Interposta.Info

“Azərbaycandan gedənlərin sayı ölkəyə gələnlərdən 441 min nəfər çoxdur”

Gündəm
 30-05-2018, 20:11     10 493

"Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyon 289 min nəfər olub ki, bu da ölkəyə gələn turistlərin sayından 441 min 400 nəfər çoxdur"

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu sosial hesabında yazıb. Ekspert Azərbaycandan gedən vətandaşlar ilə ölkəyə gələn turistləri müqayisə edib.

"XeberBiz" ekspertin sözügedən yazısını sizlərə təqdim edir:


"Azərbaycandan gedənlərin sayı ölkəyə gələnlərdən 441 min 400 nəfər çoxdur.

Gürcüstana 1 ayda gələn turistlərin sayı Azərbaycana 3 ayda gələnlər qədərdir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 847 min 600 nəfər və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Göründüyü kimi, ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yarısı Rus və Gürcüstan, dördə biri isə İran və Türk vətəndaşlarıdır. Amma ölkədə daha çox ərəb və farslar turist kimi diqqəti cəlb edir.

Ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22,0 faizi yanvar, 19,6 faizi fevral, 32,7 faizi mart, 25,7 faizi isə aprel ayında ölkəyə gəlmişdir. Maraqlıdır ki, ötən 4 ayda ölkəyə daha çox əcnəbi mart ayında gəlib. Görünür ki, bu Novruz bayramı ilə əlaqədardır.

O da maraqlıdır ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6 faizi dəmir yolu və avtomobil, 38,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyon 289 min nəfər olmub ki, bu da ölkəyə gələn turistlərin sayından 441 min 400 nəfər çoxdur. Azərbaycan vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiya Federasiyasına, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Göründüyü kimi, Avropaya və ABŞ-a gedən Azərbaycan vətəndaşların sayı çox azdır.

Bunun başlıca səbəbi visa tələbinin olması və onu əldə etmək sahəsində mövcud çətinliklərlə bağlıdır.

Müqayisə üçün onu da qeyd edim ki, Gürcüstana orta hesabla 1 ayda gələn turistlərin sayı Azərbaycana 3 ayda gələn qədər olur. Bu il Gürcüstana 8 milyondan artıq turist, turizmdən 3 milyard dolar gəlir gözləyir. Azərbaycanın gözləntisi isə 2,5 milyon nəfərdir."

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26