Interposta.Info

Dünya dollardan imtina isterikasında

İqtisadiyyat
 28-03-2018, 10:07     10 436

Ekspert: “Dollara əsas zərbə avrodan gələ bilər”

ABŞ prezidenti Donald Trampın proteksionist iqtisadi addımlarından sonra dünyanın ən iri mərkəzi bankları dollarda olan şəxsi ehtiyatlarını ixtisar edərək, avroda olan ehtiyatları artırmaq niyyətindədirlər.

Bu barədə “Bloomberg” analitiklərə istinadən bildirib. Məlumata görə, hazırda bütün dünyada valyuta ehtiyatlarının təxminən 64 faizi ABŞ valyutasında qorunur. Avropa valyutasının payına isə cəmi 20 faiz düşür. Lakin analitiklərin fikrincə, bu gün avronun alışı üçün mövcud şərtlər “heç zaman olmadığı kimi cəlbedicidir”. Bununla birlikdə, bazardakı vəziyyət heç də Amerika dollarının xeyrinə deyil.

Uoll Stritin aparıcı analitiklərindən biri Yens Nordviqin fikrincə, 2020-ci ilə qədər 500 milyard dollardan çox valyuta ehtiyatı avroya keçiriləcək (virtualaz.org)

Mərkəzi bankların dollara yanaşması dəyişərsə, bu, dünya iqtisadiyyatında hansı dəyişikliklərə gətirib çıxara bilər? Ehtiyatların avroya keçirilməsi dünya bazarlarında dollarla ticarətə təsir edə bilərmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, son on ildə dünyada ehtiyatların valyuta tərkibinin şaxələndirilməsi siyasəti yürüdülür: “Bununla da mərkəzi banklar öz ehtiyatlarını dünya valyuta bazarında baş verən dəyişikliklərdən sığortalamağa çalışırlar. Burada daha mühafizəkar yanaşmalar da ortaya qoyulub. Çin, İran, Rusiya, son dövrlərdə Türkiyə kimi ölkələr qarşılıqlı ticarətdə ABŞ dollarından imtina edərək, milli valyutalara keçilməsinə cəhdlər edirlər. Müşahidələr onu göstərir ki, hələlik dönərliliyinə və etibarlılığına görə dollarla müqayisə ediləcək başqa bir valyuta formalaşmayıb. Düzdür, bu gün Beynəlxalq Valyuta Fondunun səbətində 7 valyuta təmsil olunur. Bura Çin yuanı da əlavə edilib. Lakin qlobal rezervlərin tərkibinə baxdıqda, 83,5 faiz ehtiyatların dollar və avroda saxlandığını görürük. Bunun da 63,5 faizi dollarla olan rezervlərdir Yəni 10 trilyondan artıq olan qlobal rezervlərin 6,9 trilyonu dollarladır”.

Ekspert deyir ki, Trampın prezident olmasından sonra dünyada dolların mövqeyinin zəifləməsi prosesi gedir: “Bu proses çərçivəsində yaxın dövrlərdə Çin yuanı, İngiltərə funtuna, Avroya meyllilik arta bilər. Yapon yeni də mövqeyini saxlayacaq. Əgər söhbət 500 milyardlıq bir məbləğdən gedəcəksə, bu, çox böyük bir vəsaitdir. Qlobal rezervlərin 7 faizi deməkdir. Bu qədər vəsaitin dollardan başqa valyutaya keçirilməsi dünya iqtisadiyyatında ciddi dəyişikliklərə, valyuta bazarlarında çaxnaşmalara səbəb ola bilər. Düşünürəm ki, belə dəyişiklik indiki şəraitdə dünya iqtisadiyyatı baxımından heç də əlverişli deyil. Dolların belə zəifləməsi ehtiyatları bu valyutada olan ölkələr üçün xüsusilə ciddi problemlərə gətirib çıxara bilər”.

R.Həsənovun sözlərinə görə, hazırda dünya iqtisadiyyatındakı əlavə dəyərin dörddə biri ABŞ-da yaradılır: “ABŞ iqtisadiyyatı əlavə dəyərin yaradılması baxımından çox böyük uğurlar əldə edib. Məsələn, bu gün Çin iqtisadiyyatında yaradılan 10 milyardlıq istehsalın yaratdığı əlavə dəyəri Hollivudun bir filmi rahatlıqla yarada bilir. Bunun səbəbi odur ki, Çin iqtisadiyyatı daha çox aşağı keyfiyyətli məhsul istehsal edir deyə əlavə dəyər yaratmaq potensialı da zəifdir. Eyni zamanda idarəetmə də mühüm əhəmiyyət kəsb edir. Baxmayaraq ki, Trampın hakimiyyətdə olması ABŞ-a münasibəti müəyyən qədər dəyişir, bu ölkə hələ də demokratik idarəetmə sisteminə görə dünyada öndə gedir. Bu baxımdan, kimsə ABŞ-a simpatiyasına görə onun valyutasından istifadə etmir. Mərkəzi banklar ehtiyatların valyuta tərkibini müəyyənləşdirərkən valyutaların dayanıqlığına önəm verirlər. Eləcə də investorlar. ABŞ dollarının arxasında dünyanın ən demokratik idarəetmə sistemi, dünya iqtisadiyyatınınsa dörddəbiri dayanır. Bu güvən digər heç bir valyutada yoxdur hələ ki. Məsələn, Çində birpartiyalı, demokratiyadan uzaq bir idarəetmə sistemi var. Sabah bu ölkədə bir dəyişiklik, demokratikləşmə baş verərsə iqtisadiyyatın necə olacağı bəlli deyil”.

Müsahibimiz hesab edir ki, dollara ən böyük zərbə Avropa Birliyi və avrodan gələ bilər: “Bu gün Avropa Birliyi ehtiyatlarının tərkibində dolları azaldıb, avronu çoxaltmaq istəsə, bu, dünya bazarlarında ciddi problemlərə yol aça bilər. Düşünürəm ki, Avropa Mərkəzi Bankı belə problemlərin yaranmasını istəməyəcək, dəyişiklik ediləcəksə də, bu, çox uzunmüddətli dövrdə və tədricən aparılacaq”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26