Interposta.Info

Azərbaycan iqtisadiyyatında şaxələnmə - perspektivdə nələr gözlənilir...

İqtisadiyyat
 27-01-2018, 09:18     10 428

Ekspertlər islahatların davam etdirilməsini zəruri sayırlar

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının vacibliyi böhran illərində daha qabarıq hiss olundu. Neftin dünya bazar qiymətinin kəskin enişi ondan asılı olan Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaratdı, milli valyuta iki dəfədən çox dəyər itirdi, bahalaşma, inflyasiya sürətləndi.

Böhran iş yerlərinin bağlanması, insanların gəlirlərinin azalması ilə də müşayiət olundu. Nəhayət, ölkənin maliyyə-bank sektorunda ciddi problemlər yarandı, bu sahədə vəziyyət hələ də normal məcrasına qayıtmayıb,13 bank bağlanıb, daha 4-5 bankın da eyni aqibəti yaşaması gözlənilir. Bütün bunlar hökumətin qeyri-neft sektorunun inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirməyə, bir sıra istiqamətlərdə islahatlar başlatmağa sövq etdi.

Görülən təbirlər nəticəsində qeyri-neft sektorunda müəyyən canlanma hiss olunmaqdadır. Belə ki, rəsmi statistikaya görə, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Bu isə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixracın 24 faiz artması deməkdir. Ötən il ərzində meyvə-tərəvəz ixracından 503 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracından 118 milyon, plastmasa və onlardan hazırlanan məmulatların ixracından 101 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracından 83 milyon, kimya sənayesi məhsullarının ixracından 80 milyon, pambıq ixracından 52 milyon, elektrik enerjisinin ixracından 51 milyon, şəkər ixracından 39 milyon, çay ixracından 10 milyon ABŞ dolları gəlir əldə edilib.

Bu göstəricilərdən çıxış edərək, Azərbaycan iqtisadiyyatının şaxələndiyini söyləmək mümkündürmü? Bu istiqamətdə başladılan işləri, əldə olunan nəticələri nə qədər qənaətbəxş saymaq olar?

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, əldə olunan nəticələr hələ ki, iqtisadiyyatımızda şaxələnmənin çox zəif olduğunu deməyə əsas verir:
“İqtisadiyyatın diversifikasiyalaşma səviyyəsini qiymətləndirmək üçün əsas indikatorlardan biri ixracın strukturudur. Azərbaycanın ixracatının 90 faizə yaxınını neft, neft məhsulları və qaz təşkil edir. Düzdür, 3 il əvvəl bu göstərici 92 faiz idi, indi 90 faizə düşüb. Amma bu azalmanı iqtisadiyyatın divesifikasiyası baxımından ciddi bir uğur kimi qiymətləndirmək mümkün deyil. Bu rəqəm göstərir ki, ölkədə çoxşaxəli modelə keçid çox ləng gedir”.

Lakin N.Cəfərlinin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər başlanıb, xüsusilə kənd təsərrüfatı ixracının artımı baxımından yaxşı nəticələr əldə olunmaqdadır: “Burada əsas problem qurulmaqda olan modeldə xammal ixracına əsaslanmasıdır. Biz elə nefti də xammal kimi satmağa köklənmişik. Kənd təsərrüfatı məhsullarını da daha çox xammal kimi satırıq. Halbuki son məhsulun əldə olunması, son məhsulun ixracının qurulması ilə daha böyük gəlir əldə etmək mümkündür. Bu sahədə Macarıstan böyük uğur əldə edib, çox səmərəli model qurulub. Bizdə də son məhsula hesablanmış modelin, özü də qısa müddətdə tətbiq olunmasına ciddi ehtiyac var”.

Milli Məclisin üzvü, millət vəkili Vahid Əhmədovun fikrincə, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində başladılan islahatlar tezliklə ciddi nəticələrini verəcək:
“Bildiyiniz kimi, cənab prezidentin fərmanı ilə iqtisadiyyatda böyük islahatları nəzərdə tutan strateji yol xəritələri təsdiqləndi. Ondan sonra başlanan işləri mən çox yüksək qiymətləndirirəm. Əgər proses belə davam edəcəksə, qeyri-neft sektorunun inkişafı baxımından ciddi nəticələr olacaq. Xüsusilə son vaxtlar regional əhəmiyyətli layihələrin həyata keçirilməsi, Bakı-Tiflis-Qars dəmiryol xəttinin istifadəyə verilməsi, Azərbaycanın nəqliyyat dəhlizi mərkəzinə çevrilməsi, biz bu yaxınlarda qanun da qəbul edəcəyik - Ələt Azad İqtisadi Zonasının yaradılması, sənaye parklarının, rayonlarda sənaye məhəllələrinin, aqroparkların yaradılması kimi tədbirlər müəyyən müddətdən sonra uğurlu nəticələr verəcək. Düzdür, biz istəyirik ki, yaxşı nəticələri tez əldə edək. Lakin bu işlərin nəticələrini qiymətləndirmək, real gəlirlər əldə etmək üçün azı 2-3 il də bundan sonra vaxt keçməlidir. Yəni strateji yol xəritələrində nəzərdə tutulan işlər həyata keçirilsə, heç bir problem olmayacaq”.

Millət vəkilinin fikrincə, neftin dünya bazar qiymətinin artması qeyri-neft sektorunda başladılan işləri yarımçıq saxlamaq üçün əsas ola bilməz:
“Cənab prezident Davosda da qeyd etdi ki, neft daimi deyil, onun tükəndiyi dövrə hazır olmaq lazımdır. Ona görə də biz qeyri-neft sektorunun inkişafına böyük diqqət yetiririk. Düşünmürəm ki, neftin indiki qiymətləri uzunmüddətlidir. Bu qiymətlər müəyyən proseslərin təsiri ilə yaranıb, onlar bitəndə qiymətlər də aşağı düşəcək. Bu baxımdan, başlanan işlərin dayandırılacağını gözləmirəm”.

V.Əhmədov onu da bildirir ki, hazırda Azərbaycan iqtisadiyyatının əsas problemli sahəsi bank sektorudur:
“Bank sistemindəki vəziyyətdən çox narahatam. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların sağlamlaşdırılması istiqamətində ciddi işlər görür, lakin hələ bu sahədə problemlər qalmaqdadır. Xeyli bank bağlanıb, amma düşünürəm ki, bu, çıxış yolu deyil. Bankların bağlanması özüylə çoxsaylı problemlər də gətirir. Biz bankların təmərküzləşməsinin tərəfdarıyıq. Dövlət üzərinə düşən işləri - infrastrukturun yaradılması işini həyata keçirir. Lazımdır ki, banklar-biznes-əhali əlaqələri də elə müstəviyə çatsın ki, problemlər yaranmasın. Biznes, əhali kredit üçün banka yalvarmasın, bank özü onların yanına gəlsin çoxsaylı və əlverişli kredit şərtlərilə”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26