Interposta.Info

Dünya yeni maliyyə böhranı astanasında:

İqtisadiyyat
 8-06-2018, 12:25     10 464

Qubad İbadoğlu: “Böhran Azərbaycana o zaman təsir edər ki...”

Dünya Bankının (DB) proqnozlarına görə, yaxın illərdə yeni qlobal iqtisadi böhran gözlənilir. Bu barədə qurumun “Qlobal iqtisadi perspektivlər” icmalında deyilir. İcmalda bildirildiyinə görə, yaxın iki il ərzində qlobal sarsıntılar gözləməyə dəyməz, lakin 2019-cu ildən sonra vəziyyət dəyişə bilər. Bunun səbəbi isə dünya üzrə iqtisadiyyatın artım sürətinin zəifləməsidir.

Belə ki, 2017-2018-ci illərdə dünya iqtisadiyyatı orta hesabla illik ÜDM-in 3,1 faizi həcmində artmışdısa, 2020-ci ildə bu göstərici 2,9 faizə enəcək (virtualaz.org).

Dünya Bankı xatırladır ki, iri maliyyə böhranları təxminən hər 10 ildən bir baş verir. Sonuncu dəfə bu, 2009-cu ildə qeydə alınmışdı.

Xatırladaq ki, amerikalı milyarder Corc Soros da bir müddət öncə mövcud qlobal siyasətin növbəti irimiqyaslı maliyyə böhranına səbəb ola biləcəyini bildirib. Soros hesab edir ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması və idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik Avropa iqtisadiyyatına, o cümlədən Almaniyaya ağır zərbə vuracaq. “Biz növbəti ciddi maliyyə böhranı ilə üzləşə bilərik”, - deyə Soros vurğulayıb.

Onu da qeyd edək ki, İtaliyada baş verən proseslər Avropa Birliyi və dünya iqtisadiyyatı üçün daha bir təhdid mənbəyi hesab olunur. Belə ki, mart ayında bu ölkədə keçirilən parlament seçkilərindən sonra yaşanan hökumət böhranı, nəhayət ki, başa çatıb. Seçkilərdə daha çox səs toplayan populist “Beş ulduz” və “Liqa” partiyalarının formalaşdırdığı hökumət parlament tərəfindən təsdiqlənib. Bu hökumətin başçısı olan Cüzeppe Konte və populistlər Avropa Birliyi qaydalarına qarşı sərt mövqeləri ilə tanınırlar. Onlar seçkiqabağı təbliğat zamanı birlik daxilində yürüdülən sərt iqtisadi siyasəti dəyişəcəklərini, avrozona barədə əsas sazişlərə, xüsusən sabitlik və artım paktına, həmçinin büdcə paktına yenidən baxmağı vəd ediblər. Bu sənədlər İtaliyanı Brüssel tərəfindən müəyyən edilən büdcə vəzifələrini yerinə yetirməyə məcbur edir. Populistlər Avropa İttifaqının prioritetlərini azad bazar liberalizmindən sosial təminata keçirməyi planlaşdırırlar. Onlar İtaliyada sosial layihələrə, məsələn, pensiya və müavinətlərin artırılmasına əlavə olaraq milyardlarla avro pul qoymağa söz veriblər.

Bundan əlavə, ölkənin 2 trilyon 375 milyard avroluq nəhəng xarici borcunu ödəmək niyyətində deyillər. Həmin borclar əsasən alman banklarından alınıb. Ona görə də Almaniya və onun Kansleri Angela Merkeldə İtaliyanın yeni hökuməti ilə bağlı ciddi narahatlıqlar var. Yeni hökuməti formalaşdıran qüvvələr həm də Avropa Birliyinin miqrasiya siyasətindən narazıdırlar, İtaliyaya gəlmiş yarım milyon miqrantı geriyə, Afrikaya qaytarmaq niyyətindədirlər. Təhlükəli məqam budur ki, yeni hökuməti yaradan qüvvələrin İtaliyada nüfuzu sürətlə artır. Bütün bunlar isə bir tərəfdən İtaliyanın özünü, ardınca isə bütövlükdə birliyi ciddi maliyyə böhranı ilə üzləşdirə bilər. Belə ki, Konte hökumətinin parlamentdə dəstəklənməsindən dərhal sonra birjalarda İtaliya və Almaniya qiymətli kağızlarının dəyərsizləşməsi prosesi başlayıb. Bir çox analitiklər bu prosesi Avropada başlayan böyük maliyyə böhranının ilkin mərhələsi kimi qiymətləndirirlər.

Göründüyü kimi, qlobal maliyyə böhranı ehtimalı getdikcə daha da artır. Azərbaycan iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, son zamanlar dünya iqtisadiyyatı siyasi proseslərin təsirlərinə daha çox məruz qalır: “Təəssüflər olsun ki, baş verən proseslər daha çox spekulyativ, siyasi faktorlarla əlaqəlidir. Son dövrlər siyasi sferada baş verənlər dünya iqtisadiyyatında əks olunur. Xüsusilə də maliyyə və valyuta bazarları daha həssasdır. Tramp hakimiyyətinin ABŞ-ın iqtisadi hökmranlığını təmin etmək üçün həyata keçirildiyi vergi, pul-kredit, məzənnə siyasətləri də prosesə təsir göstərir”.

Dünya maliyyə böhranı başlayarsa, bunun Azərbaycana mümkün təsirlərinə gəlincə, Q.İbadoğlunun sözlərinə görə, ölkəmiz dünya iqtisadiyyatına yalnız ticari və investisiya baxımından inteqrasiya olunub: “Bu da elə böyük həcmdə deyil. Bu baxımdan, düşünmürəm ki, böhranın Azərbaycan iqtisadiyyatına ciddi təsirləri olsun. Bu təsir o zaman güclü ola bilər ki, böhran xammal bazarını da əhatə eləsin. Yəni neftin qiyməti böhranın təsiri ilə azalarsa, bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərə bilər. Amma bir məsələ də var ki, neftin qiymətini də proqnozlaşdırmaq çətindir. Məsələn, 2008-2009-cu illərin dünya maliyyə böhranında neftin qiyməti yüksək olaraq qaldı və buna görə də böhranın Azərbaycan iqtisadiyyatına təsiri demək olar ki, hiss olunmadı”.

Dünya valyuta və maliyyə bazarlarında böhran baş verərsə, əsas təsir Azərbaycanın valyuta ehtiyatlarına ola bilər: “Bildiyiniz kimi, Azərbaycanın əsas valyuta ehtiyatlarının cəmləşdiyi Dövlət Neft Fondu vəsaitlərinin böyük hissəsi dollar və avroda saxlanılır. Bundan əlavə, vəsaitlərin bir hissəsi Avropa, ABŞ və Asiya mənşəli qiymətli kağızlara yatırılıb. Bu baxımdan, dünya maliyyə və valyuta bazarlarındakı böhran həmin vəsaitlərə təsir göstərə bilər”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26