəsaitlərin bazara inteqrasiyası gecikir və əlavə vaxta ehtiyac olur. Əgər neft qiymətləri qalxırsa, bu proses Neft Fondunun gəlirlərinin artmasına səbəb olur. Sonda hökümət növbəti illərin büdcələrini formalaşdırarkən vəsaitlərdən daha çox xərclənmə haqqında qərarlar qəbul edir. Bu qərarlar son nəticədə büdcənin həcminin artmasına səbəb olur. Beləliklə, xərcləmələr fonunda istehlakçı qabiliyyətinin yüksəlməsinə şərait yaranır.

Hazırda neft sektorunda qiymətlərin artması Azərbaycanda neft hasilatının azalması nəticəsində yaranmış itkiləri müəyyən dərəcədə konsepsiya edir. Yəni, manatın məzənnəsini sabit saxlamaq üçün hökümətə kömək edir. Eyni zamanda hökümət bu imkanlardan istifadə edərək, iyun ayında dövlət büdcəsinə dəyişikliklər edildikdə fonddan ayrılan vəsaitlərin həcmini də artırdı. Ancaq bütövlükdə iqtisadi institutların tam təşəkkül tapmaması, liberal iqtisadi mühitin olmaması xərcləmələr yolu ilə iqtisadiyyatı kəskin şəkildə inkişafdan saxlayır.

Rəşad Həsənov: “Hazırda neft sektorunda qiymətlərin artması Azərbaycanda neft hasilatının azalması nəticəsində yaranmış itkiləri müəyyən dərəcədə konsepsiya edir”.

Ötən 3 ildə yaranan iqtisadi vəziyyət əhalinin gəlirlərinin əhəmiyyətli səviyyədə azalmasına səbəb olub. İndiki halda müəyyən qədər büdcə xərcləmələrinin artması bu dəyərsizləşməni kompensasiya edəcək səviyyədə deyil. Belə bir şəraitdə dünya bazarında neftin qiyməti ilə bu gün ölkə iqtisadiyyatında baş verən proseslər arasında birbaşa əlaqələndirmə yoxdur. Burada dolayı mexanizmlər var və dövlətin həyata keçirdiyi siyasət əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatı neft pullarının iqtisadiyyata daxil olduğu və neft gəlirləri fonunda dövlət büdcəsi iri faizlərlə artdıqda inkişaf edir.

2005-2013-ci illər ərzində dövlət büdcəsinin artım tempi çox sürətli olmuşdu. Bu sürətli artım istehlak iqtisadiyyatının formalaşmasına səbəb olmuşdu. Bu gün isə o institutlar formalaşmayıb və rəaqbət mühiti yoxdur. Xüsusilə qeyri-neft sektoruna xarici investisiya axınını təmin edə bilməmişik, mülkiyyət hüquqları tam müdafiə olunmur və son 15 ildə ölkədə oliqarx iqtisadiyyatı formalaşıb.

Bu amillər hazırda Azərbaycanda müşahidə olunan repressiya və iqtisadi durğunluğun əsas faktorlarıdır. Neftin qiyməti müəyyən qısamüddətli dövr üçün hökümətin maliyyə vəziyyətinə müsbət təsir göstərir. Lakin neftin bahalaşması son nəticədə iqtisadi islahatların tempini azaldır, həmçinin bu islahatlarla bağlı qərarların icrası keyfiyyətini aşağı salır. Bu isə Azərbaycanda nromal iqtisadi mühitin formalaşmasına mane olur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26