Interposta.Info

İqtisadiyyatımızda daha bir yenilik -

İqtisadiyyat
 26-04-2018, 09:26     10 454

Natiq Cəfərli: “Yeni layihələrin həyata keçirilməsində, iş yerlərinin açılmasında ərəb investorları ciddi rol oynaya bilər”
Azərbaycana gələn ərəb turistlərinin sayı artan xətlə inkişaf edir. Son statistikaya görə, bu ilin yanvar-mart aylarında Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb.

Bu artım özü ilə bərabər ərəb investisiyasının da ölkəmizə gəlməsinə səbəb olub. Belə ki, son zamanlar böyük ərəb şirkətlərinin ölkəmizdə nümayəndəlikləri yaradılmaqdadır. Son olaraq Səudiyyə Ərəbistanı vətəndaşı Almari Talal Hussainin təmsilçisi olduğu “Aramco Overseas Company Azərbaycan” dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 min avrodur. "Aramco Overseas Company" neft və kimya sənayesi şirkəti kimi fəaliyyət göstərir. Şirkət həmçinin tədqiqat, texnologiya, mühəndislik, təchizat, kadr və ixtisasartırma xidmətləri təklif edir.

Bundan başqa, “Etihad Airways P.J.S.C” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ahmad Seed Mohammad Ali Ahmaddır.

Eyni zamanda Səudiyyə Ərəbistanına məxsus lou-kost aviaşirkəti olan “Flynas” 2018-ci ilin yayından etibarən Bakıya uçuşlar həyata keçirəcək. Bu barədə “The National” nəşri şirkətin baş direktoru Bəndər əl-Muhannaya istinadən xəbər verir. Baş direktor bildirib ki, bu ilin yayından şirkət beş istiqamət üzrə - Gürcüstan (Tbilisi), Azərbaycan (Bakı), Avstriya (Vyana), Yunanıstan (Afina) və Türkiyə (Trabzon) uçuşlara başlayacaq.

Ərəb ölkələrindən gələn turist sayının artmasını nəzərə alan AZAL da Bakıdan Səudiyyə Ərəbistanının daha dörd şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır. Hazırda Səudiyyə Ərəbistanından olan tərəfdaşlar ilə mayın 15-dən Mədinə şəhərinin hava limanına, Ciddə aeroportuna (mayın 18-dən), Qassim aeroportuna (iyunun 15-dən) və Hail aeroportuna (iyulun 1-dən) müntəzəm reyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır. AZAL aviaşirkəti iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə reyslərin yerinə yetirilməsi barədə artıq razılıq əldə edib.

Bəs, görəsən, ərəb ölkələri ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin güclənməsinə yönələn bu kimi hadisələrdən sonra ölkəmizə daxil olan ərəb investisiyası arta bilərmi? Azərbaycanda ən çox hansı sahə ərəblər üçün cəlbedici ola bilər?

"XeberBiz" xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı-eskpert Natiq Cəfərli bildirdi ki, hər bir ölkənin ən böyük istəklərindən biri daha çox xarici investorun cəlb edilməsidir: “Çünki xarici investor ölkəyə daha çox vəsaitin gəlməsi, iş yerlərinin artması, iqtisadiyyatın canlanması, yeni istehsal sahələrinin yaranması deməkdir. Azərbaycanda xarici investisiyaları bu şəkildə ayırmaq doğru olmazdı ki, ərəb investisiyaları üçün xüsusi bir rejim olsun, digər ölkələrdən investisiya qoyanlar üçün başqa bir rejim olsun. Bu, doğru yanaşma olmazdı. Ümumilikdə Azərbaycanda investisiya mühitinin genişlənməsinə, yaxşılaşmasına ehtiyac var. Bu həm qanunvericilik səviyyəsində bəzi dəyişiklikləri özündə ehtiva edir, həm mülkiyyət toxunulmazlığı ilə bağlı məhkəmələrin işində olan ciddi problemlərin aradan qaldırılmasını tələb edir.

Ümumilikdə isə, ərəb ölkələrindən gələn investorların olması müsbət haldır. O mənada ki, yeni iş yerlərinin yaranmasında, yeni layihələrin həyata keçirilməsində ərəb investorları ciddi rol oynaya bilər. Çünki Ərəbistan yarımadasında 100 milyardlarla investisiya portfeli olan fondlar fəaliyyət göstərir. Səudiyyə Ərəbistanında, Küveytdə, Qətərdə bu cür fondlar var. Həmin investisiya fondlarının Azərbaycana cəlb olunması çox yaxşı olardı ki, gələcəkdə hansısa iri layihələrin həyata keçirilməsi dövlət büdcəsindən yox, məhz həmin fondlardan maliyyələşsin".

İqtisadçının fikrincə, Azərbaycanda xarici investisiyanın yatırılması üçün cəlbedici olan çox az sahə var: “Bu əsasən turizmdir, kənd təsərrüfatı və neft sənayesidir. ”Aramco Overseas Company" Səudiyyə Ərəbistanının ən böyük neft şirkətidir. Ola bilər ki, bu şirkət neft emalı üzrə müəyyən layihələrlə bağlı Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır. Xarici investorların, o cümlədən ərəblərin Azərbaycanın kənd təsərrüfatı sektoruna marağı yaranıb. Ölkəmizin kənd təsərrüfatı məhsullarının Ərəbistan yarımadasına ixrac olunması üçün kifayət qədər münbit şərait var. Son iki ildə ərəblərin Azərbaycan turist səfərlərində də ciddi artım nəzərə çarpır. Çünki ərəb turistləri bizdəki ortamı daha çox bəyənirlər. Azərbaycanın müsəlman ölkəsi olması, həmçinin ölkədə sabitliyin, təhlükəsizliyin olması səbəbindən onlar burada daha rahatdırlar. Öz ölkələrində müəyyən qadağaların tətbiq olunduğunu nəzərə alsaq, burada istədikləri kimi əylənə və dincələ bilirlər. Bütün bunlar Azərbaycanı ərəb turistləri üçün də , ərəb investorları üçün də cəlbedici edir. Daha çox təşviq proqramları tətbiq etməklə bu marağı bir qədər də artırmaq lazımdır. Təkcə ərəblər üçün deyil, Avropadan, Amerikadan, Kanadadan, Yaponiyadan , Çindən gələn investorlar üçün də Azərbaycan münbit bir məkana çevrilsin".

Natiq Cəfərli hesab edir ki, gələcəkdə ərəb yatırımçıların vəsaiti ilə Azərbaycanda otel şəbəkələrinin tikintisinə başlanıla bilər: “Bir müddət belə söhbətlər dolaşdı ki, ərəblər tikinti sektoruna daha çox yatırım edəcəklər. Ancaq reallıq onu göstərir ki, tikinti sektoruna və daşınmaz əmlak bazarına elə bir ciddi investisiya olmadı. Məlumatlar var ki, Azərbaycanın səfalı regionlarında torpaq sahələri və ya daşınmaz əmlak alırlar. Çox az da olsa, belə faktlar var. Lakin kütləvi şəkildə tikinti sektoruna ərəb investisiyasının axın etdiyini demək olmaz. Bu sahədə də bazara güclü nəzarətin olması , əlavə oyunçuların gəlməsinə qısqanc yanaşma da buna təsir edir. O baxımdan düşünmürəm ki, yaxın zamanlarda belə bir ciddi maraq ola bilər. Səudiyyə fondları dəfələrlə Azərbaycanda geniş otel şəbəkələrinin yaradılmasında maraqlı olduqlarını bildiriblər. Ola bilər ki, gələcəkdə turist sayının artmasına paralel olaraq ərəb investisiyasının iştirakı ilə ölkəmizdə otel şəbəkələri tikilsin.

Ekspertin sözlərinə görə, yeni aviareyslərin açılması daha çox turist axınına səbəb ola bilər:
“Əgər belə bir tələbat olmasaydı, heç bir aviaşirkət öz ziyanına olan xətlərin açılmasına getməzdi. Deməli, belə bir tələbat var ki, əlavə xətlərin açılması üçün şərait yaradılıb. Sadəcə, ölkəmizdə bu məsələ kökündən həll olunmalıdır, xarici aviaşirkətlərin birbaşa Azərbaycan bazarına çıxışına imkan yaradılmalıdır. Bu sahədə AZAL-ın hegemonluğu yüksəkdir. AZAL-ın razılığı olmayan, bu şirkətlə birgə həyata keçirilməsi razılaşdırılmayan uçuşların həyata keçirilməsi, demək olar ki, mümkünsüzdür. Azərbaycanda şirkətlərin birbaşa iştirakı üçün bazar daha liberal olmalıdır. Məsələn, Gürcüstanda 12 aviaşirkət birbaşa bazarda fəaliyyət göstərir. Bu şirkətlər öz fəaliyyətlərini sıfırdan qurublar, bilet satışından tutmuş qiymətlərə qədər bütün siyasəti özləri aparırlar. Azərbaycanda da bununla bağlı addımların atılmasına ehtiyac var. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, aviadaşıyıcılar sahəsində AZAL-ın inhisarçılığına son qoyulmalıdır, rəqabətli mühit yaradılmalıdır ki, digər şirkətlər , xüsusən də lou-kost şirkətlər Azərbaycan bazarına sərbəst şəkildə daxil ola bilsinlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26