Interposta.Info

Ekspert:

İqtisadiyyat
 11-01-2018, 13:40     10 493

Dünən prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı ilkin məlumatları açıqlayıb. Nazir büdcə gəlirlərinin təsdiq olunandan 319 milyon manat, xərclərinin 353 milyon manat, defsitinin 34 milyon manat az icra olunduğunu bildirib. Bu isə o deməkdir ki, 2017-ci il son 15 ilin ən çox büdcə defsiti olan il olub. Kəsirin məbləği 1.141 milyard manat dəyərində qeydə alınıb.

Qaynarinfo məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

- 2017-ci ildə büdcədə bu qədər ciddi kəsirin yaranma səbəbi nədir?

- Bu əvvəla 2017-ci ilin son 2 rübündə nəzərdə tutulmamış bəzi əlavə xərclərin yaranması ilə bağlıdır. Çünki bu xərclər üçün büdcədən vəsait ayrılmamışdı. Və həmin əlavə xərclər büdcə hesabına ödənildi. Bu kimi xərclər də büdcədə kəsirlərin yaranmasına gətirib çıxardı. Bunlar da əsasən ölkədən xaricdə həyata keçirilən layihələr və həmin layihələrin ölkə daxilində də inkişaf etdirilməsi ilə əlaqədar oldu.

- Hazırki maliyyə vəziyyətini ölkə iqtisadiyyatı üçün təhlükəli hal kimi qiymətləndirmək olar?
- Yox, təhlükəli hal deyil. Çünki mövcud kəsir idarə oluna biləcək səviyyədədir. Bəzi xarici ölkələrdə kəsirlər bizdən qat-qat çoxdur. Amma tendensiyanın özü gələcəkdə təhlükəli ola bilər. Yəni, bu vəziyyət davam etsə, hər il Azərbaycanda büdcə kəsrlərində artım qeydə alınsa, bu gələcəkdə maliyyə vəziyyətimiz üçün təhlükə yarada bilər. Ancaq hələ ki, idarə olunan səviyyədədir. Maliyyə Nazirinin də bundan sonra görməli olduğu iş ondan ibarət olmalıdır ki, 2018, 2019, 2020-ci illə r ərzində büdcə kəsrinin kəskin artmasının qarşısını alsın və yaxud da büdcənin maliyyələşdirilməsi üçün əlavə mənbələrin tapılması üçün plan hazırlasın.

- Hazırda neftin qiyməti hər ötən gün artır. Bu 2018-ci ilin büdcəsinə nə kimi müsbət təsir göstərə bilər? Və ya əksinə 2018-ci ildə iqtisadiyyatla bağlı hər hansı təhlükəli vəziyyətdən danışmaq olarmı?
- Ötən 2017-ci ildə Azərbaycanda 4 milyard manatadək artım da müşahidə etdik. Yəni, 2018-ci ilin büdcəsi 4 milyard manat artımla icra olunacaq. Bu əslində müsbət qiymətləndiriləcək məqamdır. Çünki büdcənin artması yeni layihələrin həyata keçirilməsi və yeni iş yerlərinin açılması deməkdir. Mənfi cəhət isə ondan ibarətdir ki, Azərbaycanda köhnə modelə, büdcə xərcləmələri hesabına inkişafı təmin etmə modelinə geri dönülür. Və əsas narahatedici amil budur. Amma ümumilikdə bu il ciddi maliyyə çətinliklərinin olacağını gözləmirəm. Və may ayına qədər neftin qiyməti bu səviyyədə qalarsa, düşünürəm ki, hətta may ayında büdcəyə yenidən baxılsın, gəlir və xərc hissələri yenidən artırılsın.

- 2018-ci ildə devalvasiya gözlənilir?

- İndiki neft qiymətləri ilə çətin ki, bu kimi kəskin addımlar olsun. Bu gün manatın məzənnəsinin 1,70 səviyyəsində sabit qalmasında həm biznesin, həm dövlətin marağı demək olar ki, üst-üstə düşür. Və hökumət manatın məzənnəsini bundan çox möhkəmləndirmək də istəmir. Çünki manat daha da möhkəmlənərsə, qeyri-neft sektoru ilə bağlı planlar baş tutmaya bilər. Ona görə də bu istiqamətdə ciddi dəyişikliklər olacağı gözlənilmir. Amma Azərbaycanda hazırda başqa bir maraqlı tendensiya var. Dollar-manat məzənnəsi inzibati nəzarət mexanizminə əsasən sabit saxlanılır, ancaq manatın digər valyutalara məzənnəsi tez-tez dəyişir. Məsələn, keçən il avroya qarşı manat 15 faiz dəyər itirmişdi. Bu il də həmin sxem, həmin formulun saxlanılacağını düşünürəm. Yəni, düşünürəm ki, bu il Mərkəzi Bank dollar-manat məzənnəsini sabit saxlamağa çalışacaq, digər valyutalara nəzərən isə manatın daha oynaq olacağını və tez-tez dəyişəcəyini gözləyirəm.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26